Allahın meymunlara yazığı gəldiyindən sonradan onları insana çevirmədi.
Mələklər yığılmışdılar Rəmişin başına. O isə ağır-ağır nəfəs alırdı, əgər buna nəfəs almaq demək mümkün idisə, rəngi-rufu qaçmışdı, mələklərin gözü qabağında sönürdü. Vaxtilə Rəmişin ürəyini sinəsindən qoparıb həmin ürəkdəki qanı təmiz sıxıb çıxararaq öpüb, sonra da dodaqlarını yapışdıraraq öz qanıyla dolduran mələk də əlacsız qalmışdı. İstəsəydi indi də onun ciyərini çıxarar, təmizləyər və yenidən qaytarıb yerinə qoya bilərdi. Amma qara tül pərdədə olan Qara Niqablı Mələk hamısına gözünü ağartmışdı.
Bu, Rəmişin sonuydu.
Ona təmiz hava vermək üçün ağız-burnunu nə iləsə qapatmışdılar. Amma hiss eləyirdi ki, ağzındakı ona nəinki təmiz hava verir, əksinə, nəfəs almağa mane olur, boğulur, ciyəri o təmiz havanı qəbul edə bilmir. Özünü birtəhər toparlayıb əlini atıb onu çıxartdı. Və hiss etdi ki, nəfəs almağı yüngülləşdi. Əlli ildi çirkli hava almağa öyrənmiş ciyərləri kef elədi. Tibb bacısı nəfəsliyi yenidən taxmaq istədi.
Həkim dedi:
- Lazım deyil, qoy rahat ölsün!
Birtəhər gözlərini açdı. Harda olduğunu anışdıra bilmədi. Elə bildi Abdaldadı, Kəhrizin üstündə. Yenə uşaqlar yığışıb başına. O da taxtanın üstünə çəkdiyi simlərlə nə isə çalır. Kəhrizin suyunun səsi, meşədəki ağacların yarpaqlarının pıçıltısı, küləyin xışıltısı qarışıb onun nə çaldığını özü də bilmədiyi melodiyaya.
Yavaş səslə otaqdakı tanımadığı adamlara dedi:
- Gitaramı istəyirəm.
Həkim gözü ilə Tibb bacısına işarə elədi ki, gitarasını tapıb gətirsinlər. Tibb bacısı qaçdı çölə, qapının ağzında oturub ağlayan Gülüyə dedi:
- Gitarasını istəyir.
Gülü göz yaşlarını sildi, bir az sevincək oldu, qaçıb maşındakı gitaranı götürdü. Həyətə toplaşmış dostları soruşdu:
- Necədir?
- Deyəsən, yaxşılaşıb, gitarasını istəyir.
Və gətirib gitaranı verdi Tibb bacısına. Tibb bacısı da girdi içəri, gitaranı qoydu Rəmişin sinəsinə. Ən əziz sevgilisini sinəsində görəndə nəfəs almağı bir az da rahatlaşdı və başladı gitaranı sığallayıb əzizləməyə.
Qara Niqablı Mələyin ömründə ilk dəfə gözləri yaşardı, amma o da heç bir şey edə bilməzdi - Rəmişi aparmağa gəlmişdi. Əyildi Rəmişə tərəf və dedi:
***
Divardan çox bahalı və qədim bir xalça asılmışdı. Amma Qurban əmini xalçanın bahalı, qiymətli və qədim olması cəlb eləmədi, xalçanın üstündən asılmış məktəbli tarı cəlb elədi. Üzünü Hüseyn kişiyə tutub dedi:
- Sənin tarındı?
- Yox, oğlumundu, həvəskardı.
- Musiqi məktəbinə gedir?
- Xeyr, musiqi məktəbinə yaşı çatmır, hələ dörddə oxuyur. Amma arada Aşıq Xaspoladın yanına gedir, ondan saz çalmaq öyrənir.
- Çala bilir?
- Bir dəfə gördüm ki, taxtanın üstünə sim çəkib, uşaqlar da yığılıb başına nəysə çalır, amma nə çaldığını bircə özü bilir. Həvəsini görüb gedib bu tarı aldım.
- Çağır gəlsin.
Hüseyn kişi üzünü tutdu xanımına:
- Ordan Rəmişi çağır.
- Bu nə addı qoymusan uşağa?
- Adı Rafiqdi, amma evdə-eşikdə, kəddə-kəsəkdə hamı onu Rəmiş çağırır.
