30 Iyun 2025 11:36
274
GÜNDƏM

Cənab Çepa, "dostluğu məhv edən" qüvvə kimdir?-Dürüst olun!

Xəbər verdiyimiz kimi, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterenburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını vəhşicəsinə döyərək öldürdü. OMON-un vəhşicəsinə döydüyü Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada ölüblər.
Günahsız insanlara işğəncələr verilib, həbs edilənlər var.


Bundan başqa Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb. Guya səbəb kimi, yerli sakinlərin mütəmadi olaraq "gəlmələrin" davranışından və antisanitariyadan şikayət etdikləri iddia olunur.


Adalet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa məsələyə ikibaşlı fikirlərlə başlayıb. O bildirib ki, Rusiya çoxlarının məhv etməyə çalışdığı Azərbaycanla dostluq münasibətlərini saxlamağın yollarını tapacaq:


"Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir".


Maraqlıdır ki, cənab Çepa da açıqlamasında Azərbaycana qarşı ədalətli danışmadı. Necə yəni ,"Rusiya -Azərbaycan arasındakı dostluğu məhv etmək istəyən qüvvələr"?
Azərbaycanlıları hansı ölkənin hüquq mühafizə orqanları döyərək öldürüb?Azərbaycanlıların evlərinə yatdığı yerdə hücum edənlər , qadına, yaşlıya baxmadan işgəncə verənlər, təcridxanalara doldurub , saxta ittihamlarla həbs etdirənlər görəsən hansı ölkənin asayiş orqanlarıdır? Rusiyanın özündən başqa Rusiya- Azərbaycan "dostluğuna" zərbə vuracaq hansı qüvvələrdən söhbət gedə bilər ki?
Voronejdəki azərbaycanlılara qarşı keçirilən reydə nə deməli? Uzun illərdir, bazarlarda Rusiya qanunlarının diktə etdiyi kimi fəaliyyət göstərən azərbaycanlıların fəaliyyətlərinə qəflətən niyə əngəl törədilsin ki?


Cənab Çepa, azacıq dürüst olun... 

Əntiqə Rəşid