Sosial şəbəkələrdə aldanıb narkokuryer oldular - Polis ifşa etdi - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
DİN-dən Adalet.az-a bildirilib ki, əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan paytaxt sakinləri – əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov və 39 yaşlı Anar Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Onlardan ümumilikdə 18 kiloqram narkotik vasitə – heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
İlkin istintaq zamanı şübhəli şəxslər ifadələrində narkokuryerliyə sosial şəbəkələr vasitəsilə tanış olduqları İran vətəndaşları tərəfindən cəlb edildiklərini və bu fəaliyyətə yüksək məbləğdə pul vədi ilə razı olduqlarını bildiriblər.
Qeyd edək ki, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən cəmi 56 kiloqram narkotik vasitə çıxarılıb.
Faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.