MÜƏLLİMİ qoruyaq - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
146 | 2025-07-01 15:52

Müəllimlərin məzuniyyəti başlayır. Müəllim zəhməti, həm də onları yaralayan xəbərlərlə dolu bir dərs ili də bitdi. Bu arada bir-neçə müəllimin ağrılı söhbətlərini eşitdim. “Axı, yaxşı, vicdanlı müəllimlər qat-qat çoxdur, niyə ancaq neqativ hallardan bu qədər yazırlar?”-dedilər. Düşündüm ki, bu münasibətdən şagird, valideyn, müəllim, cəmiyyət olaraq nə qazanırıq, nə itiririk görəsən? Qazandığımız və ya itirdiklərimizin hamısı gərəkdimi bizə? Düşünsək, hadisələrə münasibətimizə diqqət edərik. Axı istənilən adamın həyatında zəhməti olan müəllimdən danışırıq.

Mən də təhsillə bağlı tənqidi yazılar yazmışam, amma işlədiyim müddətdə işində heç bir nöqsanı olmayan müəllim kimi. 
Ömrümün 45 ilidi həm də o müəllim. Zəif müəllim də görmüşəm, savadı yetərincə olmayan da, əsil müəllim də. İnanın, o zəif hesab etdiyiniz müəllimlər də zəhmət çəkir, uşaqları öyrətməyə çalışır. Amma öyrədə bilməyənlər, sadəcə dərsi yola verənlər də var. Müəllim olmaq təkcə savadla bağlı məsələ deyil.

Əvvəl təkmilləşmə kursları vardı. Bu kurslarda müəllimlər təcrübələrini bölüşür, çətin gələn mövzuları, məsələləri birlikdə müzakirə edirdilər.  Müəllimlərə daha çox köməyi olurdu.

İndi imtahan keçirilir. Buna etiraz edənlərdən olsam da. imtahan qismən də olsa, zəif müəllimləri üzə çıxarır. Elə müəllimlər var ki, 5, 10 il və daha çox dərs deməsinə baxmayaraq zəif olaraq qalır. Fənnini öyrənmir, öyrənə bilmir. Amma yüksək bal toplayıb sinfi idarə edə bilməyən, ya o bala uyğun savadı şagirdlərə ötürə bilməyən müəllimlər də var. Makarenko deyib ki, nə qədər universitet oxuyursan, oxu, yaxşı müəllim olmaq üçün təcrübə lazımdır. 

Müəllimliyi işləyə-işləyə öyrənirsən, amma sevsən.  

Təhsildən çoxumuz narazıyıq. Niyə? Ona görə ki səhvlərimiz oldu.

Məsələ bundadır ki, sovet təhsil sistemini dağıtdıq. Yerində bilmədiyimiz bir sistem qurmağa başladıq. Halbuki dünya üçün Sovetlər Birliyinin 20, 30, 40 ildə qazandığı uğurlara necə nail olması maraqlı idi. Savadsız  15 respublikada məktəblər açmaq, pulsuz təhsil sistemi yaratmaq, alimlər, həkimlər, rəssamlar, bəstəkarlar  yetişdirmək asan deyildi. Onda da dərsin mərhələləri vardı, gözəl də dərs alınırdı. Şagirdin gündəlik fəaliyyəti, hətta intizamı qiymətləndirilirdi. İndi bunlar önəmli deyil. Yalnız test, yəni KSQ, BSQ balları nəzərə alınır. Səbəbini kimsə izah edə bilmir. Test üsulunun daha çox müsbət nəticə verdiyini demək çətindi. Oxumayanların sayı artır. Uşaqların nitqi, yazısı əsas deyil. Müəllimlərin çabası, hədsiz zəhməti olmasa, cümlə qura, yaza bilməyənlərin sayı artar. Amma biz müəllimlərin zəhmətini bir kənara qoyub neqativ halları qabardırıq. Bu hallar məktəb daxilində həll oluna bilər. Müzakirəyə çıxarıb müəllimləri təhqir etməyə gərək yox kütləvi şəkildə. Sadəcə məktəbə vicdanlı, savadlı, xalqını sevən direktor lazımdır. TN-nin ən birinci vəzifəsi o direktorları tapmaqdı. Öz işini bilən, vicdanlı rəhbər özünə layiqli müavinləri seçə bilər. Yaxşı direktor savadsız müəllimi istəməz rəhbərlik etdiyi məktəbdə. Və yaxşı direktor pis müəllimini tanıyır. Çox təəssüf ki, TN bu işin öhdəsindən gələ bilmir.

