05 Iyun 2025 10:16
268
İQTİSADİYYAT

Saatlıq əməkhaqqı sistemi vətəndaşlara nə qazandıracaq?

Saatlıq əməkhaqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün Əmək Məcəlləsinə ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədi ilə Nazirlər Kabinetinə təqdim olunub.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni mexanizmin tətbiq olunması, əməkhaqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq:

"Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər. Bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əməkhaqlarının artırılmasına gətirib çıxara bilər.

Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".