Sərhat Kabaklı imzası, şeirləri və şeirlərin pozitiv aurası

Poeziya ilə nəfəs almaq, söz demək, tanış olmaq elə bir ünsiyyət formasıdır ki, zənnimcə bundan doğması, bundan isti olanı yoxdur. Şeirlə ən ülvü hissləri, dünyaya, insanlığa bağlılığı, Vətənə sevgini, lirik duyğuları çatdıra bilənlərə, elə bunu dərk edənlərə də nə xoş. Bu dəfə tanınmış bir söz adamından, onun poeziyasından bir neçə yarpaq nümunə göstərməklə, bəhs etməklə oxucularla fikrimi bölüşmək istəyirəm.
Son illər dilimdən düşməyən, ürəyimdə dövr edən bu misralarla –
“Vətəninə göz dikəni əz oğlum
dostun kimdir, düşmənin kim, sez oğlum”, - Sərhat Kabaklı imzasını tanıdım desəm, düz olmaz. Şairi çoxdan tanıyır, təsadüf etdikcə oxuyurdum. Amma şairi, qeyd etdiyim bu misralarla davam edən şeiri ilə daha çox sevdim, desəm, əlbəttə yanlış olmaz.
Bu şeirdə dünya görmüş, Vətənin işğalında yaşamış, basqılar görmüş bir xalqın ahılının, müdrükünün nəsihəti, öyüdü var.
Gün gidende, ay gelende gel oğlum
Cihan yanar sen gülende gül, oğlum.
Bir yol var ki Hak yoludur bul, oğlum
Yeri bilmek, göğü bilmek bil oğlum.
Heç yanlışlıq yox, bu bir öyüddür, Vətən, el-oba, ulus dardadır, gəl oğlum, gəl. Gəl ki gəlişindən gülüşündən dünya lərzəyə gəlsin, haqq yolunu, həqiqəti tap, ona sığın, mübariz ol və Yerin yer, Göyün göylüyünü bil, tanı və tanıt.
Sərhat bəyin digər könül oxşayan şeirlərinin də təsir dairəsindən qurtulmaq olmur, şairin hansı duyğularla yaşamasından, milli ruhun ənginliklərdə pərvazlanmasından qürurlanırsan. Bir şeirində deyir:
Üfüqlər küsməsin qeyri günəşə
Qaranlığın arxasından dan gəlir.
Təbii ki belədir Günəş hər batdıqda yenidən doğmaq, dan yerini al şəfəqlərlə boyamaq üçün qeyb olur.
Suya həsrət könüldə dəfnə budağı
Yaşıl yaşıl göyərəcək an gəlir, -
deyən şairin yuxarıda bəhs etdiyim, “Bil oğlum” şeirinin bu misrarlarıyla da həmahəngdir:
Çabuk büyü, çabuk yetiş tez oğlum
Çakal gezen şu dağlarda gez oğlum
Vatanıma göz dikeni ez oğlum
Tarihini şerefinle yaz oğlum.
Və zaman gəldi, dünən çocuq bildiyimiz oğullarımız illəri qabaqladılar sanki, tez böyüdülər. Çaqqalların, düşmənlərin gəzdikləri dağlara boy verdilər, sıralandılar, vətənimizə göz dikənləri əzdilər, tariximizin şanlı tarixini şərəflə yazdılar.
Sərhat Kabaklı şeiriyyətində tarixə güzar etmək, ötənləri xatırlamaq, yaddaşa hopdurmaq, unudulmamaq əsas xətt kimi keçir. Ötənləri unudanlar bu günündə yanından səssiz ötüb keçər. Bu baxımdan, şairin şeirlərinin birində dediyi bu sözlər, xatırlatmalar necə də yerinə düşür:
Kor- sağır gecələrin bir də sabahı vardır
Və qışdan sonra gələn, əlbəttəki, bahardır.
Həm də heç nə unudulmur, heç nə yaddan çıxmır deyiminin müqabilində, düşünürsən ki, nə yaxşı ki, nələrsə bilinməmiş qalır?
Daşların dili olsa, desə dünü bu günə
Ağlayan nəyə ağlar, gülənin məramı nə?- Deyən şairimizə əlbəttə haqq vermək olar.
Və yenə də şairin həmin məşhur şeirinə dönürəm, oğlumuza, nəvəmizə, övladlarımıza üz tuturam, Sərhat bəyin bu misraları ilə ərklə, ötkəm səslə deyirəm:
Senden gider sonsuzluğa yol oğlum
Dört bir yana salmalısın kol oğlum
Ekmeğini aç olanla böl oğlum
Haram yeme, Hak yolunda öl oğlum.
Və qayıdıram yuxarıda iki beytini misal göstərdiyim digər şeirə:
Bir əsirlik çinarın hər budağından
Hər yaprağından min ah ilə ün gəlir,
deyən şair elə bu şeirin ilk misralarında deyirdi ki, bir eşqə düşdük ki, sevgilinin cigərindən qan gəlir. Bu sevgi, bu eşq sevgilərin ən böyüyü, ən alisi olan yurd-yuva, el-oba, VƏTƏN sevgisi ola bilər ki, şairin özü demiş bu sevgini sübutlamaq, vətəni azad etmək üçün ,
“Bir fitrət sonrası, bir gülüş anı
Könlü buruk, dəmir yumruq xan gəlir”,
necə ki, gəldi, necə ki, 32 il işğal altında olan topraqlarımızı azad etdi.
Və yenə də dönüş edirəm, öyüd, nəsihət, məsləhət və çağırış dolu “Bil oğlum” şeirinə:
Zulüm dolu saltanattan in oğlum
Zalimlere duymalısın kin oğlum
Nefis ki bir mantık yutan dev oğlum
Mağrur olma insanları sev oğlum...
..Xəyanətə tasaklanmaq yox, oğlum,
Qılıncını xain qəlbə sox, oğlum.
Türk dünyasının tanınmış söz adamı, şair Serhat Kabaklı poeziyasında özümüzü, soyumuzu, Vətənə sevgini, sözə vurğunluğu sezməmək olmur.
Şairin qəlb ağrıdan duyğularımızı titrədən, inlədən kövrək bir şeiri ilə fikrimi tamamlamaq istəyirəm. Şairin “Öncə göyərçinləri vurdular” şeirini sakit oxumaq, oxuyub da kövrəlməmək olmur:
Öncə yaşılı sildilər tablolardan
Siyaha yıkadılar pəmbə şəfəqi
Hüzün üstümüzdən getməsin, deyə
Viranəyə döndərdilər
Gözəlim çiçəklərlə bürünən
Bağçanı, bağı.
Şeirlə o qədər doğma, o qədər qəlbə yaxındır ki, əzbərimdə olan və misal olaraq göstərdiyim bu şeirləri Azərbaycan və Türkiyə türkcəsində ifadə etdim. Olsun, zatən bu poeziya nümunələri, şeirlər hər birimizindir, sənin, onun, mənim və əlbəttə ki, böyük söz adamı Serhat Kabaklının...
Faiq BALABƏYLİ, şair
Digər Xəbərlər
24 Oktyabr 2025 10:13 "Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"
23 Oktyabr 2025 10:10 Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü
23 Oktyabr 2025 09:46 Əbülfət Mədətoğlu: GÜN KEÇDİ
22 Oktyabr 2025 16:46 

Bakı -°C 