Müəllim olmaq məqsədi olmayan, bunun nə qədər önəmli olduğunu bilməyən müəllim olmasa yaxşıdır. Qəbul imtahanlarında bunu tənzimləmək lazımdır. Yoxsa abituriyent, məsələn 4-cü qrupa imtahan verir, həkim olmaq istəyir, ən sonda PU-də biologiya, kimya ixtisasını seçir. Təbiiki, həkim olmaq istəyib balı çatmadığı üçün müəllim olanların hamısı bu peşəni sevməyəcək. İmkanım olsa, bütün abituriyentlərə deyərdim ki,  müəllim olmağın məsuliyyətini dərk etmirsinizsə, bu ixtisası seçməyin. Əgər sevərək ixtisas seçirsinizsə, “Müqəddəs” dediyimiz peşənin müqəddəsliyini  qoruyun. 
Ümumiyyətlə, əziz müəllimlər, sizə olan haqsızlığa susmayın. Çətin tərbiyə olunan uşaqların tərbiyə üsulları da var. Məktəbdə direktor müavini-təşkilatçı var. Bir-neçə müəllim narazıdırsa, uşağa xəbərdarlıq edilir, aktlaşdırılır, pedaqoji şurada valideynlərin iştirakı ilə müzakirə də edilə bilər. Hər məktəbin yerləşdiyi əraziyə baxan polislər var, uşaqların hüquqlarını qoruduqları kimi, çətin tərbiyə olunanlarla da müəyyən profilaktik tərbiyə aparmalıdırlar. Bunu mən uydurmuram, qanunlarımız var. RİH-də xüsusi şöbə var və s. Amma ən önəmlisi uşaqların sevgisini qazanmaqdır. Müəllimin ən böyük uğuru, dayağı, müdafiəçisi şagirdlərin hörmət və sevgisidir..

"Müəllim uşağıma söz dedi, vurdu” deyə hay-küy salan, “Mənim uşağımı vursa, gedib belə edərəm, elə edərəm” deyib həşir qoparan valideynlər! İnanın, şagirdini, hətta intizamsızlıq etsə belə, söyən-döyən müəllim yox dərəcəsindədir. Tutaq ki, 1,2, lap 5 faiz hər hansı səbəbdən bunu edir. 95 faizi düşünün. Çıxışlarımdan birində demişdim: “Bəzən müəllimin bir şilləsi uşağı həyatın sərt şillələrindən qoruyur”. Bunu da düşünün. Sizin sözkeçirməz uşaqlarınıza məktəb, müəllim qədər kimsə güzəştə getmir həyatda. Siz bütün dedi-qodularınızla, yersiz tənqid, təhqirinizlə o saf dünyanı dağıdırsız. Nəticə göz qabağındadı: uşaqlar məktəbi, müəllimləri sevmir, əsəbləşdirib videoya çəkir, paylaşır. Bilirsizmi, necə çətin uşaqlar, valideynlər var? Bilmirsiz! 

