"Ölkəmizin gələcəyini təhdid edən ciddi problemlərdən biri narkomaniyadır" - Komitə sədri

“Bu günlərdə Yasamalda belə bir hadisə baş verdi ki, insanlar kameralar vasitəsilə narkotik satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşa olunmasına köməklik elədilər. Bu, çox önəmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanın narkotik faciəsindən qurtarmaq çox çətin olacaq”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, bu, təkcə polisin, xüsusi xidmət orqanlarının işi deyil: "Vətəndaş dəstəyinə ehtiyac var. Mən hansısa narkotik istifadəçisinin həbs olunmasının da tərəfdarı deyiləm. Burda müalicə mexanizmi düzgün qurulmalıdır və ora göndərilməlidirlər. Həbsxanaları da bu cür kateqoriyadan olan insanlarla doldurmaq orda sağlam insanların da gələcəyinə problem yarada bilir. Amma narkotik satışını həyata keçirən şəbəkənin çökdürülməsi üçün bütün vətəndaşlar həssaslıqla bu prosesə qoşulmalıdır. Lazımi yerlərdə kameralar quraşdırılmalıdır. Birinci növbədə məktəblərin ətrafında ola biləcək satış mərkəzlərini mütləq ifşa edib onları müəyyən dərəcədə məsuliyyətə cəlb etmək vacibdir. Bəlkə də bu, sıradan bir informasiya kimi görünə bilər, amma ölkəmizin gələcəyini təhdid edən ən ciddi problemlərdən biri narkomaniya problemidir. Bunun satışı ilə bağlı qonşu ölkələrdən yönəldilən şəbəkə vasitəsilə həyata keçirilir, bunun qarşısını mütləq almalıyıq”, - deyə deputat bildirib.
Spiker Sahibə Qafarova da sözügedən məsələ ilə bağlı qeyd edib ki, millət vəkilləri sosial şəbəkələrdə bu məsələyə öz münasibətini bildirməlidirlər.