ŞAHİN HƏMİDLİNİN ŞEİRLƏRİ - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
247 | 2025-06-04 11:49

Azərbaycan təbiətinin gözəlliklərini, insan-təbiət vəhdətini əks etdirən şairlərimizin adları çəkiləndə ilk sırada Hüseyn Arifin, Musa Yaqubun, Məmməd Arazın, Nəbi Xəzrinin, Hüseyn Kürdoğlunun, Məmməd Aslanın, Qasım Qasımzadənin şeirlərini xatırlayırsan. Onlar təbiətin poeziyasını şeirlərində əks etdirməklə  sonra gələn şairlər nəsli üçün ustad dərsləri keçiblər. Təbii ki, Azərbaycanda elə şair tapılmaz təbiətdən, onun gözəlliklərindən, ümumiyyətlə, böyük alman filosofu Kantın «nəcib, gözəl sadəlik» adlandırdığı təbiətin varlığından söz açmasın. O ənənə indi də davam edir- «Ana təbiətə yaxınlaşdıqca Dönüb özümüzə yaxınlaşırıq» (B.Vahabzadə), «Qoy danışsın təbiət» (Qabil), «Çinar canlı tarix, canlı yazıdır» (H.Arif)- şairlərimiz təbiəti danışdırır və təbiəti danışdırdıqca özərini dərk edirlər.  Belə şairlərdən biri də Şahin Həmidlidir.

     Tökülən şəlalə ruh verir çaya,

     Zirvədə açılıb gözəl mənzərə,

     Yazı taxtasıdır elə bil qaya,

     Sinif otağına oxşayır dərə.

     Çox sevir göylərin yağış dilini,

     Ötür səhər-səhər yay ləhcəsində.

     Hər gün salamlayır səhər yelini,

     Bulaqla danışır çay ləhcəsində.

     Meşəyə sevdirib yaman dilini,

     Ağacla danışır külək dilində.

     Dərə işə salıb duman dilini,

     Çəmən nəğmə deyir çiçək dilində.

Şahin Həmidlinin «Təbiət dilini öyrədir bizə» şeirindən gətirdiyim bu misralar bəlkə də oxuculara adi bir təbiət şeirini xatırladar. Amma bu adilikdə təbiətə məxsus 15 ad səslənir və hər birinin özünəməxsus keyfiyyəti-hərəkət və ritmi açıqlanır. Sanki təbiətin özü danışır bu şeirdə.

Şahin Həmidli  Lerik rayonunun Tikəband kəndində dünyaya göz açıb, elə bir kənddə ki, yaşıl meşələr, əzəmətli-məğrur dağlar, sərt qayalar, hər damcısı göz yaşına oxşayan bulaqlar, güllər-çiçəklər-otlar, axar çaylar bu kəndi təbii mənzərələr, canlı rəsmlər vadisi kimi canlandırır. Bir kəndin təbiətini-bu təbiətin gözəlliklərini nəzərə çarpdırmaqla doğulduğu o məkanın bütün dağ kəndlərinə aid olduğunu görürük. Amma  ən başlıca məqam  şairin təbiət sevgisindədir.  Ustad Hüseyn Arifin «Gəlin, təbiəti dinləyək bir az» çağırışına səs verən Şahin Həmidli bu dinləməni təbiətin özündə axtarır. Ustadın şeiriylə səsləşməçlər də buna sübut ola bilər:

    Bahardır torpaqçün ömrünü qoyan,

    Bahar gələn kimi oyanır çöllər.

    Nə fırça görünür, nə də bir boya,

    İlahi rənglərlə  boyanır çöllər.

 

    Baxmaqdan qalmayıb göylərdə taqət,

    Buludlar alnından silir tərini.

    Bir dahi rəssamdır ana təbiət

    Sərgiyə çıxardıb əl işlərini.

Təbiətə bu dərəcədə heyranlıq hissinin səbəbini elə təbiətin özündə axtarmaq lazımdır. Şahin Həmidliyə görə  lalələr ona görə qırmızıdır ki: torpağın köksündə dərdlər, nalələr bitib, «birvaxt burda qan yerinə su axıb, ona görə qırmızıdır lalələr».Görkəmli münəqqid Yaşar Qarayev yazırdı ki: «Təbiət Vətənin tarixidir».Bu tarixə nəzər yetirsək, görərik ki:

    Dağlar ana yurdun baş daşlarıdır,

    Seçilmir pirindən, ocaqlarından.

    Bulaqlar torpağın göz yaşlarıdır,

    Axır gecə-gündüz yanaqlarından.

 

    Yurdun ürəyində yatır sirrləri,

    Çəmənlər otlarla yazılan dastan.

    Dərələr köhnəlmiş qəbir yerləri,

    Sıldırım qayalar muzey, qəbristan.

