adalet.az header logo
  • Bakı -°C
01 Aprel 2026 15:47
98
GÜNDƏM
A- A+

Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH

Azərbaycanın 2026-cı il “Global Terrorism Index” (GTI) reytinqində üç pillə irəliləməsi ölkənin təhlükəsizlik siyasətində formalaşdırdığı uğurlu və sistemli modelin nəticəsidir.

Bu indeks dünya ölkələrində terror riskini çoxsaylı göstəricilər üzrə ölçən ən etibarlı beynəlxalq tədqiqatlardan biridir. Hesabatda Azərbaycanın 93-cü yerə yüksəlməsi ölkənin dünyada ən təhlükəsiz dövlətlərdən biri olduğunu faktiki şəkildə təsdiqləyir. Regionun mürəkkəb və həssas geosiyasi şərtləri nəzərə alındıqda belə irəliləyiş xüsusilə əhəmiyyətlidir.

Dünyada terror riskinin ən yüksək olduğu Pakistan, Burkina Faso və Niger kimi ölkələr fonunda Azərbaycanın aşağı indekslə təhlükəsiz ölkələr sırasında möhkəmlənməsi mühüm strateji nailiyyətdir.

Eyni zamanda Suriya, İsrail, Əfqanıstan, Hindistan və Rusiya kimi dövlətlərin daha yüksək risk qrupunda yer alması qlobal təhlükəsizliyin qeyri-sabit xarakterini göstərir.

Bu mənzərədə Azərbaycanın sabitlik adası kimi çıxış etməsi təsadüfi deyil. Bu reytinq ölkənin daxili və xarici təhlükəsizlik strategiyasının ardıcıl şəkildə işləməsinin bariz göstəricisidir. Azərbaycan dövləti üçün təhlükəsizlik anlayışı son illərdə milli inkişaf gündəminin ən əsas prioritetinə çevrilib. Prezidentin dəfələrlə vurğuladığı kimi, təhlükəsizlik olmadan heç bir inkişaf, sosial rifah və iqtisadi tərəqqi mümkün deyil. Bu yanaşma dövlət idarəçiliyinin bütün sahələrinə sirayət edib və idarəetmədə strateji ardıcıllıq yaradıb.

Xüsusi xidmət orqanlarının fəaliyyəti Azərbaycanın təhlükəsizlik modelinin ən mühüm komponentlərindən biridir. Bu qurumlar istər kəşfiyyat, istərsə də əks-kəşfiyyat sahəsində yüksək peşəkarlıq nümayiş etdirirlər. Onların fəaliyyəti yaltaqlıqdan uzaq şəkildə obyektiv olaraq Azərbaycanın təhlükəsizlik mühitinə real təsir göstərir. Xüsusi xidmət orqanlarının önləyici fəaliyyəti ölkədə radikal qrupların kök sala bilməsinin qarşısını hələ ilkin mərhələdə alır. Risklər böyümədən müəyyənləşdirilir və zərərsizləşdirilir.

Bu, ölkənin GTI indeksində aşağı göstərici ilə təmsil olunmasının əsas səbəblərindən biridir. Hüquq-mühafizə orqanlarının operativliyi də daxili təhlükəsizlik sisteminin effektivliyini artıran başlıca amillərdəndir. Son illərdə polis sistemində aparılan struktur dəyişiklikləri idarəetməni daha çevik edib. Operativ qərarvermə mexanizmləri yenilənib və texnoloji təchizat gücləndirilib. Müasir müşahidə sistemləri ictimai təhlükəsizliyi gücləndirən vacib elementə çevrilib. Şəhərlərdə və regionlarda geniş kamera şəbəkəsinin qurulması risklərin dərhal aşkar edilməsi üçün mühüm rol oynayır.

