Sülh arxasında gizlənən GÜC OYUNU: Dünya böyük atəşkəsə GEDİR? – Səxavət Məmməd yazır

Bütün münaqişələrin dondurulması, yaxud müvəqqəti də olsa, atəşkəsin əldə olunması yönündə təşəbbüslər var.
Hindistan Pakistan arasındakı toqquşmada atəşkəs, demək olar ki, əldə olunub. Ancaq bu atəşkəs hansısa gücün istəyi ilə yox, məhz əməliyyatlara start verən Hindistanın uğursuzluğu ilə əldə olundu. Hindistan tərəfi də bəyan etdi ki, Pakistan qazandığı uğurdan baş fırlanması yaşamasın, çünki əməliyyatlar hər an başlaya bilər. Yəni Hindistan özündə güc tapsa və uğur qazanacağına əmin olacağı təqdirdə, əməliyyatlar yenidən başlaya bilər və başlayacağı da inandırıcıdır. Düşünürəm ki, Hindistan yenə uğursuzluq qazanacaq. Çünki say çoxluğu (şəxsi heyət, havada, suda və quruda – red.) müharibələrdə həlledici amil olmaqdan çoxdan çıxıb.
Rusiya-Ukrayna müharibəsinə gəldikdə isə bu münaqişədə də atəşkəsin əldə edilməsi üçün addımlar atılır. Ancaq bu atəşkəsin baş tutub-tutmayacağı sual altındadır. Əvvəla, baxmaq lazımdır ki, atəşkəs hansı tərəfə sərf edir? Şübhəsiz ki, atəşkəs öncə Ukrayna və tərəfdaşlarına sərf edir. Çünki atəşkəs zamanı Ukrayna ordusunu gücləndirmək, uzun zamandır məzuniyyət görmədən döyüşən şəxsi heyətə dinclik vermək olar. Bundan əlavə, silahlandırmada da ciddi addımlar atmaq olar. Qısacası, atəşkəs Rusiyadan başqa hər bir dövlətə sərf edir. Rusiya tərəfi də bunun fərqindədir. Ona görə də şərtləri maksimum ağırlaşdırır, sahədə isə hücumlarını davam etdirir. Rusiyanın hətta Ukrayna ilə görüşdəki nümayəndə heyətində olanlar da mətbuata açıqlamalarında bildirdilər ki, Ukraynanın məqsədi vaxt qazanmaq və güclənməkdir. Belə olan təqdirdə, Rusiya atəşkəsə gedər? İnandırıcı deyil. Əvvəla, Rusiya strateji hədəflərinə çatmayıb. Digər tərəfdən isə Moskva fərqindədir ki, sahədəki irəliləyişi masada onun əlini daha güclü edir.
Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlar-başlamaz Rusiya ilə danışıqların aparılmasını qadağan edən qanun qəbul edib. Ancaq həmin Zelenski bir gündə üç dəfə Rusiya prezidenti Putinlə görüşə biləcəyini dilə gətirdi. Bundan əlavə, Zelenskini qeyri-qanuni prezident hesab edən Rusiya tərəfi də görüşə razı olduqlarını dilə gətirdi. Yəni vəziyyət qəlizləşəndə pafos, başından böyük çıxışlar arxa plana keçir.
Rusiya-Ukrayna müharibəsində uzunmüddətli atəşkəsin əldə olunması real görünmür. Əksinə, müharibənin davam edəcəyi daha realdır. Rusiya-Ukrayna müharibəsinin indiki hədlərdə dayanması isə problemin həlli hesab oluna bilməz. Xüsusən Azərbaycanda bu fikir daha çox səslənir ki, indiki mərhələdə dayansa, Ukrayna gələcəkdə problemi həll edər – yəni Azərbaycan kimi… Nəzərə almaq lazımdır ki, Azərbaycanın qarşısında dayan ölkə Ermənistan idi. Ancaq Ukraynanın qarşısındakı ölkə Rusiyanın özüdür. Düşünürəm ki, bu müharibənin davam etməsi böyük dövlətlərin işinə yarayır. Məsələn, Rusiya-Ukrayna müharibəsi dayanacağı təqdirdə, Moskva yenidən qlobal aləmdəki proseslərə qoşulacaq. Ən azı, dünyanın bölüşdürülməsində payçılardan biri olacaq. Faktiki olaraq Rusiyanın indiki vəziyyətdə əl-qolu bağlı vəziyyətdədir.