Amma ana təbiət həm də bütün gözəllikləri ilə şairlərə və yurdun hər bir insanına duymaq, özünü bu gözəlliklərə vaqif olmaq aludəçiliyini bəxş edir.Şahin Həmidli təbiəti təkcə tarixin gözüylə yox, həm də (və daha çox!) bu günün sirləri, möcüzələri ilə oxudur bizə.  O,  təbiətin vəsfini, standart və şablon tərənnümünü deyil, özünü təqdim edir, yəni sözün yaxşı mənasında təbiət dərsi keçir. Çalışır ki, ilin fəsilləri, səhəri-axşamı, meşəsi, bağı, günəşi-ayı, çəməni=çölü, dağı-dərəsi haqqında yazılan şeirləri təkrar etməsin, təzə söz desin və təbii ki, onun orijinal bədii təsvir vasitələri ilə buna nail olsun. Məsələn, həksər şairlər öz şeirlərində səhər lövhələri çəkiblər. Şahin Həmidlinin «Səhər lövhəsi»nə diqqət yetirək:

     Xəyal dənizində yerlə göy üzür,

     Gecə gözlərindən  ovur yuxunu.

     Açıb əllərini göyə dan üzü

    Oyanıb yuxudan, qovur yuxunu.

 

 

    Zülmət qaranlığı gətirir yada,

    Səhər nurlandırır daşı, qayanı.

    İlahi bir rəssam canlı tabloda

    Ağ rənglə boyayır qara boyanı.

 

   Göy çəmən göyərə-göyərə qalıb

   Barmaqla göstərir doğan günəşi.

   Bərk-bərk qucaqlayıb basır bağrına

   Göylər qabağına çıxan günəşi.

Yeri gəlmişkən qeyd edim ki, Şahin Həmidlinin səhərə həsr etdiyi dicər şeirləri də var və heç bir şeirində təkrarçılığa yol vermir. Ancaq onun təbiət şeirlərini təkcə  bununla məhludlaşdırmaq olmaz. O,qış gecələrinə, sökülən dana, payız səhərinə,günəş şüalarına, yarpıza, nanəyə, gülləçrə, çiçəklərə, kol dibində bitən bənövşəyə,meşələrə həsr etdiyi şeirlərindən də misallar gətirə bilərəm.

Mən şair Ağacəfər Həsənlinin üç il əvvəl  Şahin Həmidlinin  «Təbiət dilini öyrədir bizə» şeirlər kitabı haqqında yazdığı resenziyanı oxudum . Eyni fikirdəyik ki, «Şahin təbiət şairdir, böyük ilhamla  Azərbaycan torpağını vəsf edir, onun gözəlliklərini qabardır, şeirə gətirir. Müəllifin obrazları, metaforaları, tapıntıları özünəməxsusluğu ilə seçilir».

Təbii ki, Şahin Həmidlinin şeir adəmi təkcə təbiətlə məhdudlaşmır. Öz kəndi və onun adamları haqqında şeirləri də az deyil. Və inanıram ki: «Kəndimizin hər yerinə baş çəkib, Bulaq-bulaq, meşə-meşə gəzmişəm».  Əlbəttə, mən onun «İlk xoruz banıdır kənd fəlsəfəsi» şeirindəki «fəlsəfəyə» irad tuturam.  Amma o  şeirdə  «Çöl-çəmən yaşıl bir muzey kimidir, sənət əsəridir quş yuvaları» misralarını bəyənirəm. Qoy desin. Qoy desin ki: «Kəkliyə, bülbülə, sarıköynəyə, Dağların qoynunda yuvadı Lerik». Qoy  desin ki: «Ən gözəl, ən təmiz dağ havasının Nur saçan gözüdür kənd adamları». Qoy desinki: «Məndən çox yaşlıdır o qoca kəhriz Dayanıb üzümə eynəksiz baxır».O, dağlara  məftunluğunu gizlədə bilmir  və etiraf edir ki: «Yazmağa, pozmağa o qədər söz var Dağa layiqini tapa bilmirəm». Onun bu etirafını  bəzi şeirlərinə aid edirəm və hesab edirəm ki, Şahid Həmidlinin «Əntiqə şeirim» kimi  bir çox şeirləri onun kitablarına yol tapmasın.Şahin Həmidlinin hər iki kitabında çoxlu ithaf şeirləri var. Bu şeirlərin bir qismi  atasına, anasına, əmisinə və şair dostlarına həsr etdiyi şeirlər bəyənimlidir, amma qalan ithaflar nə qədər səmimi hissləri ifadə etsə də, onları əsl şeir kimi qəbul etmək doğru deyil. Qoy həmin şeirlər  (onlarla dosta, tanışa həsr edilən və şeir kimi yox, tərif kimi yazılanlar) ad günlərində oxunsun…

 Mən Şahin Həmidlinin sevgi şeirləri, din-iman təəssübkeşliyi, Şuşaya, Azərbaycan zabit və əsgərləri ilə bağlı digər şeirlərindən özüm söz açmadım, onlar təbii hisslərdən yaranıb. Sözümü Şahin Həmidlinin Vətən sevgisi ilə yoğrulan bu misraları ilə bitirirəm

     Qolumun qüvvəsi, gözümün nuru,

     Qəlbimin sevinci Azərbaycandır.

     Kökünə bağlıdır soyadım, soyum,

     Qurban olum ocağına, pirinə.

     Bayrağın üstünə başımı qoyum,

     Himnini oxuyum layla yerinə.

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV