“Sevgi və Eşqin Əfsanə İsmi: Yunus Əmrə”

Yunus Əmrə (638–720 h./1240–1320 m.), Tapduq Əmrənin ifadəsi ilə “Bizim Yunus”, XIII əsrin ikinci yarısı ilə XIV əsrin əvvəllərində Anadoluda yaşamış böyük bir şairdir. Onun 82 illik ömrü ilə bağlı ilk qaynaqlar əsasən rəvayət xarakterli hekayələrdən ibarətdir. Horasandan gəlib Anadoluya yerləşmiş türkmən nəslindəndir. Sakarya çayı ətrafında yerləşən Sarıköy adlı kənddə yaşamışdır. Tapduq Əmrənin müridi, onun ən tanınmış xələləfi və kürəkəni olmuşdur. İsmayıl Əmrə adlı bir oğlu dünyaya gəlmişdir. Sarıköy kəndinin adı sonradan “Yunus Əmrə Kəndi” olaraq dəyişdirilmiş və bu kənd bu gün Eskişehir vilayətinin Mihalıççık ərazisinə bağlı Yunus Əmrə mahallesi olaraq tanınmaqdadır.
Yunus Əmrənin sevgi anlayışını düzgün başa düşmək üçün onun yaşadığı əsrə və ictimai-mədəni şəraitə qısaca toxunmaq zəruridir. Yunus Əmrə Anadoluda Səlcuq türklərinin monqol yağmaları, daxili savaşlar və çəkişmələrlə, siyasi hakimiyyətin zəifliyi ilə, eyni zamanda quraqlıq və aclıqla məhv olduğu bir dövrdə yaşamışdır. Onun yaşadığı əsr, Anadolunun müxtəlif bölgələrində kiçik və böyük türk bəyliyinin – xüsusilə də Osmanlı Bəylərinin cücərməyə başladığı bir dövrdür. Beləliklə, onun dövrü həm böyük sarsıntıların yaşandığı, həm də gələcək əsrlərə yön verəcək başlanğıcların baş verəcəyi bir zaman dilimidir.
Yunus Əmrənin yaşadığı çağ bir çox tədqiqatçılar tərəfindən "böhran dövrü" kimi qiymətləndirilsə də, eyni zamanda bir axtarış və mayalanma mərhələsi kimi də xarakterizə olunur. Onun şeirlərində dövrün çətinlik və təlatümlərinin izlərinə rast gəlmək mümkündür. Lakin bu çətinliklərin həlli yolunun məhz sevgi olduğu fikri ön plana çıxır. Yunus Əmrə, problemlərə yanaşma tərzi və ortaya qoyduğu həll yolları ilə tarix boyunca "sevgi və eşq şairi" kimi tanınmış və Uca Yaradanın tək olması səbəbilə yaradılan bütün varlıqların da sevilməsi gərəkdiyini ifadə etmişdir.
Yunusa görə Haqqın özü məhəbbətdir və Ondan yaranan bütün varlıqların mahiyyətində də eşq vardır.
“Ben gelmedim dava için
Benim işim sevi için,
Dostun evi gönüllerdir,
Gönüller yapmaya geldim.”
Yaradıcılığın əsas məqsədi sevgi göstərmək və könül qazanmaqdır. Könül qazanmaq, birbaşa Haqqa aparan, yüksək dəyərə malik bir ibadət kimi qəbul edilir. Yunusa görə, Haqq, miskin və təmiz könüllərdə olur və bu baxımdan Haqqı məhz o könüllərdə axtarmaq lazımdır.
“Gönül Çalab’ın tahtı,
Çalap gönüle baktı,
İki cihan bedbahtı,
Kim gönül yıkar ise.”