Digər atəşkəsin əldə olunmasına çalışıldığı, hətta müəyyən zaman kəsiyində buna nail olunduğu məsələ isə İsrail-HƏMAS toqquşmasıdır. İsrail tərəfi faktiki olaraq HƏMAS-la atəşkəs əldə etdikdən sonra “Hizbullah”a hücum etdi. “Hizbullah”la atəşkəs əldə olunduqdan sonra isə İsrail öncə Suriyada istəyinə nail oldu. Netanyahunun getməsi üçün illərdir əlindən gələni etdiyi Bəşər Əsəd getdi, Colan təpələri və ətrafını ələ keçirdi. İndi isə HƏMAS-a qarşı genişmiqyaslı əməliyyatlara start verildi. İsrailin qarşısına qoyduğu əsas məqsəd HƏMAS-ı tamamilə yox etməkdir. İsrail öz yaratdığı HƏMAS-ı bitirməklə Qəzza zolağı ilə bağlı məqsədinə də çatmağı planlayır. Görünən odur ki, buna nail olmaq üçün əlindən gələni edəcək və istəyinə çatacaq. Reallığa baxdıqda, dünyadakı münaqişələrdə atəşkəsin əldə olunması üçün canfəşanlıq edən ABŞ, əslində, bu münaqişələrin. demək olar ki, hamısının səbəbkarlarından biridir. Məsələn, Fələstinlə bağlı BMT-nin qətnamələrini veto etməsəydi, bəlkə də İsrail Fələstin münaqişəsi bu həddə olmazdı. Bundan əlavə. Bəşər Əsədin devrilməsi üçün addımlar atmasaydı, Suriyada bu qədər insanlar ölməzdi, Suriya vahid dövlət kimi hələ də yaşayardı. Suriyaya demokratiya gəldi? Yox! Suriyada insanlar ölmür? İndi daha asan ölür. Məsələn, ələviləri səbəbsiz yerə vəhşicəsinə öldürürlər. İnsanları nəinki mövqeyinə görə, hətta ata, babasının qoyduğu ada görə öldürürlər. Məqsəd böyük İsrail dövlətinin yaranmasıdır.
İsrail Azərbaycanla strateji müttəfiqdir. Çünki İsraillə Azərbaycan arasında uzun məsafə var. Böyük İsrail dövləti yaranacağı təqdirdə bu məsafə də qısalacaq və müttəfiqlik də ortadan qalxacaq.
Rusiya-Ukrayna müharibəsində barışdırıcı tərəf kimi Türkiyəyə də rol verilib. Türkiyənin özü də bu məsələdə maraqlıdır. Çünki Türkiyənin iqtisadi gücü müharibələrdə tərəf olmağa imkan vermir. Ona görə də bütün münaqişələrdə barışdırıcı tərəf rolunu oynayır. Türkiyə yalnız Fələstin məsələsində açıq mövqe nümayiş etdirir. Onun isə heç bir nəticəsi yoxdur. Olacağı da gözlənilən deyil.
Atəşkəslərlə, barışıqlarla bağlı atılan addımları müsbət qiymətləndirmək lazımdır. Ancaq reallıqlar onu deməyə əsas verir ki, bunlar hamısı müvəqqəti xarakter daşıyır…
Digər Xəbərlər

Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb - FOTOLAR

Parlamentin növbəti iclasının GÜNDƏLİYİ AÇIQLANDI

İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - FOTOLAR + YENİLƏNİB

İlham Əliyevin Viktor Orbanla geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə növbəti qəbul-görüşü keçirib

Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi

"Prezident Əliyev həmişə bizim yanımızda olub" - Viktor Orban