İçəri yaşına uyğun olmayan ucaboylu, irigözlü, uzun sifətli, saçları qarışıq bir uşaq girdi. Və böyüklər kimi də gəlib Qurban əmi ilə əl tutuşdu.
- Xoş gəlmisən.
- Məni tanıyırsan?
- Səni kim tanımır ki? Tarın atasısan.
- Onda sən də ol tarın balası. Götür çal görüm, necə çalırsan?
Rəmiş xalçanın üstündəki tarı götürdü, oturdu stulda, tarı da qoydu dizinə və soruşdu:
- Qurban əmi, nə çalım?
Qurban əmi:
- Əvvəla, tarı qaldır sinənə, diz üstə çalmazlar.
- Qurban əmi, mənə belə xoşdu.
- Bir Segah çal.
Gözlərini yumdu, başını tarın çanağına söykədi və "Segah"ı öz yerində yox, tamamilə başqa bir yerdə, Qurban əminin heç vaxt eşitmədiyi bir yerdə çalmağa başladı. Barmaqları tarın pərdələrində gəzişir, Qurban əminin bəlkə ilk dəfə dinlədiyi başqa bir "Segah" çalırdı. Rəmiş hərdən "Segah"dan ayrılır, eyni ahənglə başqa nələrsə çalır, çalmır, daha doğrusu, uydurur, sonra yenə qayıdırdı "Segah"a. Beləcə, təxminən iyirmi dəqiqə çaldı. Sonra gözlərini açıb Qurban əmiyə baxdı. Qurban əmi də təəccüblə ona baxırdı.
- Sən nə çalırdın?
- Segah.
- Axı, nəsə ayrı şey çalırdın?
- Mən Segahı belə görürəm.
- Sən Segahı görürsən?
- Qurban əmi, mən nə çalıramsa, onu görürəm, gördüyümü çalıram.
Qurban əmi üzünü tutdu Hüseyn kişiyə:
- Hüseyn, bu uşaqdan nəsə olacaq. Əjdahadı, amma gərək oxuya.
- Vallah, heç dərslərini oxumur. Qorxuram musiqi məktəbində də elə oxuya.
- Amma tarı çox zəifdi, məktəbli tarıdı. Ona yaxşı bir tar bağlat.
Qurban əmi sonra nə fikirləşdisə sürücünü çağırıb dedi:
- Ay oğul, maşındakı o tarı gətir bura.
Sürücü maşındakı futulyarı gətirib açdı, içindən qeyri-adi bir tar çıxartdı, tar alışıb yanırdı. Başdan-ayağa sədəfin içindəydi. Çanağında da iki zolaq sədəf gedirdi və sədəflə də yazılmışdı: "Qurban Pirimov".
Qurban əmi tarı götürüb kökünü yoxladı və verdi Rəmişə:
- Ala, indi bunda Segah çal görüm.
Rəmiş ömründə belə bir tar görməmişdi. Xeyli tarı əlləri ilə oxşadı, sonra da simlərin kökünü dəyişdi və yenə qoydu dizinin üstünə, indi də tamamilə başqa bir pərdədə "Segah" çalmağa başladı. Bu "Segah" əvvəlkindən fərqlənirdi. Yenə gözlərini yummuşdu. Barmaqlar tarın pərdələrində gəzişir, öz bildiyi bir şey çalırdı.
Qurban əmi çaşmışdı - eyni "Segah", amma bu dəfə başqa cür səslənir, başqa bir pərdədə başqa bir kökdə çalınır.
Rəmiş, nəhayət, çalmağı dayandırdı, yenə gözlərini açıb Qurban əmiyə baxdı. Qurban əminin isə diqqəti onun pərdələrdə gəzişən uzun barmaqlarındaydı.
Musiqinin təsiridən ayılandan sonra dedi:
- Rəmiş, bu tar sənə halaldı, bağışladım sənə.
Hüseyn kişi etiraz elədi:
- Yox, Qurban əmi, götürə bilmərik.
- Sənə bağışlasam, götürməzsən, mən onu bu dəli balama bağışlayıram.
Rəmiş sevindiyindən qalxıb Qurban əminin boynuna sarıldı.
Gecə yatanda tarı sinəsinə sıxıb yatdı. Arada anası gəlib tarı götürmək istədi, amma Rəmiş yuxulu-yuxulu olsa da, tarı buraxmadı.
