18 Sentyabr 2025 23:50
91
DÜNYA

Fransada etiraz aksiyaları: 300-dən çox insan saxlanıldı – YENİLƏNİB

Fransada hökumətin sosial xərclərin azaldılması planlarına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb.

Adalet.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Bryuno Retayo BFMTV telekanalına açıqlamasında bildirib.

"309 nəfər saxlanılıb, onlardan 134-ü həbs edilib", – nazir qeyd edib.

Onun sözlərinə görə, etiraz aksiyalarında 7 300 adam iştirak edib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi mitinqlərdə 500 mindən çox insanın iştirak etdiyini açıqlamışdı. Fransa Həmkarlar Konfederasiyasının hesablamalarına görə isə küçələrə 1 milyondan çox insan çıxıb.

Paris və digər şəhərlərdə – o cümlədən Nant, Renn, Lion və Marseldə aksiyalar iğtişaşlara çevrilib. Radikallar mağazaları və bank filiallarını dağıdıb. Polis etirazçıları saxlayıb və gözyaşardıcı qazdan istifadə edib.

Asayişin qorunması üçün Daxili İşlər Nazirliyi 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika cəlb edib.

20:42

Fransada 181 etirazçı həbs edilib, Parisdə həbs olunanların sayı isə 31-ə çatıb.

Adalet.az Fransa KİV-ə istinadən xəbər verir ki, bu rəqəmləri Fransa Daxili İşlər Nazirliyi və Paris Polis Prefekturası verib.

Bundan başqa, 11 nəfər yaralanıb.

Eyni zamanda, Parisdə yüzə yaxın etirazçının İqtisadiyyat və Maliyyə Nazirliyinin binasına daxil olduğu da bildirilir.

Ümumilikdə, 55 mini paytaxtda daxil olmaqla, Fransada etiraz aksiyalarında 500 mindən çox insan iştirak edir.

19:30

Polis Parisin mərkəzində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və güc tətbiq edib.

Adalet.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Etirazçılar mağaza və bankların şüşələrini sındırır, zibil qutularını yandırır, polisə fişəng və butulkalar atırlar. Buna cavab olaraq polis etirazçıları geri itələyir.

Təkcə Parisdəki etirazlara 100 minə qədər insanın qatılacağı proqnozlaşdırılır.

Fransanın bir çox bölgələrində edilən tətillər nəticəsində nəqliyyat sektorunda fasilələr müşahidə edilir.

18:30

Fransada həbs edilən aksiya iştirakçılarının sayı 140 nəfərə çatıb.

Adalet.az  xəbər veri ki, bu barədə yerli KİV ölkənin Milli Polisinin hesabatına istinadən məlumat yayıb.

"Saat 15:45-də dərc edilmiş yeni hesabata əsasən, Milli Polis tərəfindən 21-i Parisdə olmaqla 140 həbs həyata keçirilib", - hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, təhlükəsizlik qüvvələrinin səkkiz əməkdaşı yüngül xəsarətlər alıb.

Hökumət 282 477 etirazçının olduğunu bildirib.

17:57

Fransada həbs edilən etirazçıların sayı 114-ə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

"Polisin məlumatına görə, Paris istisna olmaqla, ölkə üzrə etiraz aksiyalarının iştirakçılarının sayı təxminən 264 min nəfər təşkil edib", - nəşr yazıb.

16:52

Fransada həbs edilənlərin sayı 99 nəfərə çatıb.

Adalet.az "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib.

Onlardan 15-i Parisdə həbs edilib.

15:03

Fransada həbs olunanların sayı 79-a çatıb.

Adalet.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

"TF1"in məlumatına görə, ölkəboyu kütləvi nümayişlərdə təxminən 29 min insan iştirak edib.

***12:52

Fransada polis 30 etirazçını saxlayıb.

Adalet.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri polis mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Fransanın bir sıra şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Toqquşmalar xüsusilə Tuluz, Brest və Marsel şəhərlərində yaşanıb.

***

12:35

Parisdə polis etirazçıları gözyaşardıcı qaz və rezin dəyənəklər tətbiq etməklə dağıdıb.

Adalet.az xəbər verir ki, bu barədə "Parisien" nəşri yazıb.

"Polis avtobus deposunu blokada edən nümayişçilərə qarşı güc tətbiq edib və rezin dəyənəklərlə zərbələr endirib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz istifadə edib, etirazçılar isə tüstü şaşkaları ilə cavab veriblər", - məqalədə bildirilib. 

BFMTV telekanalının məlumatına görə, aksiya yerli vaxtla səhər saat 6-da başlayıb. Ona avtobus sürücüləri də qoşulub.

Bütün Fransanı əhatə edəcək aksiyalarda 900 min nəfərədək insanın iştirak edəcəyi gözlənilir.

***

10:49

Bu gün Fransada dövlət xərclərinin azaldılması planına etiraz əlaməti olaraq 250-dən çox nümayiş planlaşdırılıb.

Adalet.az bu barədə Fransa KİV-inə istinadən xəbər verir.

Məlumata görə, müxtəlif iqtisadi sahələrin həmkarlar ittifaqları dövlət xidmətlərinin maliyyələşdirilməsinin artırılması, varlı vətəndaşlar üçün daha yüksək vergilərin tətbiqi, həmçinin geniş ictimai narazılığa səbəb olan pensiya islahatının ləğv edilməsi tələbləri ilə çıxış edirlər.

Etiraz aksiyalarına təxminən 800 min nəfərin qatılacağı gözlənilir.

Bununla əlaqədar ölkənin nəqliyyat sistemində ciddi fasilələr proqnozlaşdırılır, bir çox məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.