
Söhbət "Nurlu yolun bələdçisi"-ndən gedir
Yaxın günlərin söhbətidir. İndi əlimdə tutduğum kitabı mənə ədəbiyyatımızın cəfakeşi, ədəbi tənqidimizin ağsaqqalı və sözün bütün mənalarında ədəbiyyat üçün yaşayan, ədəbiyyata xidmət edən filologiya elmləri, doktor, professor Vaqif Yusifli – mənim dəyərli hocam bağışladı. Bu kitabı da təqdim edəndə dedi ki, “istəyirəm bundan bir şey yazasan”.
Təbii ki, ustad sözü qanundur. Onun nədənini soruşmaq ən azından günah olar. Amma mən bilirəm ki, Vaqif müəllim hər kitab haqqında rica etməz. Ona görə də kitabı görəndə daha doğrusu üz qabığındakı şəkilə baxanda mənə hər çey aydın oldu. Bu şəklin sahibi indi Tanrı dərgahındadır. Özü ilə təəbəssümünü də apardı. Amma xatirələri qalb- sözü, söhbəti, zarafatları yaşayır. Elə buradaca bir haşiyəyə çıxım.
-Vaqif Yusifli ilə məni daha sıx bağalayan, aramızda sarsılmaz bir körpü yaradan məhz Tofiq Mahmud idi. Tofiq müəllim Füzuli rayonunun Gorazılı kəndində doğulmuşdur. Onunla mənim kəndimin arasında bir dağ var idi. Sanki hərəmiz dağın bir üzündən bir- birimizə söykənmişdik, kürək- kürəyə vermişdik. Və Tofiq Mahmud günün istənilən saatında mənə telefon aça bilirdi, ərk edə bilirdi. Kiminsə yazısını tapşırırdı. Təbii ki, mən də ona eyni sayğı və eyni güvənlə yanaşırdım. Gah mənim iş otağımda, gah da onun “Azərbaycan" nəşriyyatının 2-ci mərtəbəsindəki əlyazmalarla, kitablarla, jurnallarla qalaqlanmış güşəsində çörək kəsirdik.
Bu tədbirlərin əksəriyyətində Vaqif Yusifli də iştirak edirdi. Bir detalı da xatırladım: Vaqif müəllimlə qarşılaşanda sağ əlini qaldırıb, “Tofiq Mahmuddan Mədətoğluna salamlar!” deyirdi. Elə bu gün də həmin “salamlar” yerindədir. Sadəcə olaraq Vaqif müəllim həmin deyiminə kiçik bir əlavə edib:
- Tofiq Mahmudun ruhundan Mədətoğluna salamlar!
Qəribədir ki, Tofiq Mahmud da mənimlə qarşılaşanda eyni şövqlə:
-Vaqif Yusiflidən Əbülfət Mədətoğluna salamlar! -söyləyirdi.
Daha bir nüans:
Rəhmətlik dəyərli şairimiz, publisistimiz Tofiq Abdin də çox böyük maraqla hər dəfə soruşurdu ki, “Mədətoğlu, bu nə məsələdir Tofiq Mahmud da, Vaqif
Yusifli də səni ancaq özəl bir sevgi ilə salamlayırlar.
Mən də zarafatla cavab verirdim ki, Qarabağ Azərbaycanın Cənubunu artıq özünə birləşdirib. Biz komanda yaratmışıq.
Bəli, qayıdıram əlimdə tutduğum kitaba. Bu kitab “Nurlu yolun bələdçisi” adlanır. Uzun müddət “Azərbaycan” jurnalında çalışmış, o jurnalın məsul katibi kimi böyük xidmət göstərmiş Tofiq Mahmud bu kitabla yenidən ədəbi ictimaiyyətin önünə çıxıb. Mən kitabı vərəqlədikcə həm Tofiqli günlərimi xatırlayıram, həm də onun qələmindən çıxan yazıları təkrar oxuyuram. Çox maraqlıdır ki, Tofiq Mahmudun “Dünya gözəl dünyadır” adlı yazıısnı yenidən oxuyanda unudulmaz Vaqif Mustafazadəyə yazıçı –publisist, millət vəkili Aqil Abbasın şeir həsr etdiyini sanki kəşf etdim.
Tofiq Mahmudun “Ulduz” jurnalının 1980-ci ildə çap olunmuş 12-ci sayında yer almış maraqlı və yaddaqalan yazısında bir hissəsindən istifadə etdiyi şeirdə deyilir ki:
… Bax, ondaca
Əl basıb and içiləsi,
Üz qoyulub öpüləsi,
Gözlərinə töküləsi
Torpağı ovuclayıb sıxırsan.
Barmağmın arasından
fışqırar.
Sonra , çalarsan, çalarsan,
çalarsan,
Özün də əriyib, qarışarsan nəğmənə…
Bu nümunəni diqqətə ona görə çatdırıram ki, bu günün oxucusu Tofiq Mahmud yaradıclığının ştrixlərindən xəbərdar olsun. Bilsin ki, ömrünü sözə həsr etmi., qələminə söykənib yaşamış Tofiq Mahmud Azərbaycan mədəniyyəti, ədəbiyyatı siravi insanı barəsində elə şövqlə yazırdı ki, yazdığından həm özü, həm də oxucusu ləzzət alırdı. Görünür elə onun bu xarakteri, bu cizgisi hamımıza sevdirmişdi Tofiq Mahmud şəxsiyyətini. Bu sevginin izini Tofiq Mahmuda vida yazmış və o vida sözlərinə bir yaşam qatmış hər kəsin imzasında sevmək mümkündür.
O vidaların arasında …
… Tofiq Abdin yazır:- Qocaman, sözün kişi mənasında zəhmətkeç bir insan… Bütün tərəflərdən üstün bir dost!
Vaqif Yusifli yazır:- O, əsl dost idi, çox vaxt bir yrdə işə gələr, bir yerdə də Əhmədliyə yol alardıq. Metroda söhbətlərimiz yüz yerə səpələnərdi…
İntiqam Qasımzadə yazır:-Tofiq mənim yadımda çevik, qıvraq, sağlam bir insan kimi qalıb. Həmişə də belə qalacaq.
Məmməd Oruc yazır:- Əl telefonunda adın görəndə onu qabaqlayırdım: -Neçə dəqiqəyə gəlirsən?
Ucadan gülürdü və deyirdi: “Darvazanı açıq qoy”
Mən xatirələri Azərbaycanın sayılan ,seçilən qələm adamlarıdan biri olan Şakir Yaquboğlunun bir cümləsi ilə davam etdirirəm:
-Tofiq az yazır, daha doğrusu o vaxt yazır ki, özü demişkən yazmaya bilmir.
Bu kitabda oxucuların özünə- sözünə böyük sayğı bəslədiklləri maraqlı müəlliflərin xatirələri yer alıb. Ona görə də bu kitabı oxumadan bütün, daha dorğusu bütöv Tofiq Mahmud ömrünü incələmək, tanımaq mümkün deyil. Mən bunu oxucuların ixtiyarına buraxıram. Amma öz növbəmdə Tofiq Mahmudun həyatını ktablaşdıran, onu sevənlərə, xatırlayanlara təşəkkür edirəm.
Fikrimi şairə Nəzakət Məmmədlinin Tofiq Mahmudla bağlı yazdığı xatirənin son cümləsi ilə yekunlaşdırıram:
- Qəlbimizdə Tofiq Mahmud adlı bir işıq, yaddaşımızda Tofiq Mahmud çöhrəli bir səmimiyyət aynası qaldı.
Əbülfət Mədətoğlu