Anası ikinci dəfə gələndə gördü Rəmiş yerində yoxdu. Çıxdı həyətə, həyətdə də yox idi. Qayıtdı geri, Hüseyn kişini oyadıb dedi:
- Ay kişi, Rəmiş yerində yoxdu. Həyətə baxdım, həyətdə də yoxdu.
- Bəlkə tualetə gedib?
- Tarnan?
Rəmiş isə göylərdəydi, mələklər onu oğurlayıb aparmışdılar. Təmiz başqa bir dünyaya düşmüşdü. Elə bilirdi əlini uzatsa, ulduzlara çatar. Yanından keçən ulduzların səsini eşidirdi, mələklərin pıçıltısını eşidirdi. Üzləri niqabla örtülmüş mələklər Rəmişin qıvrım saçlarını qarışdırır, üz-gözünü sığallayır, hətta uzun barmaqlarını öpürdülər.
Rəmiş eşitmişdi ki, mələklərin qanadları var, amma bunlar qanadsız idi. Əllərini açanda üstlərindəki tül qanada oxşayırdı və gözəllik yaradırdı.
Bu vaxt mələklərdən biri əlini onun sinəsinə salıb ürəyini çıxartdı. Rəmişin gözləri çıxmışdı kəlləsinə, təəccüblə mələyin əlindəki döyünən ürəyinə baxırdı. Mələk əlində döyünən ürəyi içindəki qan bitənəcən möhkəm-möhkəm sıxdı. Sonra dodaqlarını artıq döyünməyən ürəyə yapışdırıb onu yenidən qanla doldurdu və ürək yenidən döyünməyə başladı. Və mələk döyünən ürəyi qaytarıb qoydu Rəmişin sinəsinə. Tarı qaytarıb verdilər Rəmişə, hardansa bir kətil də tapıb gətirdilər. Rəmişi oturtdular kətilin üstündə və pıçıltıyla dedilər ki, çal.
Rəmiş nə çalacağını bilmirdi. Və başladı mələklərin pıçıltısını çalmağa. Yanından uçub gedən ulduzların səsini çalmağa. Bayaq mələyin əlində döyünən ürəyinin döyüntüsünü çalmağa. Mələklər isə onun ətrafında uçurdular. Rəmiş də onlarla bir yerdə uçurdu. Beləcə xeyli uçdular. Sonra mələklər onun yorulduğunu görüb qaytarıb qoydular hardan götürmüşdülər ora.
Rəmiş qan-tər içində ayıldı və qorxdu. Çığırdı:
- Nənə, ay nənə.
Bayaqdan gözünə yuxu getməyən anası içəri girəndə Rəmişi qan-tər içində görüb qorxdu:
- Ay bala, sənə nə olub, hardaydın?
- Göylərdəydim, nənə. Mələklər üçün tar çalırdım.
Anası çaşmış halda:
- Bu uşaq onsuz da dəliydi, indi lap dəli olub.
lll
...Bağda uşaqlar yığışmışdılar Rəmişin başına. Heyrətlə Qurban əminin bu qeyri-adi tarına baxırdılar. Rəmiş də bu qeyri-adi tarı çalmırdı ey, inlədirdi. İnləyən tarın səsini eşidən göylər qəfil şaqqıldadı, ildırım çaxdı. Tarın iniltisi göyləri də kövrəltdi, necə bir yağış başladısa, hamı durub evlərinə qaçdı. Rəmiş gördü yağış tarı isladacaq əynindəki pencəyi çıxarıb sarıdı tara. Getdikcə yağış güclənirdi. Yağışdan gizlənmək üçün oturmuşdu bir ağacın altındakı daşın üstündə. Amma yağış elə yağırdı ki, yarpaqlar damcıları saxlaya bilmirdi.
Bu vaxt göyün üzü nurlandı. Və o nur təkcə Rəmişin üzərinə düşürdü. Aləmi sel-su aparsa da, Rəmişin üstünə yağış yağmırdı, elə bil kimsə başı üstündə çətir açmışdı. Bunu görən Rəmiş qalxıb evlərinə tərəf üz tutdu. Nur da onun başı üstündə gedirdi.
Bu vaxt meşədən çıxan bir canavar ona tərəf qaçmağa başladı. Rəmiş qorxusundan tir-tir əsirdi. Amma qəfil bir ildırım çaxdı və canavarı vurdu. Rəmiş çaşmışdı. Yavaş-yavaş, qorxa-qorxa ölmüş canavarın yanından keçdi, sonra götürüldü evlərinə. Nur da başının üstündə. Qapını anası açdı, Rəmişi belə yağışda islanmamış görüb təəccüblə soruşdu:
- Ay bala, sən harda gizlənmişdin ki, islanmamısan?!
