03 Iyul 2025 20:27
83
GÜNDƏM

Prezidentlər orta məktəbin açılışını etdilər - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.

Adalet.az xəbər verir ki, mərasim iyulun 3-də hər iki ölkə liderinin iştirakı ilə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışı çərçivəsində baş tutub.

Prezidentlər əvvəlcə məktəbin həyətində quraşdırılan yurtaya baxıblar. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur.

Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.