adalet.az header logo
  • Bakı -°C
26 May 2026 19:00
93
MƏMLƏKƏT
A- A+

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırdı

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin aprel–may aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi rayonlarda intensiv yağıntılar, torpaq qatının həddindən artıq nəmlənməsi, çay vadilərində eroziya proseslərinin güclənməsi və geoloji dayanıqsızlıq səbəbindən bir sıra sürüşmə hadisələri qeydə alınıb. Bu proseslər xüsusilə Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal-şərq hissəsi, Talış dağ sistemi və Abşeron yarımadasının bəzi sahələrində daha qabarıq müşahidə olunub.

Bu barədə Adalet.az-a institutdan məlumat verilib. Qeyd olunub ki, hadisələr yaşayış məntəqələri, kənd təsərrüfatı torpaqları, avtomobil yolları, kommunikasiya xətləri və sosial infrastruktur üçün ciddi təhlükə yaradıb. Mütəxəssislər bildirirlər ki, mövcud məlumatlara əsasən, 2026-cı ilin yaz mövsümü son illərin ən yüksək geomorfoloji risk dövrlərindən biri kimi xarakterizə oluna bilər.

Tədqiqatçılar vurğulayırlar ki, Azərbaycan ərazisində sürüşmələrin intensivləşməsi ilk növbədə meteoroloji amillərlə bağlıdır. Mart, aprel və may aylarında normadan artıq yağıntılar torpaq qatında su ilə doyma səviyyəsini yüksəldib, yamac süxurlarının sürtünmə müqavimətini zəiflədib və kütləvi yerdəyişmə proseslərini sürətləndirib. Dağlıq rayonlarda qar örtüyünün sürətlə əriməsi də bu prosesi gücləndirib. Xüsusilə gil və lyoss tipli süxurların üstünlük təşkil etdiyi ərazilərdə torpaq sürüşmələri daha intensiv qeydə alınıb.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, bəzi ərazilərdə antropogen təsirlər, o cümlədən yamaclarda plansız tikinti, meşə örtüyünün zəifləməsi, yol tikintisi zamanı geoloji balansın pozulması və drenaj sistemlərinin yetərsizliyi sürüşmə riskini artıran əsas amillər sırasındadır.