- Nənə, vallah, bilmirəm, elə bil kimsə başımın üstündə çətir asmışdı.
lll
Şairlə oturmuşdular Rəmişin balaca, xudmani otağında. Rəmiş də gitarasını qoymuşdu dizinin üstünə. Gitarasını köklədi, sonra da dedi ki, o çantanı aç, qoş gitaraya.
Şair diplomat çantanın içinə dinamiklər quraşdırmışdı, batareya ilə işləyirdi. Çölə, meşəyə gedəndə həmişə özləri ilə götürərdilər.
Şair çantanı açdı, dinamikləri qoşdu gitaraya.
- Qaqa, istəyirsən səni Qədirlə görüşdürüm?
- Nə axmaq-axmaq danışırsan, Qədir indi cənnətdə hurilərlə kef edir. Mənimsə ölmək fikrim yoxdur. Özü də nə səni, nə də məni cənnətə buraxarlar. Bizim yerimiz cəhənnəmlikdi, amma bir az sərin yeri.
Rəmiş başını buladı:
- Axmax-axmax sən danışırsan ey, özün də şairsən. Şairlər dünyanı hamı kimi görürsə, ondan şair olmaz. İndi mən səni aparıf Qədirlə görüşdürərəm, onda bilərsən ki, Rəmiş kimdi. Onda görərsən şair sənsən, yoxsa mən. Orda konyak var, gətir yüz-yüz süz, usiliteli də qoş; - dedi və sonra cibindən bir çəngə ot çıxartdı; - Bunu da at qazın üstünə, qoy ətri yayılsın.
Konyakı içdilər.
- Yüz-yüz də süz.
Şair yüz-yüz də süzdü.
- Götür, bunu da içəh Qədirin sağlığına. Hərçənd ki adam döyül.
Sonra başladı çalmağa. Barmaqlar pərdələrin üzərində gəzir, qəribə bir melodiya yaradırdı. Şair ilk dəfə eşidirdi bu melodiyanı. Sonra lap həzin çalmağa başladı. Səslər lap zəif eşidilirdi. Əvvəl-əvvəl otağın işığı yavaş-yavaş közərdi və söndü, düşdülər bir qaranlığa.
İnsanların çığırtısı eşidilirdi, qadınlar fəryad edirdi. Şəhərin ayrı-ayrı yerlərində yanğınlar vardı. Şair hara düşdüyünü bilmirdi. Bu yanğınlar, insanların çığırtısı sanki Rəmişin vecinə də deyildi, öz halındaydı. Bir darvazanı döydü və uca səslə çığırdı:
- Qədir, ay Qədir!
İçəridən səs gəlmədi. Yenə çığırdı:
- Qədir, ay Qədir, ölmüsən?
Darvazanın qapısı şaqqıltı ilə açıldı:
- Ə, nə bağırırsan?
Qarşılarında Qədir Rüstəmov durmuşdu. Qəlyanı da əlində, özü də çox pəjmürdə:
- Keçin içəri. Sən nə həyasız adamsan, yenə gəlmisən? Görmürsən şəhər od tutub yanır? Əmir Teymurun qoşunları girib şəhərə. - sonra məni göstərib dedi: - Bu yanındakı avara kimdi?
Şair çaşıb qalmışdı, illərin dostu Qədir Şairi tanımadı. Haqqında kitab yazdığı, onlarla məqalə həsr etdiyi, bir yerdə ova, balığa getdiyi Qədir, hər dəfə "Sona bülbülləri"nə qulaq asanda onu ağladan Qədir indi Şairi tanımadı.
Şair:
- Qədir, mənəm də mən, Aqil.
Qədir turşumuş üz-gözünü bir az da turşutdu:
- Nə Aqil, hansı Aqil? Tanımıram. Day gəlmisiniz də, keçin içəri, görək başımıza nə iş gəlir.
Səliqəli, xəli döşənmiş bir otaq idi, stolun üstündə də şamlar yanırdı. Divardan tar və qaval asılmışdı. Keçib oturdular.
Rəmiş:
- Mən bu Şairi inandıra bilmədim ki, sən ölməmisən, ona görə götürüf gəldim gözü ilə görsün.
- Ə, niyə ölürəm? Amma qorxuram bu gecə Əmir Teymur məni dar ağacından asdıra. Eşitmişəm ki, əsgərləri məni tapmaq üçün şəhəri ələk-vələk edirlər.
