22 Oktyabr 2025 12:15
112
İQTİSADİYYAT

"Azərbaycan və Ermənistan arasında nəqliyyat yolları açılır" 

"Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan taxılının Ermənistana tranzit daşınmasına icazə verib. Qazaxıstan məhsulları Bakı-Aktau xətti vasitəsilə Azərbaycanın ərazisindən keçərək Ermənistana çatdırılacaq. Prezident İlham Əliyev bu qərarla sülhün təkcə kağız üzərində deyil, praktik müstəvidə reallaşdığını vurğulayıb". 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan da bu addıma görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib". 

"Qarşılıqlı jest olaraq, Ermənistan Türkiyədən Azərbaycana gedən TIR-ların öz ərazisindən keçməsinə icazə verib. Bununla da iki ölkə arasında beynəlxalq nəqliyyat əlaqələrinin faktiki bərpası reallaşır.

Azərbaycanın bu qərarı regionda iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın güclənməsinə xidmət etməklə yanaşı, Ermənistan daxilində də mühüm siyasi nəticələr doğuracaq. Seçkilər ərəfəsində bu addım Paşinyanın mövqelərini möhkəmləndirə bilər". 

Politoloqun sözlərinə görə, Rusiya Ermənistan daxilində hakimiyyət dəyişikliyi üçün müxalifətə dəstək verməklə sülh prosesini pozmağa çalışır: 

"Lakin Azərbaycanın bu diplomatik və iqtisadi addımı Moskvanın bölgədəki təsir imkanlarını ciddi şəkildə zəiflədə bilər. 

Azərbaycan və Ermənistan arasında de-fakto sülhə nail olunduğunu söyləmək mümkündür. İki ölkənin qarşılıqlı şəkildə nəqliyyat blokadasını aradan qaldırması, regional iqtisadi əlaqələrin genişlənməsinə və Cənubi Qafqazda sabitliyin təmin olunmasına yeni imkanlar açır". 

Vasif ƏLİHÜSEYN