08 Oktyabr 2025 19:38
258
GÜNDƏM

QMİ sədri Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüşdə çıxış edən A. Paşazadə Azərbaycanda mövcud unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə danışıb.

Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin Bəhreyn İslamdaxili dialoq konfransında nümunə olaraq qəbul edildiyini diqqətə çatdıran QMİ sədri gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoq və İslamofobiya ilə mübarizəyə həsr olunmuş mötəbər tədbirlərin keçiriləcəyini vurğulayıb.

Bu il Azərbaycana səfəri zamanı ölkə xaricində olması səbəbindən Şeyxülislamla görüşə bilmədiyini təəssüflə qeyd edən ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədri xanım V.Hartzler ölkəmizdə qonaqpərvərlik və irəliyə doğru inkişaf müşahidə etdiyini bildirib.

İslamofobiya ilə mübarizəyə dair ardıcıl konfransların keçirilməsinə toxunan xanım V. Hartzler bu forumların keçirilməsini alqışladıqlarını, bunun real nəticələrinin olmasının mühüm olduğunu deyib.