- Ə, Əmir Teymur kimdi ki səni öldürtsün? Onun saa gücü çatmaz. Səni Allah qoruyur. Sən hələ Rəmişi tanımırsan, Seyid Lazım Ağanın cəddi haqqı onları cırıx-cırıx edərəm. - sonra üzünü tutdu Şairə: - Ə, Şair, Əmir Teymur kimdi?
İndi Şair bunu necə başa salsın, ömründə bircə kitab oxumayan adama, beynində gitaradan, tardan başqa heç nə olmayan adama.
- Nəsimi kinosunu görmüsən?
- Hə. Rasim Balayev mənim dostumdu.
- Orda bir hökmdar var ey, özü də axsıyır, Əmir Teymur odu.
- Qaqa, bəs o ölmüyüf?
Şair əsəbi halda:
- Qədir ölməyibsə, o da ölməyib də. İndi özün görərsən.
Qədir adama bir stəkan çay süzdü, ortaya kişmiş qoydu. Heç bir qurtum içməmişdilər ki, qapı təpiklə açıldı. İçəri dörd-beş zirehli, saçları uzun, üz-gözlərindən zəhər-zəhrimar tökülən döyüşçü girdi. Salamsız-kəlamsız soruşdular:
- Qədir kimdi?
Qədir qalxdı ayağa:
- Mənəm, nə lazımdı?
- Bəs bunlar kimdi?
- Dostlarımdı.
Döyüşçü Qədirin dostlarını tərs-tərs süzdü, deyəsən, Rəmişin sir-sifəti xoşuna gəlmədi. Şairin də rəngi-rufu qaçmışdı. Yanındakılara əmr elədi:
- Bunların qollarını bağlayın.
Rəmiş müqavimət göstərmək istədi. Bayaq "onları cırıq-cırıq edərəm" deyən Rəmişin qollarını elə burdular ki, mıqq da edə bilmədi. Şair isə yazıq-yazıq əllərini uzatdı.
Döyüşçü üzünü tutdu Qədirə:
- Hökmdar səni istəyir.
- Neynir məni?
- Özün soruşarsan. Bizə əmr edib ki, səni aparaq hökmdarın hüzuruna.
Qədiri də, dostlarını da çıxartdılar sokağa, Qədiri ata mindirdilər, dostlarını isə at döşündə apardılar.
Şair bircə onu deyə bildi:
- Rəmiş, Allah evini yıxsın.
- Qaqa, mənim evim varkı?!
Hərdən kürəklərindən itələyirdilər ki, tez-tez gedin.
Rəmiş:
- Siz nətəhər döyüşçüsünüz, əliyalın adamlardan qorxursunuz. Qollarımızı açın dana.
- Yeri, az danış.
Onları gətirdilər böyük bir çadırın önünə. Hər tərəfdə silahlı əsgərlər qaynaşırdı. Saçları çiyinlərinə tökülən, üzlərindəki çapıqlar onları daha qorxulu göstərən və bir suları da Rəmişə oxşayan əsgərlər, bir sözlə, hər yer Rəmişlə doluydu və hamısı da onlara baxırdı. Rəmişə oxşayan iki əsgər də dayanmışdı çadırın qapısı ağzında. Boyunlarından basıb saldılar içəri.
Bu, çadır deyildi, bir saray idi. Hər yana gəbə, xəli döşənmişdi. Bu sarayın ortasından yüzlərlə şam yanan şamdan asılmışdı. Tavan sədəflərlə işlənmiş dörd sütunun üstündə dayanmıqdı. Rəmiş sədəfli sütunları görəndə yadına toyda bir sarsaq sərxoşun başına vurduğu Qurban əminin tarı düşdü.
İçəridə xeyli adam vardı, əslində adamdan çox adamyeyənə oxşayırdılar, özləri də iki səfə düzülmüşdülər.
Çadırın yuxarı başında da taxt qurulmuşdu. Bu vaxt taxtın arxasından çiynində pələng dərisi olan, ortaboylu, ağır-ağır yeriyən bir nəfər çıxdı, pələngin pəncələri də çiyinlərində general rütbəsinə oxşayırdı. Baxışları çox itiydi, adamı dəlib keçirdi. Başında sadə bir tac vardı, belində də qəbzəsi daş-qaşla işlənmiş bir xəncər, əlində də qamçı.
