Qasapet dağının qartalları: "Mi-24"-ün 33 illik dastanı
jpg-1754463883.jpg)
33 il əvvəlin bu günü Qarabağdan qara yellər 3 qara xəbəri 3 igidin ailəsinə götürürdü. Neftçala rayonu Həsənabad kəndinə Məcidovlar ailsinə, Xarkov vilayəti, Zmiyov şəhəri, Polovinkolar ailəsinə, birdə Qax rayonu Qaşqaçay kəndinə, Rəhimovlar ailəsinə...
Çünki bu igidlər: vertolyotun baş komandiri Zakir Məcidov, təyyarəçi operator Ruslan Polovinko, sərrast nişançı-snayper Cavanşir Rəhimov
6 avqust 1992-ci il də Azərbaycana məxsus Mi-24 helikopterinin Qasapet yaxınlığında ermənilər tərəfindən raketlə vurulması nəticəsində şəhidlik zirvəsinə yüksəlmişdilər.
Zakir Nüsrət oğlu Məcidov 26 iyun 1956-cı ildə Həsənabad qəsəbəsində doğulsa da, 1963-cü ildə Bakı şəhəri 17 saylı orta məktəbə gedib, təhsilini 70 saylı orta məktəbdə tamamlayıb. Zakir böyük xəyallarla 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi alır.
Oralarda qalmır, Vətənə dönür, əmək fəaliyyətinə Yevlax aviadəstəsində başlayır. AN-2 təyyarəsinin ikinci pilotu kimi sənətinin incəliklərinə burda vaqif olur.
1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləyir. Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilməsi də sənətinin vurğunluğunu ifadə edirdi. 7 il bu müəssisədə çalışa-çalışa 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçir. Məhz bundan sonra Mİ-2 vertolyotuna baş komandir keçir.
Mənfurların başlatdığı müharibəyə, xalqına zülmə, ədalətsizliyə Zakir kimi oğul laqeyd qala bilərdimi?Əsla! O, 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. həmin vertolyotla Ağdərənin Həsənriz kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır.
Z.Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Qasapet yüksəkliyindəki mövqələrini darmadağın edir. Növbəti, dördüncü dəfə uçmaq əmri verilir. Qərargaha yeni qayıdan Z.Məcidov bu əmri də böyük hünər, igidlik göstərərək yerinə yetirir. Amma... Bu onun son uçuşu oldu. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələyir. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın.
Lakin buna müvəffəq ola bilmir. Mİ-24 vertolyotunun cəsur heyət üzvləri baş komandir Zakir Məcidov 36 yaşında, təyyarəçi operator, Ukraynalı-Xarkov xilayətinin Zmiyov şəhərində doğulmuş, ailəsinin yeganə yadigarı Ruslan Polovinko 22 yaşında və sərrast nişançı-snayper, Qax rayonunda dünyaya göz açmış Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimizin aydın səması uğrunda qəhrəmancasına həlak oldular. Hər 3 igid “Azərbaycan Milli Qəhrəmanı" adına layıq görüldü. Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli qəhrəman Z.Məcidovun adını daşıyır.
1991-ci ilin noyabırında yenicə ailə qurmuşdu. Zakirin ölümündən üç ay sonra oğlu Fuad dünyaya göz açdı.
Xatırladırıq ki, Qasapet, hazırkı adı Çıraqlı olan kənd və yüksəklik Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində yerləşir.
Vətən uğrunda canını qurban edən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Əntiqə Rəşid
(Məqalə jurnalist Vüqar Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" kitabına istinadən yazılıb. Vüqar müəllimə təşəkkür edirik)
Digər Xəbərlər

Dəniz, yoxsa, hovuz?!

Gözünüz aydın, köçkünlər "zəbt etdikləri mənzili "özləri ilə aparmadılar

Pomidorlar sahədə qalıb çürüyür...

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib

İstirahətə yollanan vətəndaşlara yanğın təhlükəsizliyi ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Füzuli və Arxadağ şəhərləri qardaşlaşacaq
