07 Iyul 2025 09:36
111
ƏDƏBİYYAT

Emin Piri: İSANIN QIZINA (Xristian mələyinə)

I

Üzümü hara tutum
dua edəndə?!-
Məkkəyə, Qüdsə, yoxsa
Sənə?!

Mən Məkkədən qovulan
dəli bir aşiq
Mədinəm Sənsən indi.

Səni elə sevərəm,
paxıllıqdan-
İsa enər çarmıxından.

Ya yuva ver
ovcunda əllərimə,
sinən üstdə ürəyimə.
Ya da qaldır
Səlib bayrağını.
qalmışam sənə görə
Məhəmmədlə İsa
Məscidlə kilsə arasında...

II
Elə kilsədə
Elə xaçın düz önündə,
Elə İsanın qabağında-
Çarmıxın olaram.
Barmaqlarım mıxçalara dönər
Gərilmiş əllərində.

Yavaş-yavaş yox olarsan,
Qeybə çəkilərsən bədənimdə.
Əllərimdə, dodaqlarımda.
Öncə əllərin,
sonra dodaqların.
Sonra...
Sonrası sonra.
Qeybə çəkilərsən məndə.
Elə kilsədə,
elə xaçın düz önündə,
İsanın qabağında...

Bətnindən doğan
bakirə vəhy-səslərin
cingildəyər "Xaç"ın qulaqlarında.
Qiyamət şeypuru çalınar,
Məsih dirilər,
İsa qısqanclıqdan enər çarmıxından.