Azərbaycan Dövlət Sərhəd Xidməti də ölkənin təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan qurumlardan biridir. Sərhədlərin müasir texnologiyalar əsasında qorunması transsərhəd terror risklərini minimuma endirib. Xüsusilə regionun geosiyasi həssaslığı nəzərə alındıqda sərhədlərin nəzarət altında saxlanılması həyati əhəmiyyət kəsb edir. Qeyri-qanuni keçidlərin qarşısının alınması və sərhəd təhlükəsizliyinin rəqəmsal sistemlərlə gücləndirilməsi Azərbaycanın dövlət təhlükəsizliyinə böyük töhfə verir. Bu fəaliyyətlər yalnız kənar təhdidlərin qarşısını almır, həm də ölkənin ümumi təhlükəsizlik reytinqini yüksəldir. Azərbaycan antiterror qanunvericiliyinin beynəlxalq normalara uyğunlaşdırılması ilə də diqqət çəkir. Son illərdə qanunvericilik bazası yenilənib və terror fəaliyyətinə qarşı sərt hüquqi mexanizmlər formalaşdırılıb. Terrorçuluğa cəhd belə ciddi cinayət məsuliyyəti yaradır. Bu isə preventiv mexanizmlərin işləkliyini artırır.

Azərbaycanın təhlükəsizlik strategiyası yalnız hüquqi və operativ tədbirlərdən ibarət deyil. Dövlət ideoloji və sosial təhlükəsizliyi də paralel şəkildə möhkəmləndirir. Radikallaşma meyillərinin qarşısının alınması üçün maarifləndirmə proqramları icra olunur. İnformasiya təhlükəsizliyinin gücləndirilməsi rəqəmsal dövrdə təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Sosial media platformalarında radikal çağırışların qarşısı hüquqi və texnoloji əsaslarla alınır. Kibertəhlükəsizlik sahəsində aparılan islahatlar modern dövlət idarəçiliyinin əsas tələblərinə uyğundur. Bu fəaliyyətlər Azərbaycanın GTI-dəki mövqeyinə də təsir göstərir.

Azərbaycanın təhlükəsizlik göstəricilərinin yüksək olması beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. BMT, OECD, Dünya Bankı kimi qurumlar GTI reytinqini dövlətlərin iqtisadi və sosial sabitliyinin qiymətləndirilməsi üçün əsas mənbə kimi istifadə edirlər. Bu baxımdan Azərbaycanın sabitlik imici xarici investorlar üçün də mühüm əhəmiyyət daşıyır.

İnvestisiya mühitinin cəlbediciliyi ilk növbədə təhlükəsizlik mühitindən asılıdır. Azərbaycanın mövcud reytinqi ölkəyə kapital yatırımlarının daha təhlükəsiz şəraitdə həyata keçirilə biləcəyini göstərir. Dövlətin iqtisadi inkişaf strategiyası təhlükəsizliyin təmin olunması ilə paralel şəkildə həyata keçirilir. Bu model davamlı inkişaf üçün zəruri balans yaradır. Azərbaycanın ən təhlükəsiz ölkələrdən biri kimi tanınması həm də milli maraqların effektiv qorunduğunu göstərir. Dövlətin təhlükəsizlik siyasəti uzunmüddətli planlama üzərində qurulub. Bu planlama ölkənin regional və qlobal proseslərdə stabil mövqeyini möhkəmləndirir.

Azərbaycanın GTI 2026 hesabatında mövqeyini yaxşılaşdırması təsadüfi deyil və arxasında güclü dövlət siyasəti dayanır. Xüsusi xidmət orqanlarının, hüquq-mühafizə qurumlarının və sərhəd təhlükəsizliyi sisteminin koordinasiyalı fəaliyyəti ölkəni regionda təhlükəsizliyin nümunəvi modelinə çevirib. Dövlətçilik ideyası təhlükəsizlik modelinin əsas dayağıdır və bütün institusional strukturlar bu ideyanın ətrafında vahid şəkildə fəaliyyət göstərir. Azərbaycanın sabitlik siyasəti həm daxili inkişafın təməlini, həm də beynəlxalq arenada etibarlı tərəfdaş imicini formalaşdırır. Bu mövqe növbəti illərdə də ölkənin strateji üstünlüyünü qoruyacağına dair real zəmin yaradır.

Əli Hüseynov

Bakıvaxtı.az