adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 16:45
127
MARAQLI
A- A+

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

2-3 may tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.

Adalet.az xəbər verir ki, tədbirdə 21 regiondan 40 fermer iştirak edəcək. Onlar 110-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.

Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.

Yarmarka 2 gün müddətində, saat 09:00-19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.