01 Oktyabr 2025 15:30
101
ŞOU-BİZNES

Məşhurların qiymət artımına reaksiyası- SORĞU

Son zamanlar gündəmi zəbt edən məsələlərdən biri də ictimai nəqliyyatda qiymətlərin artırılmasıdır. Məlum məsələdir ki, insanlar buna birmənalı şəkildə etirazlarını bildirirlər. Hər kəsin özünəməxsus müxtəlif arqumenti var. İnsanlar aldqları əmək haqqı ilə bu artımın uyğunsuz olduğunu söyləyirlər. Bəs məşhurlar necə, bu qərar onarın həyatında dəyişikliyə səbəb olacaqmı? Əlbəttə, qərara etiraz edən, məsələ ilə bağlı susmayan məşhurlar da var:

Əməkdar artist Mehriban  Xanlarova bu məsələdə əhalini düşünərək, nigaranlığını ifadə edib:

“Xalqımızın gündəlik həyatına təsir edən hər bir məsələni diqqətlə izləyirəm. İctimai nəqliyyat sadəcə yollarda hərəkət vasitəsi deyil, insanların işinə, təhsilinə, gündəlik yaşamına gedən körpüdür. Arzum budur ki, verilən qərarlar və atılan addımlar insanların çiynində əlavə yük yaratmasın. Əksinə, onların rifahına, rahatlığına xidmət etsin”.

Əməkdar artist Elman Rəfiyev bu qiymət artımına qarşı çıxaraq aidiyyatı qurumlara səslənib:

“Bu, labüd haldır ki, qiymətlər qalxmağa doğru gedir. Amma qiymət artımı zamanı hamı bizi başqa ölkələrlə müqayisə edir. Deyirəm ki, əzizim, başqa ölkələrdə verilən əmək haqqı ilə bizim aldığımız əmək haqqı eyni deyil axı.  Bəs niyə bunu,yəni əmək haqqını  müqayisə etmirik? Başqa ölkələrdə vətəndaşa verilən əməkhaqqı ilə  həmin artım uyğundur, ancaq bizim ökədə isə uyğunsuzluqdur. Amma heç olmasa  belə bir şey olanda sovetlər dönəmində   bir qayda var idi ki, bir qrup insanların sosial rifahını nəzərə alınıb, onlara  güzəştli kartlar verilirdi. Həm tələbələr, həm əlillər, həm vətən müharibəsi iştirakçıları, həm təqaüdçülər  bu kartlardan yararlanrdılar. Niyə həmin qanun qüvvəyə minmir? Yəni digər yeni qanunlar kimi onu da bərpa etmək olar.  Mən bir ziyalı kimi anlayıram ki, hər yerdə infilyasiyadır. Qiymət artımı başadüşüləndir. Amma  dünyanın bir çox ölkələrində limitlər də var. Tarif  Şurası limitlərimizi yaddan çıxarıb. Aylıq əmək haqqısı 500 Azn olan adam üçün  60 qəpik gedişhaqqı olduqca çoxdur. Bütün bunlar nəzərə alınmalıdır. Məsələn, 350 Azn təqaüd alan yazıq insanlar nə etsinlər? Bunları kim düşünəcək bəs?

Burdan müraciət edirəm: - Tarif Şurası, zəhmət olmasa insanlara güzəştlər haqqında düşünün. Yaşayış üçün gəliri az olan insanlara güzəşt haqqında düşünün ki, heç olmasa əhalini bu addımla sakitləşdirin.İstəyim budur ki, Tarif Şurası insanlar üçün güzəştli limitlər düşünsünlər”.