Onu görən kimi hamı diz çökdü. Qədirlə Şair də diz çökdülər. Rəmiş isə dik dayanıb baxırdı. Onları gətirən döyüşçü Rəmişin çiynindən basıb dedi:
- Diz çök!
Rəmiş:
- Brat, mən heç dədəm Hüseynin qavağında diz çöhməmişəm. O kimdi ki diz çöküm?
Şair üzünü Rəmişə tutdu:
- Ə, gic... bu, Əmir Teymurdu, diz çök.
- Çöhmürəm.
Bu vaxt onları gətirən döyüşçü əlindəki baltanın küpüylə Rəmişin kürəyindən necə vurdusa, ağzı üstə düşdü yerə. Sonra döyüşçülər qaldırıb diz çökdürdülər. Rəmiş onu vuran döyüşçüyə baxıb dedi:
- Dayan oğraş, sənin ananı ağladajam.
Əmir Teymur taxtdan yenib onlara tərəf yaxınlaşdı.
Rəmiş:
- Qaqa, bəs bu axsamır axı, kinoda axsıyırdı.
- Ə, mən nə bilim niyə axsamır?
Əmir Teymur əlindəki qamçıyla Qədirin çənəsindən qaldırdı:
- Qalx! Qədir sənsən? Səsi ilə Şərqi lərzəyə gətirən?!
- Bəli, əlahəzrət, mənəm. Amma Şərqi lərzəyə gətirdiyimdən xəbərim yoxdu.
- Bəs bunlar kimdi?
- Müsafirlərimdi. Qarabağdan gəliblər.
Rəmişin dikbaşlığı Əmir Teymuru qəzəbləndirmişdi. Üzünü onları gətirən döyüşçüyə tutub dedi:
- Bunları aparın dar ağacına, əmrimi gözləyin.
Rəmişlə Şairi hop götürdülər. Çadırdan çıxarıb dar ağacının yanına apardılar. Həyətdəki dar ağaclarından xeyli adam sallanırdı.
Rəmiş isə onu vuran döyüşçüyə deyirdi:
- Səni cırajam, köppəyoğlu.
Çıxartdılar kətilin üstə, kəndiri də keçirtdilər boğazlarına və əmri gözlədilər.
Şair özünü islatmışdı. Rəngi-rufu qaçmışdı, hələ asılmamışdan əvvəl ölmüşdü. Birtəhər üzünü Rəmişə tutub səsi titrəyə-titrəyə dedi:
- Ay axmaq, bizi asırlar ey, sənə nə pisliyim dəymişdi məni bu xarabaya gətirdin?!
Rəmiş:
- Şair, bizi biabır elədin, şalvarını batırmısan. Nədən qorxursan? Səni birinci dəfə asıllar? Məni bir dəfə Çingiz xan asdırmışdı, Qacar da Cıdır düzündən atdırmışdı. Görürsən, hələ sağam.
- Nə sarsaq-sarsaq danışırsan, sənin zibilinə düşmüşəm.
- Qaqa, ağciyər olma. Sən nətəər ağdamlısan?
- Nə ağdamlı?! Boğazında kəndir olanın ağdamlılığı qalar?
Əmir Teymur Qədirin cılız bədənini, ağarmış üzünü bir qədər süzdü, sonra dedi:
- Oxu. Xoşuma gəlsə, sən nə arzu eləsən, onu da görəcəksən.
Qədir əlindəki qəlyanı qoydu cibinə. Bəlkə tarixdə yeganə adam idi ki, Əmir Teymurun yanına qəlyanla girmişdi. Özünü toxtadıb dedi:
- Gərək məni müşayiət edən olsun ki, oxuya bilim. Məni müşayiət edən oğlanları da əmr eləmisən ki, assınlar. Həm də tar-qavalımız qalıf evdə.
Əmir bir qədər fikrə getdi, sonra üzünü yanındakı əyanlarına tutub dedi:
- Onları qaytarın. Sonra da gedin bunun evinə, o dikbaşı da aparın, Qədirin dediyi tar-qavalı gətirsinlər.
Kimsə çıxdı onların yanına. Şair elə bildi təpik vurub kətili aşıracaq. Amma elə olmadı, boğazlarındakı kəndirləri çıxartdılar.
- Düşün aşağı. Hökmdar sizi istəyir.
Rəmiş üzünü Şairə çevirib:
- Gördün, ə, ağciyər?
