Ta bizə ölüm yoxdu- Əbülfət Mədətoğlu yazır…

ƏBÜLFƏT MƏDƏTOĞLU
692 | 2025-10-14 11:56

Bu bir həqiqətdir ki, dilimizin açarı, fikrimizin ifadəsi layladır, bayatıdır. Yəni biz ilk eşitdiyimiz layla ilə, bayatı ilə, oxşama ilə bu dünyanın nəbzinə yaxınlaşırıq. Havasına, suyuna alışırıq... Beləcə damarımızdakı qan, varlığımızdakı hüceyrələr qidalanır, toparlanır. Biz ayaqda olduğumuz bütün zamanlarda, çox qəribədir ki, yaşımızdan, başımızdan aslı olmadan laylanı, bayatını unutmuruq. Şəxsən mən inanmıram ki, bu məmləkətdə kimsə laylanı eşitməmiş olsun, kimsə bayatıdan xəbərsiz olsun. Yəni cinsindən aslı olmadan mütləq və mütləq hər kəsin yaddaşında iki sözdən ibarət olsa da layla, bayatı var. Bax, bir anlıq gözünüzün önünə gətirin, yaşlı-başlı bir adam son nəfəsində də ana laylası istəyir… Son nəfəsində də bir bayatı deyir. Deməli, harda doğulmağımızdan asılı olmadan bizi var edən bizim bizliyimizin təsdiqlərindən olan laylanı, bayatını bizə hopdurur.

Mən də, eləcə də siz də yəqin ki, orta məktəb illərindən layla, bayatı barədə oxumuşuq, eşitmişik. Yəni ədəbiyyat dərslərində bunu bizə öyrədiblər. Təbii ki, sonra kimsə elmin bu sahəsini seçəndə o, bir az da artıq öyrənib, bir az da çox bilib. Burada onu da vurğulayım ki, xüsusi marağı olanlar, yəni bayatını, laylanı hobbi seçənlər də bu işin qulpundan tutublar. Amma…

Bayatı, layla folklordur, xalq yaradıcılığıdır. Biz də hər birimiz ayrı-ayrılıqda xalqın bir hissəsiyik. Xalqın bir hissəsi olan biz də, yəni söz sənətinin sahibləri də zaman-zaman yaradırlar laylaları, bayatıları. Zamanın axarında bir şairin, bir aşığın yaratdığı bayatı, layla sonda olur bütün xalqın. Elə mənim də yazmaq, demək istədiyim bu gün yaranan bayatılarımızla bağlıdır. O bayatıların bir hissəsini də şair İlham Qəhrəman yaradıb.

İndi əlimdə tutduğum bu kitabın adı “Dəyirmanın su dərdi”dir. Üz qabığı da özündə elə su dəyirmanını əks etdirir. Və bu şəkil də mənim yadıma doğulduğum Qarabağda, dünyaya baxdığım Tuğ kəndindəki su dəyirmanlarını salır. İndi də gözümün önündədir o dəyirmanlar. Bax İlham Qəhrəman o su dəyirmanında nə suyun dərdin çəkir, nə də dənin. Çünki üyütməyə dəni də var, dəyirmanın pərlərini işlədəcək suyu da var. O su, yəni dəyirmanın ehtiyac duyduğu su İlham Qəhrəmanın İLHAMıdır. O dən isə İlham Qəhrəmanın bayatılarıdır.

Öncədən deyim ki, İlham Qəhrəmanın bu kitabı onun yazdığı bayatılardan ibarətdir. Girişdə də vurğulandığı kimi, kitab 275 bayatıdan ibarətdir. Və kitaba da dəyərli ədəbiyyatşünasımız, filologiya elmləri doktoru İradə Musayeva həmişəki kimi mükəmməl Ön söz yazıb.

Mən kitabı “Sevgi bayatıları” fəslindən oxumağa başlayanda elə bildim ki, masamın üzərində heç bir kitab yoxdur. Elə bil İlham Qəhrəman oturub yanımda bayatılarını özü pıçıldayır mənə. Çünki bu bayatıların səmimiyyəti, bunun nazı, işvəsi, sürməsi, qaşı- gözü, ədası o qədər yerli yerindədir ki, bunu ancaq sevgi nəğməsi kimi də təqdim etmək olar. İlham Qəhrəman yazır ki:


Mey məzəyə duranda,

Qız kuzəyə duranda.

