Əbülfət Mədətoğlu: Xankəndinin dan üzü
Mənə elə gəlir ki,
burda səhər -
tamam fərqli açılır...
Yarıyuxulu şəhər
gözəlliyinin
özəlliyini
Göz də gözdən qaçırır -
Xankəndində!
Mənə elə gəlir ki
Şuşanın
ovuc-ovuc səpdiyi
ulduzlar-
Səmasına çəkdiyi,
ürəyində əkdiyi
Və
Hər səhər azanında
çinar tək dikəltdiyi
oğullardı, nur saçır-
Xankəndində!
Mənə elə gəlir ki,
bu geniş, həm kəsişən
küçələr
Büründüyü yaşılığın -
gül - çiçək qoxusunu
içindən
Gecələrin
bal kimi yuxusunu
Açılan səhərin nağılına daşıyır!
Adamlar da,
elə şəhər də -
NAĞIL ÖMRÜ YAŞAYIR -
Xankəndində!
30.10.2025


Bakı -°C

