adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 17:00
128
GÜNDƏM
A- A+

Vətənə xəyanətin bəraəti yoxdur

Ramiz Mehdiyev məsələsi arıq iki aya yaxındır ki, ölkədə hər kəsin müzakirə etdiyi mövzuya çevrilib. Bu təbiidir. Adam 25 il (1995-2019) Prezident Administrasiyasının rəhbəri olub. 2019-2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib. Niyə də gündəmdə olmasınki?  

Ölkənin əsas ictimai-siyasi gündəminə çevrilən cinayət işinə görə "boz kardinal" ləqəbi qazanan R. Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. O Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsi müvafiq cinayət işi ilə əlaqədar R.Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. 

Prosesin diqqətçəkən tərəfi isə odur ki, ittihamlar onun özü ilə məhdudlaşmır. Miqyas getdikcə böyüyür. Araşdırmalara artıq  ailə üzvləri və yaxın qohumları da cəlb edilib. Oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. Hazırda böyük ehtimallar var ki, T.Mehdiyev də olayla bağlı həbs edilə bilər. Çünki İstintaq çərçivəsində oğul Mehdiyevin atasına bəzi məsələlərdə yardım etdiyi, eyni zamanda müəyyən şəxslərlə əlaqədə vasitəçilik funksiyasını yerinə yetirdiyi də üzə çıxıb. 

Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi də bəllidir. Mətbuata bu dindirilmələrdən sızan məlumatlara görə, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb.

Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının “Milyarderlər İttifaqı” kimi tanıdığı “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı yaradır. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə (İB - İbrahimbəyov, RUS-Rustam) Abbas Abbasovla birgə “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olur.

Bundan dərhal sonra, Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb “Milyarderlər İttifaqı”nın kapitalı ətrafında “Milli Şura” yaradır. Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni (həyatının növbəti ciddi səhvini edərək) Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı “Milli Şura”nın alətinə çevirir. Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evindən çıxıb.

Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital sonrakı illərdə də AXCP adından Əli Kərimlinin öz evinə axıb, bir qismi iğtişaşlara cəlb olunan şəxslərə təklif olunub və sair.

Xeyli vaxtdır çoxlarının diqqətini çəkirdi ki, Əli Kərimlinin fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə eyni vaxtda tarixə qovuşub.
Daha əvvəl mətbuatda yayılan məlumata əsasən, DTX-nin AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.

DTX-nin faktlarla təsdiqlənməyən qeyri-ciddi söhbətlərə baş qoşmadığı məlumdur. Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz “haqqı”nı əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında.
Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib (və təbii ki təmir olunmuş vəziyyətdə). Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. 

Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə Gültəkin Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayır.

Görünən tərəf odur ki, bu xəmir   hələ daha çox su aparacaq. Məsələnin miqyası onu deməyə əsas verir ki, istintaq prosesi çərçivəsində digər şəxslərin də məsuliyyətə cəlb olunacağı istisna olunmur. Dünən vəzifədə olanlardan və ya bu gün kresloda oturanlardan kimlərin xəyanət siyahısın da adıhallanacaq hələ ki, məlum deyil. Amma bir ona əminəm ki, kimlərinsə bu xəyanətlə bağlı hər hansı bir fəaliyyəti və ya fəaliyyətsizliyi varsa mütləq cəzasını alacaq.  Çünki vətənə xəyanətin bəraəti yoxdur.

Nicat Novruzoğlu