Qızıl-gümüş sevinər,

Yar bəzəyə duranda.

 

Və yaxud:

 

Yazdan gəlib göy dağa,

Heyran qalıb Göy dağa.

Göründün köks ötürdüm,

Necə boz dağ göy dağa.

 

Yəqin ki, birinci bayatıya diqqət yetirdiniz. İlk iki misra səmimi bir vəsfdir.  Üçüncü, dördüncü misra isə düşündürən,həm də göstərən məntiqdir. Axı adətən qızıl-gümüşü üst-başına taxan sevinir. Amma İlham Qəhrəman o qızıl-gümüşün yar bəzəyi kimi sevindiyini dilə gətirir. Daha dəqiq açıqlasaq, o qızıl-gümüş sevdiyinin bəzəyi olduğu üçün aşiq tərəfindən də sevilir. Təbii ki, bu sevinc qızıl-gümüşü də sevinməyə kökləyir. Əşya olsa da o, sevilənin yanında olduğu üçün sevinc yaşayır.

Zənnimcə, bu həm poetik tapıntıdır, həm də bayatı janrını lakonik bir şəkildə oxucuya, dinləyiciyə sevdirməkdir. İkinci bayatıda da yenə İlham Qəhrəman sözlərin cinasından yararlanaraq ilk iki misrada təsviri çatdırır bizə. Son iki misrada isə vəsf etdiyinin şairə, yəni duyğusal bir insana həsrət, ağrı yaşatmaq imkanını sərgiləyir. Boz dağın ümidinə qalan vətəndə vətənsiz bir şair göy dağın, yəni ormanlı, bulaqlı, çeşməli, çaylı, kəklikli,  turaclı dağın həsrətini çəkir. Bu isə həm düşündürən, həm kövrəldən, həm də xatirələri oyadan bir bayatıdır.

Sevginin qısqanc, incik, bəzən küskün notları da olur. Söhbət həqiqi sevgidən gedir. Və bu həqiqi sevginin çalarlarını da həqiqi aşiqlər duyurlar. O duyğunu da İlham Qəhrəman kimi şairlər bayatıya çevirirlər. İnanmırsınız özünüz oxuyun:

 

Şirin olar yar dadı,

Gözdən salar hər dadı.

Görən heç soruşurmu-

Zəhləm qaçan hardadır?!

 

Yaxud da:

 

Göldən uçan qu dərdi,

Suya söylə, yu dərdi.

Mənim sənsiz qalmağım,

Dəyirmanın su dərdi.

 

Yəqin ki, hər iki bayatının ovqatı artıq sizi öz aurasına alıb. Həm “zəhləm gedən”, həm də “su dərdi” əslində predmet deyil, söz deyil. Hissdir, duyğudur. Özü də su kimi dupduru, halal və içdən gəllən hiss. Sadəcə olaraq birində umu-küsü var, o birində də bir mənəvi umacaq, ümid, təsəlli. Çünki susuz dəyirman əslində, kobud ifadə etsəm, xaraba dəyirmandır. Sahibsiz, atılmış, unudulmuş dəyirmandır. Amma o dəyirmanın arxına suyun gələcəyini düşünsən, buna ümidli olsan, onda yaşamağa da dəyər, sevməyə də.

İlham Qəhrəmanın 275 bayatısının demək olar ki, hər birini öz baxış bucağımda, öz məntiqimlə şərh etmək, yozmaq gücümə inanıram. Amma indiki məqamda bu kitabdan hamının yararlanması üçün fürsəti oxucuya verirəm. Bir zəhmətə qatlaşsınlar. Bir qom bayatı oxusunlar. Və görsünlər ki, İlham Qəhrəmana ölüm yoxdur. Çünki :

 

Yanmışam külüm yoxdu,

Pis işdə əlim yoxdu.

Laçın azad olandan

Ta bizə ölüm yoxdu.

 

Düşünürəm ki, bu bayatı təkcə Laçına və laçınlılara deyil, bütün Azərbaycana ünvanlanıb. Sadəcə olaraq İlham Qəhrəmanın icazəsi ilə demək istəyirəm ki:

Böyük zəfərdən sonra

Ta bizə ölüm yoxdur!

 

 

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV