14 Iyun 2023 14:50
1830
MÜSAHİBƏ

“Ateistlərimiz atası öləndə birinci molla axtarır ” – Səddam Laçınla MÜSAHİBƏ

Səddam Laçın mənim ən gec tanıdığım, amma çox tanıdığım və şəxsiyyətilə birlikdə sevdiyim şairlərdən biridir. Onunla zarafatım da, söhbətim də yaxşı alınır. Çox tərifləmək istəmirəm, sonra aramız pozular, oxuyub pis olaram. Təbii ki, bu bir zarafatdır. Kitab təqdimatında iştirak edə bilməmişəm deyə incimişdi, mən də onunla müsahibə edib könlünü almaq istədim. Məşhurluğunun ən qəşəng günlərində səninlə həmsöhbət olmaq mənə yox, oxuculara, səni sevənlərə lazımdır. Mən onsuz da səni yaxşı tanıyıram, özünü də, sözünü də.

Vədələşdik. Səhər saat 10-da işlədiyi binanın qarşısında Səddama yazdım.

- Çatmışam.

- Səhər nəsə yemisən?

- Yox, tələsik çıxmışam.

- Yaxşı.

Səddam əlində kitab və kağız selofan qapıda göründü. Selofanın içindən bir xaçapuri çıxarıb mənə uzatdı.

- Götür, yeyə-yeyə düşək Nəşriyyata.

Hazır olun, indi “Ədalət” qəzetinin redaksiyasında Səddam Laçınla söhbətə başlayırıq.

- Səddam, “Səndən gözəl olmasın” adlı şeirlər kitabın çap olundu. Gedişatı izləyirəm, istəyirəm kitabın barədə danışasan.

- Kitabın çapı maraqlı proses oldu. Çünki mən özümə inanmırdım. Ədəbi mühit, xüsusən də feysbuk həmişə adamı aldadır. Orda hamının balaca bir dünyası var və o balaca dünyadan kənara çıxmırlar. Bir qrup var, hamı onları sevir. Bir qrup var, ən yaxşı şeirləri onlar yazır. Bir qrup var, ən yaxşı hekayələri onlar yazır. Ən yaxşı ədəbiyyat adamı onlardır. Və sən facebooku ciddiyə alırsanasa və özünü oradakılarla müqayisə edirsənsə, kölgələrində qalırsan. Onların laykına, onlara gələn rəylərə aldanırsan.

Mən də təzə-təzə facebooka girəndə aldanmışdım. Özümü onların kölgəsində hiss edirdim. Bir müddət keçəndən sonra ayıldım. Yazılarını oxuduqca məndən zəif olmadıqlarını, amma heç güclü də olmadıqlarını gördüm.

İşyoldaşlarım gedib-gəlib deyirdilər ki, kitabını çap etdir. Onlar dedikcə, deyirdim ki, kimdir mənim kitabımı alan. Sonra Ramiz Rövşənin adına bir səhifə var, onun admini Heydər dedi ki, sən özünü çox aşağıda görürsən, amma mən uzun müddətdir müxtəlif şairlərin şeirlərini paylaşıram, paylaşdıqlarımın içində iki-üç şair var ki, hansı şeirini paylaşsam, yüksək reytinq verir, onlardan biri də sənsən və yazıb sənin kitabını istəyirlər. Beləcə, kitab məsələsi ağlıma batdı. Şeirlərimi bir yerə yığdım. İş kitabın maddi məsələsinə çatanda yenə dayandım. Məlum vəziyyətdir, bilirsən hansı maaşa işləyirik.

- Borc aldın kimdənsə?

