“Tramp və Putin arasında Budapeşt görüşünün perspektivi yoxdur” – Politoloq

Macarıstanın paytaxtı Budapeştdə növbəti dəfə ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukrayna böhranı ilə bağlı danışıqlar aparacaq. Ankoric görüşündən fərqli olaraq, bu dəfə Putin qovluğunda Ukraynanın beş regionu deyil, yalnız bir regionu – Donbasın Rusiyaya verilməsi təklifi ilə gəlir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, bu cəlbedici təklif Tramp tərəfindən müsbət qarşılanıb:
“Məhz buna görə də prezident Zelenskinin son Vaşinqton səfəri nəticəsiz qalıb. Alyaska görüşündən sonra Putinin digər dörd regiondan imtina etməsi, əsasən, ABŞ və Avropanın Ukraynaya hərbi dəstəyinin nəticəsi kimi meydana çıxıb. Rusiya ordusu şərq cəbhəsində taktiki itkilər verir, eyni zamanda ölkənin strateji neft emalı zavodlarının hədəfə alınması Kreml üçün ciddi problemlər yaradıb”.
Onun sözlərinə görə, Putin Donbası əldə etməklə daxildə “qələbə eyforiyası” formalaşdırmaq və bu ab-havadan istifadə edərək növbəti mərhələdə Baltikyanı ölkələrə qarşı təxribatlara zəmin hazırlamaq istəyir:
“Xüsusilə Estoniyada yaşayan rus azlıqlarının “müdafiəsi” Moskva üçün həmişə hazır bəhanədir. Avropa liderləri və Ukrayna Budapeşt görüşünə skeptik yanaşır. Prezident Zelenski Donbasın Rusiyaya güzəşt edilməsini qəti şəkildə rədd edir. Onun təklifi yalnız mövcud təmas xəttində atəşkəsin bərpası və danışıqların davam etdirilməsidir. Lakin Rusiya buna razı deyil. Buna görə də Budapeşt görüşü, böyük ehtimalla, nəticəsiz başa çatacaq. Əgər Tramp Ukraynanın şərq bölgəsini Putinə güzəştə gedərsə, bu, Vaşinqtonun Avropa müttəfiqləri ilə etimadını ciddi zədələyəcək. ABŞ-nin Rusiya qarşısında geri addım atması onun qlobal liderlik statusunu zəiflədər və Moskvanın yeni güc qütbünə çevrilməsinə şərait yaradar”.
O deyib ki, Tramp şəxsi biznes maraqlarında güzəştə gedə bilər, amma Ukrayna ABŞ-nin mülkiyyəti deyil ki, onu satmaq mümkün olsun:
“ABŞ geostrateji maraqlarını itirə bilməz. Rusiya Donbası əldə etsə, növbəti hədəf Zəngəzur dəhlizi ola bilər. Trampın “müharibələri mən dayandırmışam" iddiası da real nəticə deyil. Azərbaycan–Ermənistan müharibəsi onsuz da başa çatmışdı. Pakistan–Hindistan, Tayland–Kamboca, İsrail–Həmas qarşıdurmaları da hələ bitməyib. Trampın yeganə uğuru Kongo və Ruanda arasında sülh sazişinin imzalanmasıdır. Ümumiyyətlə, ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini diplomatik yolla bitirməsi real görünmür. Budapeşt görüşü sülh üçün deyil, daha çox Moskvanın mövqeyini legitimləşdirmək cəhdidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Nobel olmasın, Nikson olsun - Tramp Sülh Mükafatını aldı

Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb

Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışıb
