30 Iyun 2025 09:03
165
ƏDƏBİYYAT

Mədəni görünən mədəniyyətsizlər - Pərvanə BAYRAMQIZI yazır

Uzun müddət söhbətini dinlədiyimiz şəxsin fikirlərindən, hadisələrə münasibətindən, danışdığı əhvalatlardan, xatirələrindən onun necə olduğunu təyin etməyimiz asanlaşır. Gərək ən xırda detalları da nəzərdən qaçırmayaq. Adamlar hiss etmədən söhbətləri ilə özlərini təqdim edirlər.  Bəziləri hamıya nöqsan hesab etdiyi hərəkəti özündə ayırd edə bilmir. Özgələrdə vurğuladığı keyfiyyəti (əslində, keyfiyyətsizliyi) özündə görmür. Danışdığı adamdan geri qalmadığını dərk etmir. Biri haqqında söylədiyi cəhətlərə özünün də sahib olduğu ağlına gəlmir. Ona edilən pisliyi o da başqasına etdiyindən xəbəri olmur, olursa da özünü haqlı sayır. Mötəbər olduğunu düşünür, ona elə gəlir, o hər şey edə bilər.

Kimsə beynindəki qarışıqlığı, xarakterindəki pislikləri, paxıllığını, xainliyini, mərdimazarlığını gizlədərək müəyyən müddətdə özünü yaxşı kimi tanıda bilər, amma əsl simanın bəlli olacağı günü gözləmək uzun çəkmir. Ani qığılcımdan barıt çəlləyitək partlayıb kim olduğunu bildirmək təbii şəkildə baş verir. Qondarma olan hər şeyin ömrü gödəkdir.

Təkcə mədəni tərəfini gördüyünüz mədəniyyətsizin vaxt gələcək yaxşı kimi tanıdığınız pis olduğunu biləcəksiniz. 

Əlindəki səlahiyyətin səbəbinə "mənalanan" mənasız adamlar var. 

Diqqət yetirəndə görürsən, dili də acıdır, sözünün yerini də bilmir, qəbahətli danışır, hər ədəbsiz sözü açıq deyir, amma ondan incimir: "sözünə sərhəd qoy" demirlər, çünki işləri düşür, ixtiyarında olan şeylər var. Bir az da guya sadəimiş kimi davranması, qeyri-səmimi səmimiliyi onu adamlara sevdirib. Sevməyən də axına qoşulub yola verir, bəlkə, sözünü ciddi saymayanlar da olur, amma "nə vaxtsa üstünə gedib xahiş edə bilərəm"in  qorxusundan "filankəs yaxşı adamdır" deməkdən başqa çarəsi qalmır.

Əmin olun, həmin adam özü də sizi kimi kimdənsə qorxur. Özü sizdən də çox yaltaqlanır. Hətta bəzi həyasızların quyruğunu tapdamamaq üçün ayaqlarını boğazından asıb yeriyir. Gördünüz, o da sizi kimi kiminsə dalınca sürünür. "Ayaqda qalın" tövsiyə etsəm acıqlanacaqsınız ki, türkcə danışırsan. Demək istəyirəm ki, kimdənsə qorxub onun üçün şərait yaratdığınız halda qorxmadığınız adamı incitməyin. Ədalətli olun. Öz ayaqlarınızla yeriyin. Özgə yerişlə adam axsayır. 

Tələsməyin, yeni yaranmış münasibət zamanı deyilən xoş sözlərə görə kiminsə sizi təmənnasız sevdiyinə inanmayın. Səbirlə gözləyin. Sizdən nə istədiyi, sizi nə üçün təriflədiyi, nəyə, kimə görə yaxınlaşdığı müəyyən vaxtdan sonra bəlli olacaq. Adamların iç üzünün ortaya çıxması üçün münbit şərait lazımdır. Müvəqqəti gizlədilmiş əsl sima əbədilik gizli qala bilməz. Hər kəs nəyə qadir olduğunu gec-tez göstərir, sadəcə, güclü müşahidə qabiliyyətinə malik olmaq lazımdır ki, gedişatı izləyə biləsən.

Ağıl öyrətmirəm ee, gördüklərimə uyğun ağlıma gələn fikirlərdir. Hərdən mən də ağlımı itirirəm. Hə, yalnız ağlımı itirirəm. Vicdanımla ədalət hissimi heç vaxt itirmərəm. Bu iki hiss məndə sevgidən də, nifrətdən də güclüdür.

Siz Allah, bağışılayın, böyük-böyük danışmaq kimi çıxmasın, "böyüklərin" danışdırdığı kimi danışdım.