adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 11:44
142
ƏDƏBİYYAT
A- A+

 Elmin 18 yaşında tarix yazdı...

Elmin özünü tanıyanda Vətənini  canından da   də çox sevib. Məhz buna görə  44 günlük haqq savaşımızda  son damla qanına qədər  yağı düşmənlə döyüşdən qalmayıb. Ömrünün 18-ci ilində sinəsini torpağa  sipər edərək şəhidlik zirvəsinə yüksəlib,   adını tarixin yaddaşına yazıb. Beləcə, bu Vətən sevdalısı böyük bir xalqın qürur yerinə, iftixar mənbəyinə çevirməklə gələcək nəsillər də örnək olacaq bir həyat yolu keçib. Şəhidinə ehtiramın ifadəsi olaraq  dövlət də öz igid oğlunu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin azadlığına görə, “Cəsur döyüşçü”  medallarla təltif edib.  

  2002-ci il iyun ayının 24-də Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya göz açan Elmin Elməddin oğlu Bayramov  vətənpərvərlik ruhunda böyüyüb, xalqa, dövlətçiliyə sədaqət, doğma Azərbaycanın hər qarışını özünə əziz bilmək onun əsas amalı olub.  Milləti yaşatmaq, yurda  dayaq durmaq istəyi ilə qəlbi döyünən Elmin orta məktəbi yaxşı qiymətlərlə başa vursa da, Qarabağın azadlığı naminə ordu sıralarında xidmət etməyi  ən ləyaqətli iş sayıb.  Və saf, təmiz, ürəyi yaxşı arzularla dolu, hələ həyatın sevincini dadmamış, bərkini-boşunu görməmiş   yeniyetmə 2020-ci ilin ortalarında  cəbhə bölgəsində  əsgər paltarı geyinib  Vətənin keşiyində  durub. Xidmət zamanı fədakarlığı, mərdliyi ona hörmət qazandırıb. İntizamlı əsgər olaraq komandirlərinin tapşırıqlarını vaxtında, düzgün yerinə, yetirib, qatıldığı hərbi   təlimlərdə həmişə fərqlənib. Hər ötən gün sanki Elminə bir sınaq olub, xarakteri daha da möhkəmlənib.  Vətən  torpağı üçün canını qurban verməyə  hazır olan igid əsgər  Ali Baş Komandanın  döyüş əmrini səbirsizliklə  gözləyib.

2020-ci il sentyabrın 27-də Elminin  hələ məktəb illərində gözlədiyi məqam gəlib çatıb. ”Təki Vətən sağ olsun”- deyib yağıya qan qusdurmaq üçün döyüşə girib. Amansız müharibə meydanında misilsiz  şücaəti əsgər yoldaşlarına da ruh verib. Müqəddəs üçrəngli qələbə bayrağımız azad olunmuş torpaqlarda dalğalananda Elminin erməni dığalarına nifrəti,  qisas hissi birə-beş  artıb. Necə deyərlər, ölümü öldürüb irəliləyən igid əsgər   hər döyüşə girəndə  məhv etdiyi düşmənin sayı  bilinməyib. Həmçinin Elmin  anında onunla  çiyin-çiyinə  vuruşan  yoldaşlara da sipər olmağı bacarıb.  Vətən məhəbbəti  isə öz ürəyi sevdalı oğlunu neçə-neçə ağır ölüm-dirim  savaşından zəfərlə, üzüağ çıxardıb.

Elmin  Bayramov  oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərə müqəddəs Şuşaya tezliklə   zəfər bayrağı sancmaq inamı ilə qatılıb. Təəssüf ki,  bu onun müharibə meydanında son savaşı olub. Düşmən gülləsi Elminin arzularla dolu ürəyinə dəyib.  Vətən yolunda canından keçən Biləsuvar elinin qəhrəman oğlu  milyonların ürəyində özünə əbədi məkan qurub.

Bəli, Elmin Bayramovun   həyatı  olduqca  qısa oldu. O, Azərbaycan və dünyanın hər tarixinə qızıl  hərflərlə yazılan  44 günlük haqq savaşında qazanılan  qələbəmizin qəhrəmanlıq simvoluna  çevrildi. İndi bütün   xalq onunla fəxr edir. Qərinələr ötsə, nəsillər  bir-birini  əvəz etsə belə Elmin heç vaxt unudulmaz...

Zəfər O RUCOĞLU, 

 Azərbaycan Jurnalistlər Birliyinin üzvü