- Təxminən. Sağ olsun, Şərif Ağayarla danışdım, dedim, çap pulunu 2 aya verə bilərəm, bir hissəsini maaş alanda, qalanını isə təqdimatdan sonra. Gerisini o danışdı, məsələ həll olundu. Çətinliklə də olsa, kitab çapdan çıxdı. Təsəvvür elə ki, getmişəm kitabı götürməyə, üstümdə bir qəpik pulum yoxdur. Kitabları yığıblar qapının ağzına. Dedim, siz gedin, dostum maşınla gələcək, götürüb gedəcəyik. Elə oldu ki, dostumun da maşını xarab oldu, gələ bilmədi, taksi sifariş elədim, çatdım məhəllənin ağzına, dükana dedim ki, mənə 3 manat ver, evə qalxım, verərəm. Sonrası təsadüflər zənciri... Sosial şəbəkələrdə paylaşdım, hamı təbrik etdi, uğur dilədi, inşallah-maşallah, sağ olsunlar. Birinci gündən gördüm ki, kitab mənə geri dönüş edir. Satılır, sevilir.

- İzləyirəm, Tiktok-da ulduzun parlayır. Bəs orada necə, kitabını axtaranlar var?

- Televiziyada işləyirəm, istəsəm, gündə bir verilişə çıxaram, amma eləmirəm. Bu üç ildə iki-üç dəfə verilişdə qonaq olmuşam, ya yox. Özümü gözə soxan deyiləm. Şeir deyirdim, işyoldaşım da məni çəkirmiş, mızıldandım ki, çəkməsin, dedi, sən necə televiziya işçisisən ki, kameradan qorxursan, çəkinirsən?! Şeirlərini özün səsləndir, paylaş. Səndən başqa hamı sənin şeirlərini səsləndirib paylaşır.

Söz tutdu məni, düşdüm, aşağı, otaqda şeirimi deyib çəkdim. Videoya da belə başladım: “Şair bu kitabda deyir ki...”. Çəkib Tiktok-da paylaşıb çıxdım. 1 saatdan sonra qardaşım yığdı ki, şeirin 10 min baxışı keçib. 100-150 nəfər kitab üçün yazdı. Beləcə, hər gün evə gələndə görürdüm ki, kitablar azalır.

- Videolara baxıram, bütün videoların o cümlə ilə başlayır . Oxucuların nə deyir?

Bir qəribə şey yoxladım. Məsələn, mənim şeirimdən bir sitatı “Heminquey deyib” kimi qələmə verirəm, hamıya təsir edir, “bizim Eminquey deyib” deyirəm, deyirlər, Eminqueydir də. Halbuki sitat özü əladır ha. Necəsə bizə o qiyməti vermirlər. Yəni indi “mən bu kitabda demişəm ki” desəm, effekti olmayacaq, insanlar sevirlər başqasını təqdim etməyə, onları sevməyə.

Məsələn, bir şeirimdə fəhləliyə aid deyirəm ki, niyə daşdan çıxır çörəyim, Allah, “can” yazırlar. Amma biləndə ki, ARB-də efir redaktoruyam, hiss edirəm ki, sifətləri dəyişir, deyirlər, hə, onsuz da qazanır da. Məsələn, mən zibilqabından zibil eşələyə-eşələyə şeir oxusam, daha çox reytinq yığacam, TV-lər axışıb gələcək çəkməyə. Çünki insanlara mənim bomj kimi yaşamağım daha maraqlıdır, bu daha kədərlidir. Heç kim istəmir ki, biz xoşbəxt olaq, rahat yaşayaq. Səni oliqarx kimi bahalı paltarda görmürlər, görsələr də şair kimi görmürlər. Mütləq düşünərlər ki, kiməsə yaltaqlıq edirsən.

Bir nəfər yazmışdı ki, əşi, başa düşdük də, şair deyir, bəs sən nə deyirsən? Onun-bunun hesabına qabağa getmək istəyirsən. (Gülür)

- Ümumi nə qədər kitab sata bildin?

