21 Iyun 2025 15:00
166
ƏDƏBİYYAT

İslanmışın yağışdan qorxusu - Pərvanə BAYRAMQIZI yazır

Al-əlvan – bozluq

Birini rəngarəng, digərini düşkün ruhun göstəricisi kimi qəbul etmək olar. Nədənsə boşluğu, heçliyi boz rənglə ifadə edirik. Hər şeyi ya gözəl, ya da solğun görmək təkcə yaşanan günlərin ağrılarına bağlı olmur. Bu, daha çox xarakterdən irəli gəlir. Taleyi ruhunu didik-didik etmiş insanlar var, həyatı sevir, gözləri yalnız yaxşılıqları görür, nifrəti qəlblərinə yaxın buraxmırlar. Hər gözəllikdə bir qüsur tapmaq narazı adamlara məxsusdur. Bu cür yaşamaq onların əsas prinsipləridir.

Dünyanı qarışdıranlar dünyanı əlvan görənlərdən yaxşı yaşasalar da, gözəlliyə nümunə kimi özlərini deyil, onları seçirlər. Seçməyə məcburdurlar. Həqiqət göz qabağındadır.

Bizə yağışdan qaçmağı öyrətdilər. İslanmaqdan qorxduq. Üzərimizə düşən damcılardan məmnun olmaqdan, sevinc hissi dadmaqdansa xilas olmağa çalışdıq. Əslində isə islanmağı uşaqlara kiçik əyləncə-böyünc sevinc kimi hiss etdirmək olar. Bunu bizə canımızı nədənsə qurtarmaq kimi aşılasalar da, düzgün etməyiblər. Üstəlik islanmağı ən pis halla müqayisə edib “İslanmışın sudan qorxusu olmaz” kimi atalar sözü də işlədiblər. Elə şeylər var ki, ondan qurtulmaqdansa verdiyi duyğularla xoşbəxtliyi dadmaq yaxşıdır. Sevgi kimi…

Sevgi olanda hər şey könüllə görülür.

Sevənlər bir-birini təzədən yaradırlar. Sevə-sevə dəyişirlər, yəni biri digərinin təsiri ilə zəif cəhətlərini “möhkəmləndirir”, sərtliyini yumşaldır, bir-birinə müsbət təsir edib kamilləşirlər. Biri digərini nəyəsə sevdirə-sevdirə alışdırır. Eşqi dərindən hiss edib yaşayanlar üçün vətən sevdiyinin ayağını qoyduğu torpaqdır. Səcdə edib izindən öpürsən.

Kaş ki nə vaxtsa ordan etinasız ötməyəsən…

Adam o izləri gözlərinin yollarından sellərin yuyub aparacağından elə qorxur ki…