adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2025 14:43
381
ƏDƏBİYYAT
A- A+

Hamının yerinə ayrılıq  yaşayan adam- Əntiqə Kərimzadə yazır…

Təxminən  2012-ci il olardı… Sosial şəbəkdə qarşıma bir imza çıxdı- Esmira Məhiqızı.  Birinci kurs tələbəsi idim. Çox şeir oxuyan vaxtlarım idi. Harda xatirə dolu şeirlər  tapırdımsa, həvəslə oxuyurdum.  Esmira Məhiqızının şeirlərini artıq təkcə özüm üçün oxumurdum. Həzin mehə bənzər şeirlərini auditoriyaya daşımağa başlamışdım. Mənimlə bərabər tələbə yoldaşlarımın bəziləri həmin müəllifin şeirlərini həvəsələ gözləyirdilər.  İlk oxuduğum şeirini əzbər bilməsəmdə, həmişə bu misralar dilimdə dolaşırdı:
 

“Sənə gözlərimdə yer saxlamışam,
bilirsən necədir sevda yerləri”.

 

Onun şeirlərini  ya mehə, ya da mavi səmaya bənzədirəm. Zahiri görkəmində həmişə bir intizar görmüşəm. Elə bil harasa tələsir.  Bilmirəm, bəlkə də elədir, bəlkə də yanılıram… Hərdən mənə elə gəlir ki, onun gözlərində yazılıb şeirləri. Gözlərinə baxanda bilərsən ki, bu adam şeir adamdır… 
Qəribədir, bu qədər gözəl şeir yazan bir insan  öz şeirlərini səsləndirə bilmir. “Mənim qiraətim elə də yaxşı deyil” bəhanəsi ilə gözünü gözlərdən  qaçırır. Bütün şeirlərində uşaqlıq, gənclik  xatirələri yatır. Özünün də dediyi kimi:

 

Ahh.. o Zəminənin, o Zəminənin
o qədər işıqlı xəyalı vardı…
o qədər xəyaldan danışardı ki,
Onu da bir qəfil ölüm apardı.

 

Bir ağrını bu qədər incəliklə şeirə toxumaq üçün mütləq ki, söz damı olmalısan. Elə  Esmira  Məhiqızı kimi…
 

Xəyyallarını ömür yollarında itirənlər, ömrü duman olanlar da onun şeirlərində yaşayırlar. Həmişə deyir ki, insanlar var ki, nəğmələri  yarımçıqdı. Biri də var heç nəğməsi olmayan insanlar…
Onun şeirləri İkinci Qarabağ savaşında ömür nəğmələri yarımçıq qalan igidlərə  layla idi. Bəzən öz yazdığının gerçəyindən qorxan insan  üçün   belə şeirləri oxumq ,əlbəttə, kədərlidir.  Hələ sevdalarını yellər aparmış gənc qızların saçlarını öz şeirləri ilə oxşayırdı Esmira xanım:

 

Hər xatirə filmindən sonra da,
Divarların nəm tərəfi üşüyür.
Saçlarımın deyirəm eyy,
sevgilim!
Saçlarımın dən tərəfi üşüyür.

 

Hər söhbətimizdə “Qadam, mən xatirələrimi yazıram. Gəncliyimi yazıram. O qədər gözəl  xatırlayıram ki, Mehrini, Zəminəni, qardaşlarımı…” deyirdi.
Həyatla mübarizəni nəğmələrə bənzədər. Öz dediyi kimi:

 

Çox əski, çox qədim nəğmədi bu həyat-
yaşam boz,
biz xəyal,
söz boyat!

 

Bütün yaşanmışlar xatirə olur. Esmira Məhiqızı da həmin xatirələri sözə toxuyur, misra düzəldir, misraları ağappaq vərəqlərə səpib şeir edir.
Özü deyir ki, gəncliyimdə sarıldığım doğmaları itirincə mən də budaq- budaq oluram. Söhbətimizin ardını mən tamamlayıram:  hə bir hissəniz xatirələrdə qalır, bir hissəniz də şeirlərinizə sərilir. O isə deyir ki:
“Və…
birdən də anlayırsan,
hamı bir- bir yoxa çıxıb-
sən hamının yoxluğusan

 

Həyat digər peşə sahibləri üçün  standart yaşam tərzindən ibarət ola bilir. Ancaq söz adamı üçün heç də bu hal keçərli olmur. Yaşadığın hər anın, hər günün rəngini axtarırsan, hər hadisəyə məna verirsən. Çox zaman sözdən asılı qalırsan .
 

İnsan ömründə xatirələrdən başqa heç nəyi qalıcı hesab etməyən  bu söz adamı xatirələrdən başqa insanın  heç nəyinin olmadığını  söyləyir:
 

yenə sarı yarpaqların köçündən..
gör nə qədər yazmadığım söz keçir.
 bu payızın çiçəkləyən yerindən
sözə dönən bir balaca qız keçir.

 

 Bəzən mənə elə gəlir ki, dünyadakı bütün insanların ayrılığını Esmira Məhiqızı yaşayıb. Sanki hamının yerinə ayırlıq yaşayan insandı bu adam. Ayrılığı o qədər incə izah edir ki, insana elə gəlir ki, müəllif heç kəsə zərrəcə ayrılıq yaşamağa yer saxlamayıb. Bütün ayrılıqları öz sinəsinə çəkib:
 

gəl, sən də quşlara dən ver,
gündən gün, qəmindən qəm ver,
görəndə.. gedənlər gəlmir,
gəlim də, sənin xətrinə
.

 

İnsanlara buludlar kimi  baxır Esmira xanım. Həyatı nəğmələrə bənzədir.  Narın yağışları uşaqların oyun qurmağı hesab edir. Boz küləkləri isə Mehrili, Çiçəkli, Zəminəli günlər sanır. Elə bilir ki, hər göy üzünə baxanda insanlarla söhbətləşir, hər melodiya səslənəndə yaşanmışlar xatırlanır, hər yağış yağanda uşaqlığı göz önünə gəlir, baharın ortasında boz tufan görən kimi o balaca qızcığazları səsləyir. Amma şeirlərində… Elə şeirləri də ona cavab verir. Hamısı bir sətirdən misra- misra dillənir. Dillərdə əzbərə çevrilib göy üzünə qalxırlar, elə lap gedənlər kimi…