- 1 ay tamam olmayıb, 500 kitab satılıb. Şeirə “şeyir” deyənə də kitab satdım, Filologiya fakültəsini bitirənə də. Saza qulaq asana da kitab satdım, caza qulaq asana da. Bütün təbəqələrə xitab elədim. Kitabı satanda ən xoşuma gələn şey nə oldu bilirsən, Emin? Bilmirəm, bu nədir? Siyasi gedişdirmi, ya ideologiyadırmı?! Bizi aldadırlar ki kitab oxuyan yoxdur. Bizi əməlli-başlı illuziyanın içinə salıblar. Guya insanlar kitab oxumurlar. Oxuyurlar! Rayonlarda kitaba ac olan o qədər adam var ki. Kitablarımın bəlkə də 90 faizini bölgələrdən aldılar.

O gün Naxçıvana kitab yollayıram, poçtdakı qadın deyir, oranı o qədər blokadaya salıblar ki, hətta buradan az qala qələm də sifariş edələr. Kitab oxuyan var, kitab alan var. Kitabımın içində bəlkə də ona yaxın şeir var, özüm bəyənmirəm. Kitabı alıb, oxuyub, sonra paylaşan adamlar var, paylaşdıqları şeirlərə baxıram, zövqləri var, bəyənmədiyim şeirləri onlar da bəyənməyiblər. Bu da lap çox xoşuma gəlir.

- Bəlkə bu illuziya şəhər-kənd analogiyası ilə bağlıdır?

- Elədir. Biz qaçqın gəlmişik də. Şəhərdə yaşayanların əksəriyyəti elə bilirdilər, biz Laçında da göy çadırda, qamışdan hazırlanmış evlərdə yaşamışıq. Laçın alınanda sonra oradakı ikimərtəbəli böyük evimizi paylaşdım, insanlar şoka düşdülər ki yəni Laçında belə ev olub?! Onlar elə bilirmişlər ki, biz orada mağarada-zadda yaşamışıq. Araşdırmışam, univeristetə yüksək balla qəbul olanların çoxusu rayonda yaşayanlardır. Antik dövrə də baxsaq, mütəfəkkir dediyimiz adamlar bölgələrdən çıxıb, bir müddət sonra şəhərə gəliblər. Çünki şəhərdə bunun üçün münbit mühit var. Məsələn, mən rayonda olsam, çayxanada şeir deyən adamam, çünki orada mühit yoxdur. Amma Bakıda sərgidə, təqdimatda. Bundan əlavə kitabımı əl-ələ tutub alan evli cütlüklər var idi. Öz həyat yoldaşına, nişanlısına kitab imzalatdıran bəy olmuşdu. Bu o qədər gözəldir ki.

Bunu niyə bu qədər gözəl hesab edirsən ki?

Bizdə belə bir xəstəlik var. Şairi sevməklə bizi sevmək arasındakı cızığı, sərhədi çox vaxt itiririk. Bir qız sənin bütün şeirlərini paylaşır, elə bir düşüncəyə qapılırsan ki, bu qız səni sevir, istəyir. Sonra baxırsan ki, paylaşdığı şeirlə bir başqa oğlana söz atır. Sonra görürsən ki, bir oğlanla əl-ələ tutub gəlir sənin kitabını almağa. O məni sevmir, Səddamı sevmir, Səddam Laçını sevir. Şeirini paylaşan oxucunun mesaj yerinə hücum çəkən şairlər, yazıçılar ədəbiyyatı da, özlərini də gözdən salırlar.

Biz bir yerdə oturanda sən mənim üçün Eminsən, mən sənin üçün Səddamam. Amma mənim oxucum üçün sən Eminqueysən, bir növ əlçatmazsan, sirlisən. Birlikdə şəklimizi paylaşanda soruşacaqlar, səninlə görüşmək, imzalı kitabını əldə etmək istəyəcəklər. Onlara bizim görüşümüz qəribə gələcək. Adımızı, sənətimizi batırmamalıyıq.

- Ədəbi mühitdən kitabına gələn reaksiyalar necə oldu?