Yaşadığım ərazidə məktəblilərə tez-tez rast oluram müxtəlif saatlarda. Bəzən dərs vaxtı olur, ikibir, üçbir çiyinlərində çantaları gəzirlər əllərində telefonları ilə. Bəzən parklarda besedkalarda(köşglər) siqaret çəkir, qucaqlaşır və s.  Məktəblilər bir-birinə cəza verir, bulinq edir, bıçaqlayır, döyür... Bunda siz günahkarsız. O yaşda uşaqların sevdiyi yer məktəb olmalıdı. Sevdikləri müəllimlər olmalıdı. Zövq aldıqları dərs prosesi olmalıdı. Dərsdən qaçıb parklarda veylənmək yox! Bunları düşünün. Sizin müzakirəyə çıxardığınız məktəbi, müəllimi sevərmi övladınız? Siz nə düşünürsüz, necə düşünürsüz? Dostuna video çəkməyi tapşırıb, dərsdə müəllimi haldan çıxaran, sonra da paylaşan övladlar nəyinizə gərəkdir? Ümumiyyətlə gərəkdirmi? Bir sözünə , hərəkətinə görə “hansı şagirdsə video çəkər, paylaşar” gərginliyi ilə, məsuliyyətsiz valideynin şikayəti ilə işdən qovulmaq həyacanıyla  dərs keçən  müəllim necə şəxsiyyət yetişdirər? Uşaqları necə sevər? Nə öyrədər? Hansı cəmiyyəti yaradar? Qorxaq, yaltaq, həmişə narahat...

Bir də “jurnalist”lər, belə xəbərləri bəhbəhlə paylaşan saytlar var. Bilmirəm bu xəbərləri yazan, paylaşanlar peşəkar jurnalistdirmi? Verdiyi xəbərin, yazdığı yazının məsuliyyətini dərk edənlər yox, məktəbdə problemi olanlardır. Yaxşı oxuyan, məsuliyyətli, intizamlı uşaqların problemi olmur. Belə şagirdləri əzizləyir müəllimlər.  Gizlicə çəkilmiş bir video paylaşılan kimi məktəbə hücum çəkən, özünü qeyri –adi bir iş görürmüş kimi aparanlar güman ki, sorunlu şagirdlər olub. Guya müəyyən səbəblərdən tərif, tənqid yazan jurnalistlər yoxdumu? Nəyinsə xətrinə kimisə göylərə qaldıran ədəbiyyat adamları yoxdumu?  Bəlkə bunlardan yazasınız? Məsələn nədən adları ən neqativ, ən xoşagəlməz hadisələrdə hallanan Kamran Əsədovu, ya Elşən Qafarovu təhsil eksperti kimi təqdim edirsiz? Səbəbi nədir? Belə “təhsil ekspertləri”ni də bir araşdırın. Müəllimləri müzakirə öbyektinə çevirməyin. Təhsilə ürəyiniz yanırsa, məktəbə gedin, valideynlərlə, şagirdlərlə, müəllimlərlə danışın video çəkmədən, səs yazmadan. Demirəm ki, neqativ halları ört-basdır edin, amma ehtiyatlı olun. Tənqidlərə, təhqirlərə baxmayaraq vicdanla işləyən, qarmaqarışıq təhsil üsulları içində şagirdləri üçün zəhmət çəkən müəllimlər ordusunu düşünün. Şikayətçi valideyni də araşdırın. Görün necə övlad böyüdüb.  

Son günlərdə bir video da paylaşıldı: valideynlər müəlliməyə bəzək əşyası alıb. Müəllimənin çıxışına baxdım. Səsindən, üzünün ifadəsindən sarsıldım. Dəfələrlə “yaxşı eləmisən” dedim öz-özümə. Dərs ilinin sonunda valideynlərin müəllimə hədiyyə alması niyə qəbahətdi? Az qala cinayətdir ki? Doğurdanmı, bunu paylaşan, müəllimi haldan çıxarıb gizlicə video çəkən, səsyazan uşaq və ya valideyni daha yaxşıdır? Müəllimə hədiyyə alanlar pisdir?

Unutmayın, yalanın qarşısında sədd olmur. Həqiqət özünə yol açmalı olur. Bu bütün zamanlarda belə olub. Bütün ölkələrdə belədir. Sadəcə həqiqətin qabağını kəsənlər çoxaldıqca bədbəxt-nifrət dolu cəmiyyət yaranır. Sizə elə gəlmirmi, bunun qarşısını almaq üçün ilk növbədə müəllimi qorumalıyıq? Mənə elə gəlir... 
 

TƏQVİM / ARXİV