Sonra onları götürüb yenidən apardılar Qədirin evinə. Amma atdöşü aparmadılar, qollarını açıb ata mindirdilər. Dedilər ki, hökmdar əmr edib ki, tar-qavalı götürüb qayıdaq geri. Rəmiş gitarasını, Şair də Qədirin qavalını və diplomat çantanı götürüb yenidən at belində qayıtdılar geri.
Girdilər çadıra. Əmir Teymur oturmuşdu taxtında.
Rəmiş onun kürəyindən vuran əsgərə sakitcə dedi:
- Brat, darıxma, sənin ananı ağladajam.
Əmir Teymur Rəmişin əlindəki gitaraya baxıb yanındakı əyanların birindən soruşdu:
- O nədi?
- Hökmdar, bizim qopuz kimi bir şeydi. Deyəsən, yunanlarındı.
- Gətirsinlər baxım.
Gəlib gitaranı apardılar Əmirə. Bir orasına baxdı, bir burasına baxdı, barmaqları ilə simləri tərpədib səsinə qulaq asdı və təəccüblə çiyinlərini çəkib gitaranı qaytartdı.
Rəmiş:
- Şair, aç o dinamikləri, qoş gitaraya.
Şair diplomatı açdı, gitaranı dinamiklərə qoşdu. Üç kətil gətirdilər. Oturdular kətilin üstündə. Rəmiş gitaranı köklədi. Elə kökləyəndə dinamiklərdən çıxan səslər Əmir Teymuru da, çadırdakıları da heyrətə gətirdi. Qədir qavalı üzünə söykəyib dirsəyini olmayan böyrəyinin üstünə basdı və dedi:
- Həyatımız bundan asılıdı, Rəmiş! Başla!
Və Rəmiş başladı. Barmaqlar pərdələrin üzərində gəzir, çox qəribə səslər çıxarırdı. Əvvəl mələklərin pıçıltısı eşidildi, sonra yanından uçan ulduzların, sonra kəndlərindəki kəhrizin şırıltısı, meşədən gələn səs. Aləmi qatdı bir-birinə. Sonra gitara bir ana kimi fəryad elədi, bir uşaq kimi çığırdı. Yanan evlər barmaqlarından töküldü pərdələrə, çadırdakıları da yandırdı. Təmiz uyumuşdu. Nə çaldığını bir özü bilirdi, bir də Allahı.
Qədir:
- Ə, səfeh, ayaq ver dana!
Elə bil Rəmiş yatmışdı, ayıldı. Keçdi "Ağ Segah"a. Qədir bir dəfə ağzını yumub açdı, ikinci dəfə də ağzını yumub açdı və sonra Rəmişin çaldıqları sözə çevrilib ağzında bulaq kimi qaynayıb çay kimi tökülməyə başladı. Əmir Teymur da, çadırdakılar da qaldılar bu çayın altında. Qədir bir az "Ağ Segah"da gəzişəndən sonra keçdi "Sona bülbüllər"ə. Sonra da özü Rəmişə ayaq verdi ki, Rəmiş çalsın. Rəmiş yenə dağı qatdı arana, aranı qatdı dağa, gah yağış yağdırdı. Onu kürəyindən vuran döyüşçü hönkür-hönkür ağlayırdı. Bu vaxt Əmir Teymur qalxdı ayağa əli ilə işarə elədi ki, saxlayın. Rəmiş saxlamaq istəmirdi. Ağlayan döyüşçü əyilib Rəmişin qulağına pıçıldadı ki, qardaş, hökmdar deyir, dayan. Rəmiş də dayandı.
Əmir Teymur gəlib dayandı Qədirin qarşısında:
- Səsini kəs. Əsgərlər bu səsi eşidəndən sonra adam öldürə bilməzlər. İndi nə arzun var, de.
Qədir:
- Əmr edin Təbrizdə talanı saxlasınlar. Mənim bu dostlarımı da bağışla.
Əmir Teymur üzünü tutdu Miranşaha:
- Deyin şəhərdə talanı saxlasınlar, heç kəsə toxunmasınlar. - sonra üzünü tutdu Qədirə: - Bu gündən səni Miranşaha vəzir verirəm. Əsəbləşib özündən çıxanda, haqsız yerə əlini qılınca atanda bir ağız oxuyarsan, özünə gələr. Dostlarını da bağışlayıram. Amma bir şərtlə ki, o gitaradı-nədi onu və yanındakı çantanı da mənə bağışlasınlar.
Rəmiş:
- Qurbandı. O qədər adama gitara bağışdamışam ki, bu da olsun biri.