Əməkdar artist Bəhruz Vaqifoğlu da ictimai nəqiyyatdan istifadə edən məşhur olaraq, bu qiymət artımının onun da məşiət həyatına təsir edəcəyini bildirib:

“Mən bir Teatr rejissoru və aktyoru olaraq onu deyə bilərəm ki, hər zaman dünyanı və cəmiyyəti narahat edən problemləri bədii formada səhnədən Teatr dili ilə işıqlandırmağa çalışmışıq. Cəmiyyətin problemi bizim də problemimizdir. Çünki bizlər də eyni cəmiyyətdə yaşayırıq. Bugünkü problemimiz  ictimai nəqliyyat vasitələrindən istifadənin qiymət artımı ilə bağlıdır. İctimai nəqliyyatdan istifadə edən bir sənət adamı kimi deyə bilərəm ki, bu məsələ məni də narahat edir. Çünki gün ərzində bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edirəm. Aylıq hesabat aparanda bunun aldığımız aylıq məvacibin yanında böyük bir rəqəm olduğunu görürük. Mən əgər əlavə bir yerə getməyib, ancaq işə gedib gəlmək üçün aylıq ictimai nəqliyyat məvacibimi hesablasam, bu, 80 Azn edir. Hər dəfə qiymətləri artıranda da nələrisə düzəldəcəklərinə vəd verirlər. Amma hər şey EYNİ problemlərlə davam edir. Sərnişinlərin etirazından sonra kondisioner qoşulur, sıxlıq problemi və s. Metroda gedib- gəlmək isə ümumiyyətlə əzabdır. Qatarlar arasında intervallar çox uzundur, havalandırma yox dərəcəsindədir. Mən şəxsən öz adıma bu süni artımlara etiraz edirəm. Və sosial şəbəkələrdən də izləyirəm ki, mənim qədər bu süni artıma etiraz edən minlərlə vətəndaş var. Düşünürəm ictimaiyyətin  etirazını nəzərə alaraq, bu qərarı ləğv edəcəklər”.

Aktyor Vüsal Murtuzəliyev isə qiymət artımının əleyhinə olmaqla yanaşı, köhnə qiymətlərin də  çox olduğunu söyləyib:

Əlbəttə, mənim də hamı kimi bu qərara münasibətim çox pisdir.  Təsəvvür edin, 1 ildə ictimai nəqliyyatda 2 dəfə qiymət artırılıb. Bu qiymət artımı, xüsusən tələbələri şagirdləri, təqaüdçüləri pis vəziyyətdə qoyur. Vəziyyətdən çıxışı ancaq qiymət artırmaq aksioması kimi qəbul edirlər. Mən deyərdim hələ 50 qəpik də çoxdur.Ümumiyyətlə, market və bazarlarda da günbəgün qiymət artımı var. Əhalinin qazancı isə bunu qarşılamır”.

Aktyor Rəşat Kəsəmənli də qiymət artımını şiddətlə qınayan məşhurlar sırasındadır:

“İctimai nəqliyyat vasitəsindən istifadə edən bir insan kimi, bu qiymət artımı mənim də həyatıma təsir  edəcəyini bilirəm. Mənim şəxsi maşınım yoxdur, məcburən gündəlik avtobus və metro ilə getməli oluram. Həm də gün ərzində 1dəfə deyil, 2-3-4 və hətta 5 dəfə ictimai nəqliyyatdan istifadə edirəm. Öz işim üçün gedirəm, övladlarımı hazırlığa aparıram.

Təsəvvür edin ki, gündəlik 7-8 manat təkcə  mən im yol pulum olacaq. Belə də olmaz axı. Əgər gedişhaqqı 60 qəpik olacaqsa, onda təcili sürətdə maaşlar da artırılmalıdır.  Yaxud da buna başqa bir çarə tapılmalıdır. Gündəlik ictimai nəqliyyatdan istifadə edən insan üçün  60 qəpik az pul deyil. İki- üç il ərzində artırlıan gedişhaqqını  üst-üstə gəlsək, böyük bir fərqin olduğunu görərik.

Aldığımız əməkhaqqı ilə bu qədər xərcləri necə çatdırmaq olar? Qərar veriləndə mütləq insanların maddi durumu nəzərə alınmalıdır”.


Əntiqə Kərimzadə