- Normal, kitabın satılmasına sevinənlər də oldu, sevinməyənlər də. Hətta kitabın satılmasından narahat olanlar da oldu. Məni kütləviləşən müğənnilərlə bir tutanlar da. Kim nə deyir desin, mənim bu gün qarşıma qoyduğum məqsədim Səddam kimi davam etməkdir. Mən bu gün əminəm ki, düşüklük etmirəm, səviyyəsizlik etmirəm, buna rəğmən kitabım satılır, oxunur. Təbrizə kitabım çap olunub, orada da artıq satılıb qurtarır. Hər gün gedib alırlar. Bunu qazanmışamsa, bununla fəxr etməliyəm.

- Tez-tez kitabını alanları, şeirlərini paylaşanları paylaşırsan. Səncə bu kimlərdəsə qıcıq oyatmırmı?

- Təbii ki oyadır. Mən kababçı Şahların oğluyam. Həmişə deyirəm ki, kasıb adama olan sevgi daha realdır, çünki o adamların səndən bir təmənnası yoxdur. Səni puluna, vəzifənə görə sevmirlər. Bunu bildikləri halda məni sevməkləri məni xoşbəxt edir və sosial şəbəkələrdə bölüşürəm. Tanıdığımız adamlar var, 14 nəfərdən ibarət kitab təqdimatı keçirirlər, kameranı elə yerdən qoyurlar, adam çox görünsün, axşam da yazırlar, anşlaq oldu, adam əlindən tərpənmək olmurdu. Mənim təqdimatıma isə 170 nəfər gəlir, buna mız qoyurlar. 500 kitabımın satılmağın ağız büzən adam özü 1000 tirajla kitab çap etdirir. Əgər çox satılmaq bayağılıqdırsa, onda özün niyə 1000 tirajlıq kitab çap etdirirsən? Bəzilər deyir, mən elitar təbəqə üçün yazıram, 2000 tirajla kitab çıxarır. Əminliklə deyirəm, Azərbaycanda heç 500 nəfər elitar, intellektual adam yoxdur.

- Onlar da əlçatan deyil.

- Deyil, heç onların 400-ü də kitab oxumur, oxusa da sənin dilində oxumur. Sən Azərbaycan dilində yazırsan. Elit təbəqə dediyin adamların yarısı özlərinə Azərbaycan dilində danışmağı yaraşdırmır. Və sənin, mənim məişət mövzularında yazdıqlarımız onlara maraqlı deyil.

Ümumiyyətlə, şeirin boynuna bu qədər məsuliyyət qoya bilməzsən. Eminquey yazır, oxuyuram şeirlərini, bəyənirəm. “Bir dəvə belinə bənzər gözlərim, Canında su saxlar ağlamaq üçün”. Bunu ancaq bir şərqli qadın anlaya bilər, amerikalı üçün aktual deyil, mənim kənd qızlarına, qadınlarına yazdığım şeir kimi.

Məsələn, atamla kinoya baxıram. Bir amerikalı ata qızının üstünə qışqırdığı üçün pis olur, özünü bağışlamır, bunu tragediyaya çevirir. Azərbaycanlı bir ata buna baxıb nə qədər təsirlənə bilər? Mənim atam deyir ki, hələ yaxşıdır, ağzını cırmayıb, hələ bir pis də olub. Nə var, nə var qızı sevgilisi Conu öpən yerdə görüb və üstünə qışqırıb.

- Bu arada nişanlısan, toya hazırlaşırsan. Toyun necə olacaq? Oliqarx, intellektual, yoxsa?

- Gələn ay toyumdur, anam indidən xonça tutur. Mənim o toyda sadəcə bəy olmaq haqqım var. (gülür)

Valideynlərim öz istədikləri cür toy edəcək. Halbuki mən bunların hamısına qarşıyam, amma nə olsun, qarşı çıxa bilmərəm. Altı il restoranda ofisiant işləmişəm. Bütün gəlinlərin qucağına oğlan uşağı qoyurlar. Onların da heç 20 faizinin ümumiyyətlə uşağı olmur. Öz toyumda da bilirəm ki, anam uzaqdan da olsa, oğlan uşağını qucağıma verdirəcək. Halbuki ən böyük arzum qızımın olmasıdır. Yəni bəzi şeylər var, artıq biz onları qəbullanmışıq. Məni sırf buna görə qınaya bilərlər. Amma gəlin məni qınayanlara baxaq. Dildə müasirləşməyə nə var ki?! Mən heç olmasa köhnə düşüncəli biriyəm, köhnə kişilərdən birinin oğluyam, sən kimsən? Avropalı kimi danışırsan, amma şərqli kimi yaşayırsan. Nə müsəlmansan, nə də ateist, ömür boyu Allahı inkar edən yazılar yazırsan, amma dədən öləndə molla axtarırsan, ehsan verirsən.

