Elnur Uğur: Neftçalada bir ocaq var...

Filologiya elmləri doktoru professor İmamverdi Əbilovun xatirəsinə....
Neftçalada bir ocaq var,
Söz ocağı.
Ümidlərin işardığı,
Gözün eşqdən yaşrdığı,
Bu ocağı söz ərləri
Belə bilir-öz ocağı!
Mavi Xəzər dalğaları
Beşik bağı.
Müqəddəslik nəsibidir
Bu ocağın.
Neftçalada bir ocaq var,
Sözdən yanır.
Alovunun hər dilində,
Ruh islanır.
Alovunun hər telində,
Söz-söz sevgi sığallanır.
Haqqa bağlı, haqq ocaqlı
Bu ocaqda alovlanan
Nəğmələr var qalxıb göyə.
Neftçalada bir ocaq var,
Söz ocağı
Sığıb bapbalaca öyə.
Bu ocağın divarında
Məmməd Araz nəfəsi var.
Bu ocağın tavanından
Rəsul Rza “Rənglər”inin
Sehri axar.
Bu ocaqda Bəxtiyarın
“Gülüstan”ı, “İstiqlal”ı
Qabilinsə “Nəsimi” si,
Şerimizin üsyan səsi,
Xəlilimin əl izi var.
Bu ocaqda Elçin, Anar
Neçə müqəddəs səs ilə
Söz bulağında görüşüb.
Bu ocaqda kimlər kimin
Ruh halına əsir düşüb.
Söz tilsimə, tilsim qəlbdə
Sarı simə bəndə düşüb.
Bu ocaqda boy atıbdı,
Turan eşqi,Turan yolu.
Ədəbiyyat-əbədiyyət
Haqa gedən iman yolu.
Bu ocağın alovunda
Qalxıb haqqa söz-söz sevgi.
Bu ocağın istisində,
Hey işarır köz-köz sevgi.
Bu ocaqda min illərin
Sözü yatır.
Bu ocaqda bir atəşin
Sönməyəcək közü yatır.
Bu ocaqda neçə ruha,
Sevgi adı ilham verdi.
Bu ocaqda sözə eşqdən
Don geydirdi İmamverdi.
Onun “Rəhmət duası”ndan
Rəhmət axır yer üzünə.
“Şəhidlərin meharabı”ndan
Şahid olduq,
Sözün də şəhidliyinə.
“Omrün anları”nı yazdı,
Anda əbədiyyət yaşatdı.
“Əsrlər, nəsillər,əməllər”
Hər vərəq bir kainatdı.
Neftçalada bi ocaq var,
Söz ocağı!
Bir fitrətdən qüdrət alır.
Ölüb yaşamaq nə demək,
Bu ocaq onu yaşadır.
Bir zəkanın işığıdı
Bu ocağı diri tutan.
Neftçalada bir ocaq var,
O ocaqla hey isinir,
Neftçalada olan insan.
O ocağın işığında
Yol gəlir söz əsrlərdi.
Sözün iman sifətini
Yaradıbdı İmamverdi.
İmanıyla, zəkasıyla
Yanır hələ bu gur ocaq.
Nə qədər ki söz yaşayır,
Azərbaycan eşqi ilə
Bu ocaq da gur yanacaq.
NEFTÇALA!
Digər Xəbərlər

Milli poeziyamızın Vaqif Aslan mərtəbəsi

" Dəli"

“Adı ilə yaşamayan...” - Pərvanə BAYRAMQIZI yazır

Nəzərlilərə bir nəzər - Tərlanə Yaqubqızı yazır

Hüseyn Cavid: milli ruhlu müəllim, yaxud millət müəllimi

"Solovyov üçün cəhənnəmdəki VİP qazanda yer hazırlanıb" - Xalq yazıçısı Anarın açıq məktubu

Gücümüz birliyimizdədir! - Sabit Əzimov yazır
