adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 13:44
153
GÜNDƏM
A- A+

Bakıda beynəlxalq konfrans keçirilir - FOTOLAR

“Baku Marriott Hotel Boulevard”da Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı öz işinə başlayıb.

Adalet.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əvvəlcə, konfrans çərçivəsində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası arasında əməkdaşlıq məsələləri və Bakıda keçirilən konfrans barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Sonra konfransın açılış mərasimi keçirilib.

Tədbirdə Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan, Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayev, Federasiyaya üzv ölkələrdən - Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Çin, Çex Respublikası, Hindistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kamerun, Latviya, Monqolustan, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya, Serbiya, Slovakiya və Vyetnamdan, eləcə də Federasiyanın tərəfdaş şirkətlərindən ümumilikdə 100 nəfərdən artıq nümayəndə, habelə videokonfrans formatında Türkiyə və Qırğızıstan təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Dövlət Himni və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının himni səsləndirilib.

Qonaqları səmimi salamlayan K.Heydərov beynəlxalq konfransın ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, bu mötəbər tədbiri yanğınsöndürmə və xilasetmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, yeni təcrübələrin və qabaqcıl yanaşmaların öyrənilməsi baxımından vacib platforma kimi qiymətləndirib.

Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması tarixinə qısa ekskurs edib, ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əhali və ərazilərin təhlükəsizliyi məsələlərini daim diqqətdə saxladığını vurğulayıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış FHN-in dövlət başçısının diqqət və qayğısı sayəsində istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik peşəkar dövlət orqanı kimi formalaşdığını qeyd edib.

Nazir FHN-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, dövlət başçısının tapşırıqlarına əsasən dünyanın müxtəlif regionlarında aparılmış xilasetmə əməliyyatlarından, fəlakət zonalarına çatdırılmış humanitar yardımlardan bəhs edib.

Fövqəladə hallar naziri bu il Ər-Riyad şəhərində keçirilmiş yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XX və qadınlar arasında XI Dünya Çempionatının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan təbii və texnogen fövqəladə hadisələrin artdığı müasir dünyada yanğınsöndürən və xilasedici peşəsinin əhəmiyyətinə toxunub, onların peşəkar hazırlıq səviyyəsinin daim artırılmasının vacibliyini bildirib. Bu baxımdan belə tədbirlərin keçirilməsinin sözügedən peşə sahibləri arasında səmərəli təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Konfransda Aleksandr Çupriyan tərəfindən Kəmaləddin Heydərova Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının “Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə” medalı təqdim olunub.

FHN-in təşkilatçılığı ilə keçirilən və dekabrın 6-na kimi davam edəcək konfransın gündəliyinə yanğın-xilasetmə idmanının inkişafı, bu idman növü üzrə keçirilmiş son dünya çempionatının təhlili, habelə 2026-cı ildə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatlarının təşkili və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi daxildir.