- Mən səni neynirəm ki?! Bu şeirin daha məşhurdur. Bəs bu şeir öz ürəyincədirmi?

- Bu şeiri daha çox qıza yazdığımı düşünürlər, elə qızlara xitabən də paylaşırlar. Amma bu şeir Allaha yazılıb. Sən bir dəfə Məmməd Arazın məşhur “Dünya” şeiri haqqında yazı yazmışdın, orada təriqət-həqiqət anlayışını açmışdın, bu şeirdə götürdüyüm yol odur. Nə sənindir, nə mənim. Bu şeirdə irfani eşq var. Yanaqları qızılgül, dodaqları yasəmən deyirəm, arxasınca isə payızdan danışıram, xoş günləri nəzərdə tuturam, yəni əslində hansısa qızdan danışmıram. Füzuli deyir ki, yanalım, yaxılalım, sürmə kimi həll olalım, girəlim bəlkə bu tədbir elə yarın gözünə. Füzuli yarın gözünə sürmə çəkməkdən danışır, amma Allaha xitabən yazıb.

Allaha inanıram, amma bizə təqdim olunan Allah deyil o. O, tualetə hansı ayaqla girməyimə görə mükafat vermir. Mənim Allahım məni heçnədən yaradandır. Bir rus alimi deyir ki, bizim kim yaradıb bilmirəm, amma mütləq biri yaradıb. Bax bu şeiri o “biri”nə yazmışam, mən səni sev deyə sevmirəm.

- Ateistlər neyləsin bəs? Onlar da bu şeiri oxuyur axı!?

- Onlarınkı İslamladır. Fikir ver, onlar xristianlarla qəşəng yola gedirlər. Halbuki ateizm ümumiyyətlə Allahı inkar edir. Bizim ateislərin inkar anlayışı İslama, müsəlmanlara qarşıdır, ümumilikdə dinə qarşı deyil. Bu şeirdə bütün Allahları, dinləri qoymuşam qırağa. Ona görə də qəti qorxusu yoxdur. “Mən sevəndə bir ömür ayrılıqsız sevirəm”.

- Elə bil biraz ateistlərdən çox çəkmisən.

Avropadakılar müəyyən bir həqiqətə çatandan sonra ateist olur, bizimkilər cahil olub ateist olur. David İqlamon var, məşhur neyrobioloqdur, “Sənin beyin tarixçən” kitabı var. Hər şeyə açıqlama verir. Beynimiz hər şeyi qabaqcadan hesablayır. Götürəcəyimiz əşyanın ağırlığını, geri dönüş məsafəsini. Bunu neyronlar edir, qərar verir. Ona görə robot bizdən ləng işləyir. Bu qədər şeyi izah edəndən sonra gəldiyi qənaəti yazır ki, beynimiz bizdən asılı olmayan qüvvələr tərəfindən idarə olunur, çünki bilirəm bütün bunları neyronlar edir, amma neyronlara bunları nə yaxud da kim etdirir, onu bilmirəm. Adam ateistdir. Mən də deyirəm ki, bizdən asılı olmayan qüvvələrin adını Allah qoyanda olursan cahil, müəmma qoyanda olursan aqil. Adını Allah qoymağa cəsarət etmirlər. Mənim Allahım deyəndə ki istə, olur eqoist, özü “evrənə istədiyini mesaj kimi göndər” deyəndə rəhimli olur.

- Səddam, bəs yaxşı hesab etmədiyin şeirlərin? Onlarla münasibətin necədir?

