29 Iyun 2025 18:13
198
GÜNDƏM

İlham Rəhimovdan Yekaterinburqdakı qanlı hadisəyə SƏRT REAKSİYA

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş vermiş faciəyə münasibət bildirib.

Adalet.az xəbər verir ki, professor İlham Rəhimov rəhbərlik etdiyi təşkilat adından bu hadisəni qətiyyətlə pisləyib. O bəyan edib ki, Rusiyada vətəndaş olan azərbaycanlılara qarşı törədilmiş bu zorakılığı həyata keçirən hüquq-mühafizə orqanları əməkdaşlarının kimliyinin müəyyən edilməsini və onların qanun qarşısında cavab verməsini tələb edir.

Professor Rəhimov vurğulayıb ki, hadisə barədə məlumat alar-almaz dərhal Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri ilə bir neçə dəfə əlaqə saxlayıb. O, həm baş verənlər barədə geniş bilgi alıb, həm də bundan sonrakı addımların koordinasiyası üçün Şıxlinski ilə məsləhətləşmələr aparıb.

İlham Rəhimov hadisənin obyektiv şəkildə araşdırılması üçün Rusiyanın hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə də müraciət edəcəyini açıqlayıb. O bildirib ki, bu işin ədalətlə araşdırılması üçün bütün imkanlarından və şəxsi nüfuzundan istifadə etməyə hazırdır.

Professor eyni zamanda baş verənlərin son dərəcə həssas məsələ olduğunu xüsusi qeyd edib. O, məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyin vacibliyini vurğulayıb və azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin möhkəmlənməsindən narahat olan dairələrin təxribat xarakterli planlarına uymamağa çağırıb.