21 Iyun 2025 11:17
96
MÜSAHİBƏ

“Azərbaycan müxtəlif balneoloji qruplara aid olan çoxlu sayda mineral sularla məşhurdur”

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun şöbə müdiri Rəna Musayeva nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

- Rəna xanım, ilk öncə mineral suların tərkibindəki mikroelementlər və onların rolu haqqında məlumat verərdiniz...

- Mineral sular ion-duz tərkibinə görə və insan orqanizminə müalicəvi təsir göstərən müxtəlif mikroelementlərlə zəngin olduğundan effektli balneoloji təsirlərə malikdir. Faydalı mineral maddələrlə zəngin olan su təkcə orqanizmin vacib makro və mikroelementlərlə təmin etmir, həmçinin toplanan şlak və toksinlərdən azad edir. Xroniki xəstəliyi olan insanların reabilitasiyasında effektliliyin artırılması məqsədilə müxtəlif iqlim şəraitində təbii müalicə amillərindən maksimal dərəcədə istifadə edilməsinin böyük əhəmiyyəti var.

Respublikamız uzun illərdir ki, müxtəlif balneoloji qruplara aid olan çoxlu sayda mineral suları ilə məşhurdur. Mineral sular vasitəsilə bir sıra xəstəliklər müsbət nəticə verməklə müalicə edilir.

Son zamanlar qablaşdırılmada əsas etibarı ilə mineral süfrə sularından istifadə olunur. Mineral süfrə suları ion-duz tərkibinə görə müəyyən fizioloji effektə və nəzərə çarpan diuretik təsirə malikdir. Onlar az və ya yox dərəcədə müalicəvi süfrə sularına yaxındırlar və müalicəvi təsir göstərirlər.

Bir çox mineral suların tərkibində olan (onların qəbulu zamanı), orqanizmə təsir mexanizmindən başlıca rol oynayan formoloji aktiv maddələrin təsiri dəqiqləşdirilib. Bu komponentlər sırasında birinci növbədə yod, brom, dəmir, arsen (mərgümüş) və kobaltın adını çəkmək lazımdır. Tez-tez mineral sularda stronsium, litium, silisium, alüminium, sink, mis, ftor və bor birləşmələrinə də rast gəlinir. Nadir hallarda isə, cüzi miqdarda başqa metalların (az tapılan nadir metallar) birləşmələrinə də rast gəlinir.

Aparılan tədqiqatlardan məlum olduğu kimi, kimyəvi tərkibindən və bioloji təsirindən asılı olaraq, mineral suların tərkibindəki kimyəvi elementlər bioloji aktiv, neytral, toksiki olmaqla üç yerə bölünürlər. Aktiv elementlər canlı orqanizmə spesifik bioloji təsir göstərməklə yanaşı, orqanizmin əvəzolunmaz tərkib hissəsini təşkil edirlər. Bu sıra elementlərə azot, dəmir, yod, kalsium, kalium, oksigen, kobalt, silisium, maqnezium, manqan, molibden, mis, natrium, kükürd, stronsium, fosfor, xlor, flor, qalay aiddir. Bunlardan ən vacib əsas elementlər Fe (hemoqlobinin tərkib hissəsində), Zn (insulin və bir sıra hormonlar), Fe, Mn, Cu, Mo və bir sıra ağır metallar (fermentlərdə), Co (vitaminlər, B12) və s.

Mikroelementlərin bioloji aktivliyinə rəy vermək üçün yalnız onların təyini kifayət deyil. Həmçinin, onların məhlulda hansı formada olmasını da bilmək vacib şərtlərdən biridir. Belə ki, üzvü metal birləşmələri və ya kolloidlər şəklində olmasının başlıca əhəmiyyəti var.

- Mineral sularda hansı elementlər və birləşmələr mövcuddur?

- Mineral sularda kifayət qədər elementlər və onların birləşmələri var. Məsələn, karbon qazlı sularda – silisium, dəmir, arsen, bor; xloru çox olan sularda – yod, brom, bor, stronsium, üzvü maddələr olur. Kəskin zəhərli elementlərlə zəngin olan mineral sulardan nə içməli su kimi, nə də müalicə məqsədilə istifadə etmək olmaz.

- Müalicəvi mineral sular hansı xəstəliklərə göstərişdir?

- Xroniki qastritlər mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (yarım kəskin və remissiya dövrü), duodenit, xroniki enterokolit, xroniki xolesistit, xroniki hepatit, öd kisəsi və öd yollarının diskineziyası, xroniki pankreatit, şəkərli diabet (yüngül və orta ağırlıqda) zamanı müalicəvi mineral sular göstərişdir. Həmçinin, piylənmə (ağır olmayan forma), podaqra, xroniki pielit, xroniki sistit, artrit və poliartrit (vərəm mənşəlidən başqa), osteoxondroz, spondilyoz (svişsiz və vərəmsiz), miokardiodistrofiya, hipertoniya xəstəliyi (I dərəcəli), hipotoniya, nevralgiya, nevrit, radikulit, pleksit, periferik sinirlərin travmatik zədələnmələri, xroniki bronxit, bronxial astma, postemorraqik anemiya kimi xəstəliklər zamanı müalicəvi mineral sular tövsiyə olunur.

- İşğaldan azad olunan ərazilərdə müalicəvi mineral suların istifadə perspektivliyi haqqında nə deyə bilərsiniz?