- “Əmioğlu” rədifli şeirim vardı, o şeirə görə Moskvadan zəng vurub təşəkkür eləmişdilər. O şeirin ilk iki misrasını istedadım, qalan iki misrasını isə düşdüyüm mühit yazdırıb.

Fikirlər dərindir, mənalar incə,

Təzə köhnə olur təzə gəlincə.

Bir qıza yüz manat xərcləyincə,

On manat pul göndər içəri, dostum.

İlk iki misranın dalınca çayxanada oturan uşaqların başa düşdüyü dildə iki misra deməli idim. Yəni çevrə böyük faktdır.

- Tənqidçi Cavanşir Yusifli səndən yazı yazmışdı.

İki-üç hekayəmi oxuyub onlardan ümumi bir nəticə çıxarmışdı ki, bu uşaq harda qorxudan yazıbsa, orada mütləq bir səssizlik detalı verib. Bunu oxuyanda ağladım. Niyə? Mən uşaq olanda mal-qaramız var idi, həyətdən it səsi gələndə atam həmişə deyirdi ki, sən kişisən, qorxma, çıx bax. Onlara heç vaxt sübut edə bilmədim ki, mən uşağam, qorxuram. Çölə çıxanda it məni duymasın deyə dırnağımın üstündə yeriyirdim. Təki atam mənim gedib-gəldiyimi görsün. Sən demə, mən bu səssizliyi hekayələrimdə biixtiyar vermişəm. “Qaranlıqda səssizlik çökdü”, “Ətrafda ölüm səssizliyi çökdü”. Bundan sonra gərək qorxunu səssizliklə verməyəm, çünki bilindi, tutuldu. (Gülür)

- Səddam, şairlərə niyə dəli kimi yanaşırlar?

- Qıraqdan kim bizi görsə, dəli zənn edər də, bizi iş-güc yığışdırır, formaya salır. Şair olub normal olmaq anormallıqdır. “Yuxu” şeirin var, sən onu deyəndə qıraqdan baxıram ki, transa keçirsən, hiss edirəm, pis olursan, nəfəsini dərirsən. Adamın əlinə tikan batanda ağrıyar, amma adam tikanın batdığını düşünüb ağrıyırsa, burda ciddi bir şey var. “Səhər yuxularımızdan çin çıxmır ölən adamlar” misrasını deyəndə auraya düşürsən, üzündə elə reaksiya yaranır ki, səni o yuxuda görürəm.

- Səni dəli kimi görünməkdən qoruyan iş-güc özü elə əslində dəlilik deyilmi?

- İki yerdə redaktor işləyirəm. Səhər saat 10-dan axşam saat 11-ə kimi. Və məndən ədəbi inqilab gözləyirlər. Dəlilik budur. Azərbaycanda bir-iki nəfərdən başqa tanıdığım bütün adamlar ədəbiyyata hobbi kimi baxırlar. Yəni boş qalan vaxtlarında ədəbiyyatla məşğul olurlar. Və bu ədəbiyyat deyil. Biz boş vaxt tapanda ədəbiyyatla məşğul oluruq. Zədələnmiş idmançılar kimi heç olmasa paslamayım deyə işə gedəndə yolda, avtobusda nələrsə oxuyuram. Axşam 6-dan o biri işə gedənə kimi bir də oxuyacam. Mən həm mütaliə etməlirəm, həm də yazmalıyam. Necə?

- Səddam, redaktor işləyirsən. Hər gün kimlərləsə yazışırsan, sən də mənim kimi insanların yarım-yapalaq, səhv, küntöv yazdığını görürsən. Bu haqda nə düşünürsən bir redaktor kimi?

Azərbaycan məktəblisi 11-ci sinfə kimi neçə dəfə yazı yazır? Azərbaycan dili müəllimləri onlara ancaq qrammatika öyrədirlər. Bütün hazırlıq prosesində durğu işarələri iki vərəqlik dərsdir və imtahanda durğu işarələrindən cəmi bir dənə sual düşür. Beləcə, uşaq nə Azərbaycan dilində doğru-düzgün danışa bilir, nə də yaza bilir. Heç orta təhsili qoyuram qırağa, universitet tələbəsi olan adam yazıda o qədər səhv buraxmamalıdır. Universitetin 4-cü kursunda oxuyan adam “şeir” sözünü “şeyir” kimi yaza bilməz. Bu, oxuduğun universitetə, ona dərs deyən müəllimə təhqirdir.

- Səddam, oxucunun olmadığını bilsən, yazacaqsanmı? Əgər şeirdə üslubunu dəyişsən. oxucuların yenə səni sevəcəkmi?

- 31 yaşım var. Şeirlərim son 1 ildə oxunmağa başlanıb, amma 20 ildir şeir yazıram. Kitabda vur-tut 80-100 şeirim var, amma şeirlərim çoxdur. Məsələ oxunmaq olsa, bütün şeirlərimi bu kitaba salardım. Düşünmürəm ki, hansısa şair yazmasın ki, onsuz da oxunmur. Çünki bu ehtiyacdır. Mən ehtiyac duyuram şeir yazmağa. Hər şeyim var, ev tikdirirəm, atam, qardaşım dağ kimi arxamda dayanıb, kömək edirlər, işim var, sevilirəm, sevirəm, nişanlıyam, kitablarım satılır, xoşbəxtəm, amma həm də nəsə narahatam. Həftələrlə məni nəsə narahat edir. Bu boyda xoşbəxtliyin içində bir qəmli mahnı qoş, uşaq kimi oturub ağlaya bilərəm. Bu başqa, məndən ayrı bir şeydir. Şeirim var ki, kitaba salmamışam, bəsit gələ bilər oxucuya, amma onu yaşadığım an yazmasam rahat ola bilməzdim. Onu yazandan sonra dincəlirəm. İçimdəki bir Səddam var, o danışır, deyinir, şair Səddam da onu dinləyir və şeir edir.

Son olaraq bir sual da verim. Ədəbi mühitlə aran necədir?

- Əksəriyyəti ilə salam-sağolum var. Bir məqsədim var, heç birinə pislik etmirəm, sağ olsunlar, heç kimdən də pislik görməmişəm, edən də özünə edir. Həzrəti Əliyə kimsə hansısa əməlinə görə təşəkkür edir, o deyir, sən niyə təşəkkür edirsən, əksinə mən sənə təşəkkür edirəm, ona görə ki, əməlin xeyri mənə yazılır. Mən sənə yaxşılıq edirəmsə, Allah deyir, buna görə sən yaxşılıq etdiyin adama təşəkkür elə. Ədəbi mühit dediyim bir orqanizm var, orda varam, bir şair kimi. Orda niyə yoxam? Mən tamam başqa mühitdə böyümüşəm. Otururam, üç saat danışırlar ki, Ulucay yaxşı şair deyil, sonra necəsə Ulucay gəlir ora, baxırsan ki, söhbətin məcrası tamam dəyişdi. Yaxud da “Eminquey niyə şair olsun ki?!” deyən adam üç gün sonra onun şeirini səsləndirir. Mən bunu bacara bilmirəm. Amma içlərində çox yaxşıları da var. Kitabımın çapında da, çapından sonra da mənə dəstək olublar. O gün Rəvan Türkiyədən kitabımı istədi, dedim, pul lazım deyil, sən Türkiyədə ola-ola kitabımı istədiyinə görə çox sağ ol. Dedi, o nə deməkdir, biz eyni dövrdə yaşayırıq, yazırıq, mən bilməliyəm ki nə yazırsan da. Səni elə mən oxumalıyam. Vüqar Van kitabın çapında əməlli başlı can yandırdı. Mən çalışıram yaxşı adamlarla ünsiyyət quram. Ona görə də əgər ədəbi mühit varsa, mən o mühitin yaxşıları ilə olmağa çalışıram. Pislərə Allah özü kömək olsun.

 

Söhbətləşdi: Eminquey