30 Oktyabr 2025 12:20
87
GÜNDƏM

“Sosial mediada qurulan emosional münasibətlər vasitəsilə qadınlar aldadılır...”

Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan və ondan xeyli miqdarda pul alan gəncə hökm  oxunub. Bildirilir ki, hadisə Nəsimi rayonu ərazisində - “Tarqovıy” məhəlləsində baş verib. 1999-cu il təvəllüdlü Rusiya vətəndaşı İbrahim Məhərrəmov “Weplay” internet oyununda 15 yaşlı İradə Əsədova (şərti ad-soyadlı) ilə tanış olub. O, daha sonra ünsiyyəti “Snapchat” sosial şəbəkəsində davam etdirib. Bundan sonra isə yeniyetmə qızı onunla evlənəcəyi yalanına inandıraraq “Tarqovıy”da tutduğu kirayə evə mütəmadi olaraq aparıb. Bu müddətdə İbrahim problemlərinin olduğunu, həbs edilə biləcəyini deyərək qızdan bir neçə dəfə xeyli pul və qızıl alıb. Məhkəmə onu bu əməllərinə görə 3 il 6 ay azadlıqdan məhrum edib. Əlavə olaraq 11 447.40 manat məbləğində pul vəsaiti də tutularaq iddiaçı zərərçəkmişə ödəniləcək. 

Məsələyə münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Adalet.az-a açıqlamasında bildirdi ki, cinsi istismar insan alverinin ən yayılmış və ağır nəticələrə səbəb olan formasındandır. 

Onun sözlərinə görə, xüsusilə qadınlar, yeniyetmə qızlar və uşaqlar bu istismar növünün birbaşa hədəf qruplarıdır:

“Bu istismar forması həm fiziki, həm də psixoloji zorakılıqla müşayiət olunur və çox zaman aldatma, məcburetmə və sosial manipulyasiya yolları ilə həyata keçirilir. Qurbanların əksrətiyyəti aldatma, emsional asılılıq, maliyyə ehtiyacları və zorakılıq yolu ilə nəzarət altında saxlanılır”. 

Ekspert bildirib ki, onlayn romantik fırıldaqlar (romance scams) da insan alverinin və rəqəmsal istismarın emosional manipulyasiya yolu ilə həyata keçirilən formasıdır: 

“Qurbanlar romantik vədlərlə aldadılır, sonra isə pul, məlumat, seksual görüntü və ya fiziki görüş tələb olunur. Bu da bəzən seksual istismar və ya insan alverinə gətirib çıxarır. Sosial mediada qurulan emosional münasibətlər vasitəsilə qadınlar aldadılır və sonradan xaricə “evlənmək”, “iş qurmaq” vədi ilə aparılaraq insan alverinə məruz qalırlar. Bu həm psixoloji, həm də sosial manipulyasiyanın kompleks formaıdır”. 

Vasif ƏLİHÜSEYN