Və qalxıb gitaranı verdi Əmir Teymura. Sonra da onu vuran döyüşçüyə üzünü tutub dedi:
- Saa demişdim ananı ağladajam?
Döyüşçü özündən asılı olmayaraq əyilib Rəmişin əlindən öpdü.
***
Gecə evə gələndə gördü qapıya bir kağız parçası qoyublar. Açıb oxudu: "Rəmiş, sabah saat on bir də səni "Araz"da gözləyirik. Çox vacib bir işimiz var. Sən həmişə hər yerə gecikirsən, xahiş edirik, gecikmə. Moskvadan qonaqlarımız gəlib, səni görmək istəyirlər. Ceyhun Mirzəyev. Aydın Dadaşov".
Fikirləşdi ki, nə vacib işdi belə, özü də Moskvadan gələnlər, iki əziz dostu buna məktub yazıb. Kağızı qatlayıb qoydu döş cibinə.
Həmişə hər yerə gecikən Rəmiş düz saat on birdə maşını "Araz"ın qabağında saxladı və düşdü. Çayxanada oturanlar onu görən kimi qalxdılar ayağa. Hamı öz stoluna dəvət elədi, o isə əliylə hamını salamladı, bir stol arxasında oturan dörd-beş nəfərlə özünəməxsus şəkildə görüşüb-öpüşdü və dedi:
- Ə, sizin eviniz-eşiyiniz yoxdu, havaxt keçirəm görürəm oturmusuz burda.
Biri gülüb dedi:
- Rəmiş, ev-eşiyimiz olsa, burda nə gəzirik?
Stolların birinin arxasında Ceyhun Mirzəyevlə Aydın Dadaşov və iki nəfər də ayrı adam oturmuşdu. Onlar da Rəmişi görəndə qalxmışdılar ayağa. Rəmiş onlara yaxınlaşdı, salamlaşdı və oturdu.
Üzünü tutdu Aydına:
- Məllim, noluuf, yağınız daşıf, yoxsa toyunuz var? Bu qonaxlar kimdi?
Ceyhun:
- Rəmiş, tanış ol. Bu, dünyanın ən məşhur rejissorudu, yanındakı da operatorudu. Moskvadan durub gəliblər bura sənin dalınca.
- Xeyirdimi, toyları var?
- Sən də hər şeyi toyla ölçürsən.
Rəmiş ayağa qalxıb hər ikisinə özünü təqdim elədi. Onlar da özlərini təqdim elədilər.
- Rəmiş!
- Leonid!
- Vladimir!
- Rəmiş!
Ceyhun:
- Rəmiş, məşhur skripaç Paqaninini eşitmisən?
- Eşitmişəm.
Aydın:
- Qaqa, bu rejissor Paqanini haqqında dörd seriyalı kino çəkir. Bütün dünyada göstərəcəklər.
Ceyhun:
- Səni ves mir tanıyacaq.
- Maa ves mir lazım döyül, Azərbaycanda tanıyıllar dədəmə də bəsdi.
Aydın:
- Yenə boş-boş danışma, qulaq as. Bu rol üçün sənə iyirmi-iyirmi beş min manat da pul verəcəklər. Film geniş yayılandan sonra əlavə də pul verəcəklər.
- Aydın, qaqa, mənnən pulnan danışma dana. Bilirsən ki, mən pul xoşluyan adam döyüləm. Ceyhun neçə ildi filmə çəkilmir, onu çəksinlər də, gül kimi aktyordu. Mən aktyor döyüləm ha. Mənim bir rolum var, o da Rəmiş. Hələ ki pis də oynamıram. Bir də ki bunlar məni hardan tanıyır?
Bayaqdan susub oturmuş Leonid dilləndi:
- Səni bizə jurnalist dostlarımız məsləhət görüb.
- Bəs onlar hardan tanıyır?
- İki-üç il bundan qabaq onlar bütün İttifaqı gəzib sonra da yol təəssüratlarını yazıblar. Azərbaycanda sənin də qonağın olublar. Bir yerdə bir neçə şəkliniz var. Mənə göstərdilər, gördüm ki, heç kastinq eləmək lazım deyil, əsl Paqanini sənsən. Xarakterini, jestlərini, hətta qəribə maşın sürməyini danışdılar.
(Ardı var)


                                Bakı -°C
                            
                            
    
    
    
    
    
    
    
    
    
            
            
            
            
            
            
            
            
            
            
            
            
            
            