adalet.az header logo
  • Bakı -°C
05 Aprel 2026 15:38
133
DÜNYA
A- A+

İsveçdə Epşteyn işinin araşdırılmasından imtina edildi

İsveçin hakim partiyaları Ceffri Epşteynin ölkə ilə əlaqələrinin müstəqil şəkildə araşdırılması barədə təklifi rədd ediblər.

Adalet.az xəbər verir ki, fevral ayında Norveç parlamenti cinsi istismar cinayətlərinə görə məhkum olunmuş Ceffri Epşteynin fəaliyyəti ilə bağlı araşdırma aparmaq üçün komissiya yaradıb. Bundan sonra Mərkəz Partiyası İsveçdə də analoji araşdırmanın keçirilməsi barədə ədliyyə məsələləri üzrə komitəyə təklif təqdim edib.

“Epşteyn faylları” adlandırılan materiallarda İsveçlə bağlı bir sıra əlaqələr qeyd olunur. Belə ki, İsveçin yüksək vəzifəli diplomatı Liza Svenssonun Epşteyndən bağlamalar aldığı və onun mənzilində yaşadığı bildirilir.

Bundan başqa, sahibkar qadın Barbru Ehnbom vasitəsilə ianələr qəbul edən Stokholm İqtisadiyyat Məktəbi ilə əlaqələrin olduğu vurğulanır, eləcə də Epşteynin keçmiş isveçli rəfiqəsinin ABŞ məhkəməsində onun məhkum olunmuş şəriki Gisleyn Maksvellin xeyrinə ifadə verdiyi qeyd edilir.

Bununla belə, parlament komitəsində çoxluq araşdırmanın aparılmasının əleyhinə səs verib və bunu digər cinayət işlərinə maneə yarada biləcəyi ilə izah edilib. Eyni zamanda, hökumət yeni məlumatlar ortaya çıxacağı təqdirdə gələcəkdə məsələyə qayıtmaq imkanını istisna etmir.