01 Oktyabr 2025 19:34
85
İDMAN

Azərbaycanın 24 boksçusu yarımfinalda mübarizə aparacaq

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında 1/4 final mərhələsinə yekun vurulub.

Adalet.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan millisinin daha 6 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Əli Əliyev (48 kq) 1/4 finalda Muhammedali Kanibekovla (Qırğızıstan) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Baltin Korqanbeklə (Qazaxıstan) üz-üzə gələcək.

Əflatun İsmiyev (57 kq) Artyom Pançenkadan (Belarus) güclü olub. O, rinqdən 4:1 (29:28, 29:28, 29:28, 30:27, 27:30) hesablı qələbə ilə ayrılıb. İsmiyev finala gedən yolda Akbarjon Abdulloyevlə (Tacikistan) döyüşəcək.

Eyni çəki dərəcəsində Raul Heydərli də Oyunlara qələbə ilə başlayıb. Boksçumuz Ulas Alimjanı (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). O, yarımfinalda Bobomurod Boymirzayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Toğrul Quliyev (60 kq) Muhammedemin Beqenjovla (Türkmənistan) dueldən qalib ayrılıb. O, üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. Quliyev yarımfinalda Otabek Nurmahamadovu (Özbəkistan) sınağa çəkəcək.

Şahin Aslanov (60 kq) MDB Oyunlarının 1/4 finalında Yusuf Qurbonova (Tacikistan) gücünü göstərib. 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz yarımfinalda Dmitri Klyuşnikovla (Rusiya) qüvvəsini sınayacaq.

Əli Abaslı (52 kq) isə yarımfinal yolunda Xudaverdi Abidjanovu (Qırğızıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27). Boksçumuz növbəti görüşünü Xangeldi Lukmanova (Türkmənistan) qarşı keçirəcək.

Beləliklə, MDB Oyunlarının yarımfinalında mübarizə aparacaq Azərbaycan boksçularının sayı 24-ə yüksəlib. Onlardan 14-ü oğlanların, 10-u qızların yarışında rinqə çıxacaqlar. Bu idmançılar, həmçinin özləri üçün azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, qız boksçuların yarımfinal döyüşləri oktyabrın 2-də, oğlanların mübarizəsi ertəsi gün olacaq.