“Heç bir söz, geyim və fikir ayrılığı bir insanın...” –Psixoloq

Xəbər verdiyimiz kimi, Mingəçevirdə toyundan bir neçə gün sonra 19 yaşlı Ləman Məmmədli intihar edib. Ləmanın atası Murad Bayramov mətbuata açıqlamasında bildirib ki, söz-söhbət gəlinlik paltarı üstündə olub. Onun sözlərinə görə, Ləmanın nişanlısı və qayınanası onun açıq-saçıq gəlinlik geyindiyini əsas gətirərək söz söhbət yaradıblar. Buna dözməyən Ləman isə canına qıyıb.
Məsələylə bağlı Adalet.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, bəzən bir söz, bir baxış, bir tənə bir gəncin ruhunu parçalayır.
Onun sözlərinə görə, xüsusilə də qız övladları — adət, ənənə, qınaq, “ayıb olar” çərçivəsində — öz seçimlərinə, hisslərinə, hətta geyimlərinə görə mühakimə olunurlar:
“Halbuki ailə o yer olmalıdır ki, orada insan qorxusuz, təzyiqsiz, sevgiylə qəbul edilsin. Bir gəlinlik, bir söz, bir fikir uğrunda çıxan mübahisə, bəlkə də, kənardan cüzi görünür. Amma psixoloji gərginlik, təzyiq və təhqir bəzən ən güclü insanı belə sındıra bilir. Depressiya, özünə qapanma, utanc və ümidsizlik — bunlar birdən yaranmır. Aylarla, bəzən illərlə yığılan duyğular bir gün partlayır. Burada günahkar axtarmaqdan çox, dərs çıxarmaq vacibdir. Biz uşaqlarımıza “nə deyərlər” qorxusu yox, “sən dəyərlisən” inancı verməliyik”.
O bildirib ki, biz cəmiyyət olaraq “ayıb” sözünü deyil, “anlamaq” bacarığını öyrənməliyik:
“Hər bir gənc dinlənilməyə, başa düşülməyə, sevilməyə layiqdir. Heç bir söz, geyim, fikir və ya fikir ayrılığı bir insanın yaşamaq haqqından üstün deyil. Psixoloji dəstək, anlayış və empati — bəzən bir həyat xilas edə bilir. Xahiş edirəm, bu cür hadisələri paylaşarkən və müzakirə edərkən sensasiya yox, insanlıq tərəfini düşünək. Çünki hər belə xəbər arxasında bir ata, bir ana, bir evin sükuta qərq olmuş nəfəsi dayanır. Bir insanın ruhu sınanda, onu geri qaytarmaq mümkün deyil. Amma başqalarının sına bilməsi üçün sevgi, anlayış və dinləmə mümkündür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar medal təsis edildi

Müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard manatı ötüb

DYP piyadalara müraciət etdi

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM

Kamran Əliyev Braziliyaya getdi

Hərbi məlumat və bildirişləri artıq “mygov”dan əldə edə bilərsiniz

DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirdi - VİDEO