- Azərbaycan coğrafi cəhətdən çox kəskin dəyişkən relyef quruluşuna malikdir. Respublikanın ümumi ərazisinin təxminən yarısı dağlıq, qalanı isə düzənliklərdən ibarətdir. Geoloji quruluşunda xeyli mürəkkəbliyin, süxur tərkibinin müxtəlifliyi və illik yağıntının miqdarını dəyişikliyi ölkənin ərazisində xüsusi hidrogeoloji şəraitin yaranmasına səbəb olub. Buna görə də, Azərbaycanda dünyada məlum olan bütün mineral su hövzələrinə rast gəlmək mümkündür.

Mineral su mənbələrinin 90%-dən çoxu dağlıq rayonlarında yerləşib. Metamorfik suların içərisində olduqca qiymətli müalicəvi sular var. Belə sulara ən çox cavan yaşlı vulkanik rayonlarda təsadüf edilir. Onların həm isti, həm də soyuq bulaqları olur. Bu suların tərkibində çoxlu miqdarda karbon qazı, eləcə də, nadir elementlər mövcuddur. Nadir elementlərin ionları sulara müxtəlif geoloji dövrlərdə keçib. Suların metamorfizmə uğramasına səbəb yüksək təzyiq və temperaturdur.

Azərbaycan ərazisində belə sulara Böyük və Kiçik Qafqaz dağlarında, Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Qarabağ ərazisində çıxan 25-dən çox məlum olan mineral sular geniş spektorlu yüksək təsirə malikdirlər. Bunlarda Şuşadakı Şirlan, Turşsu, Kəlbəcərdə Tutqun, Qoturlu, Mozçay, Aşağı və Yuxarı İstisu, Bağırsaq, Laçında Minkənd, Qarıqaxa, Zəngilanda Qotursu və s misal göstərmək olar.

- Kəlbəcər rayonunun müalicəvi suları haqqında məlumat verərdiniz...

- Kəlbəcər rayonunda Tutqun çayı boyunca 3 yerdə qiymətli müalicəvi mineral bulaqlar yerləşir - Yuxarı İstisu, Aşağı İstisu və Bağırsaq. Bağırsaq bulağı 14 mənbədən ibarət olub, Yuxarı İstisu bulağından 2 km məsafədə dəniz səviyyəsindən 2470 m yüksəklikdə yerləşir və soyuq radonlu (160-380 nki/l) sulardır. Temperaturu 16-48ºC arasında dəyişir. Minerallaşma dərəcəsi 7 q/l-ə bərabərdir. Aşağı İstisu 8 çıxışı olmaqla Tərtər cayı sahilində rayonun mərkəzindən 13 km cənub qərbdə yerləşir. Minerallaşma dərəcəsi 6,7-7,4 q/l, temperatur 64-68ºC, suyun spesifik komponentlərindən karbon qazı 670 mq/l, H2SiO3 165 mq/l- bərabərdir. Dünya şöhrətli Çexiyadakı Karlovi-Vari suyunun analoqudur. Yuxarı İstisu bulaqları Tərtər cayı sahilində dəniz səviyyəsindən 2225 m yüksəklikdə yerləşir. Minerallaşma dərəcəsi 6,6-7,3 q/l, temperatur 58-71ºC, suyun spesifik komponentlərindən karbon qazı 300-600 mq/l, H2SiO3 150-200 mq/l, As 3-5 mq/l, HBO2 100 mq/l ə bərabərdir.

- Həmçinin, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin içməli və müalicəvi suları haqqında məlumat verərdiniz...

- Şuşa şəhəri hələ qədim zamanlardan özünün şəffaf, dadlı, buz kimi soyuq içməli bulaqları ilə bərabər müalicəvi mineral suları ilə məşhurdur: İsa bulağı, Səkili bulaq, Daşaltı bulağı, Soyuqbulaq, Şorbulaq, Saxsı bulaq, Əjdaha bulağı, Dəvəbatıran, Fındıqlı və s.

Şuşa şəhərindən 18 km cənub-qərbdə, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşən Turşsu kurortu və Şuşanın 20 km olan Şırlan hali arasında çoxdan bəri şöhrət qazanmış yerlərdir. Bu yerlərin iqlim şəraiti Şuşanın iqlim şəraitinə çox oxşayır. Turşsuda və Şırlanda olan mineral su bulaqları xüsusilə maraqlıdır. Əvvəllər aparılmış tədqiqat məlumatlarına görə (Pyatiqorsk Balneoloji İnstitutu), 1926-cı ildə Turşsu bulaqları karbonlu bulaqlar sırasına daxil edilib.

Turşsu bulaqlarının suları sidik yolları xəstəlikləri və bəzi mübadilə xəstəlikləri (podaqra, sidik turşulu diatez və s.) zamanı məsləhət görülən bulaqların sularına tərkibcə çox yaxındır.

Şırlan bulaqları sularının tərkibində çoxlu miqdarda maqnezium ionları vardır. Bu suyun dadı xoş, turşməzədir və iyi yoxdur, çıxdığı zaman çoxlu karbon qazı buraxır. 1 litr suda 2,9 qrama qədər sərbəst karbon qazı var. Şırlan suyunun müxtəlif bulaqlarının temperaturu 9-12 C°-dır. Bu su bədən dərisinin xəstələnmiş yerinə (dermatit zamanı) tətbiq edildikdə sakitləşdirici təsir göstərir, dərinin göyərməsini azaldır.