27 Iyun 2025 12:09
152
MƏMLƏKƏT

Xan yurdunun isti ocağı - Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası    

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönən vətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarının qarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir. Xankəndi şəhərində də müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişaf hər gün yeni çalarlara diqqəti cəlb etməkdədir. Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının da fəaliyyətində də ulularımızın əmanəti olan Xan yurdunun çiçəklənməsini görə bilərik.

2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı iə açılışı olmuş  Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası 80 yerlik olmaqla, 0,21 hektar əraziyə, 1340 kvadratmetr ümumi sahəyə malikdir.  Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası uşaqların sağlam düşüncəyə və yüksək dəyərlərə malik gələcəyə sahib olmasını hədəf seçmişdir. Bağçada uşaqların intellektual, fiziki, psixoloji, sosial-emosional və estetik inkişafının əldə edilməsi üçün yaradıcı və sağlam rəqabətli mühit yaradılaraq, onlarda təhsilə maraq oyadılır, müstəqil düşünmək və problem həll etmək vərdişləri aşılanır, onların hisslərinin və həyati bacarıqlarının formalaşmasına təsir göstərilir. Bağçada uşaqların hərtərəfli inkişafı üçün lazımi şərait yaradılaraq, burada balacaların məktəb təliminə yüksək səviyyədə hazırlanması, müxtəlif inkişafetdirici materiallardan istifadə olunur.

Xankəndidəki 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Gülmira Eyniyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisəsində yaradılmış nümunəvi təlim mühitindən səmərəli istifadə edən pedaqoji kollektiv qısa müddətdə uşaqlarla aparılan tərbiyə-təlim işlərinin keyfiyyətini yüksəltməyə nail olub.  Peşəkar və qayğıkeş müəllim heyətinin böyük həvəslə bağçada təşkil etdikləri bayram şənliklərininin ssenarilərindəki şeirlər, mahnılar,  rəqslər,   səhnəciklər  gələcəyimiz olan uşaqlarda vətənpərvərlik hissi aşılamaqla yanaşı, uşaqların yaradıcılığını, təxəyyülünü formalaşdırır, onların gizli istedadlarını üzə çıxarır. 

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların sağlam qidalanması, təhlükəsizlik tədbirləri də gündəlik olaraq diqqət mərkəzindədir. 

Əminik ki, Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası məktəbəqədər təhsil müəssisəsi olaraq işğaldan azad olunmuş Xankəndidə azərbaycanlı uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında yeni-yeni uğurlara imza atacaq. Ümidvarıq ki,  zaman gələcək bu bağçada tərbiyə alan uşaqların səsi  ölkəmizin, xarici dövlətləin nüfuzlu ali məktəblərindən gələcək. Əminik ki, Xankəndi şəhərindəki 1 nömrəli körpələr evi-uşaq bağçası  sabahın neçə-neçə milli məfkurəli Vətən keçikçisinin yetişməsinə də layiqli töhfələr verəcək.

Hikmət Xudiyev,
Əməkdar yurnalist