Möminin əsas vəzifəsi könül qazanmaqdır. Yunus Əmrənin irfan anlayışında Haqq, könüldə yerləşir. Könül qazanan kəs, Haqqa nazər etmiş olur. Çünki könül, Haqqın evidir. İman sahibi, ibadət edən, xalqa xidmət göstərən, fəzilətli və özünü tanıyan arif insan, bir tərəfdən başqalarının könlünü şad edərkən, digər tərəfdən öz könlündə də Haqqı qonaq etməyə başlayar. Beləliklə, başqasının könlündə həyat verdiyi Haqq, onun öz qəlbində də təzahür edər. Başqasının könlünü qazanan, əslində öz iç dünyasını inşa və abad etmiş olur.
Yunus Əmrə insanlar arasında rəngə, dilə, dinə və irqə görə fərq qoymadan hər kəsə eyni gözlə baxmağın vacibliyini vurğulamış və Haqqa aparan yolun insana verilən dəyərdən keçdiyinə inanmışdır. Günümüzdə ötekileştirmenin son dərəcə güclü olduğu bir zamanda da Yunusun könül fəlsəfəsinin dərin şəkildə anlaşılmasına ciddi ehtiyac duyulur. Bu anlayış, başqasına empati ilə yanaşmağı, onun mənəvi dünyasını dərk etməyi və ona hörmətlə yanaşmağı tövsiyə edir.
Könül qazanmaqla bütövləşən insan, digər insanların daxilindəki mahiyyəti və gözəlliyi dərk edər, bu səbəbdən də zahiri deyil, batini yönünü – yəni bütün insanların daxilindəki fitrətə və eşqə hörmətlə yanaşar.
Yaradıcılığın məqsədi sevməkdir, bu sevginin təzahürü isə könül qazanmaqla gerçəkləşir. Haqqın sevgisi ən qiymətli olanıdır. İlahi sevginin Aşağıda qarşılığı fəzilətli və əxlaqlı bir insan olmaqdır. Nə dünya, nə də axirət mənfəəti gözləmədən yaşamaqdır. Haqdan başqa hər şey tərk edilir. Buradakı “tərk” anlayışı yeməkdən, içməkdən və insanlardan uzaq durmaq deyil, kifayət qədərinə razı olmaq və ifrata varmamaq mənasını daşıyır.
Sevən, Sevdiyinə (Haqqa) itaət edər. Sevən, Sevdiyinə bənzər. Sevən, Sevdiyinin istəkləri qarşısında baş əyər. Sevdiyi ilə məşğul olmaqdan böyük bir zövq alar.
Huzur və xoşbəxtlik içində yaşamağımızın yolu bir-birimizi sevməkdir. Fani dünyada əbədi olaraq yad ediləcək və gözəlliklə xatırlanacaq yeganə sərvət sevgidir. İlahi sevginin yolu isə bəşəri sevgidən və bütün varlıqları sevməkdən keçir. Əlimizdəki bu sərvətin qədrini bilmək və bir-birimizi qarşılıq gözləmədən, şərtsiz şəkildə sevməyə çalışmaq bizim birinci vəzifəmiz olmalıdır. Çünki Yaradanı sevmək, Onun yaratdıqlarını da sevməyi gərəkdirir.
Unutmayaq ki, bu dünyadakı gözəlliklərin içində qalıcı olan tək dəyər məhəbbət və eşqdir. Eşq insanı diri, canlı, gümrah və həyəcanlı edər. Nəhayət, Yunus Əmrə, ölümündən yüz illər keçməsinə baxmayaraq, sevgi və eşq düşüncəsi ilə həm özü diri qalır, həm də bizi diriltməyə davam edir.
“İşitin ey yârenler! Aşk bir güneşe benzer
Aşkı olmayan gönül misâl-i taşa benzer
Taş gönülde ne biter, dilinde ağu tüter
Niçe yumuşak söylese, sözü savaşa benzer.
Yunus Əmrə cəmiyyətdəki insan münasibətlərinin sevgi əsasında qurulmalı olduğunu vurğulamışdır. Bu gün, biz də cəmiyyətdə bütöv bir vəhdət formalaşdırmaq üçün sevgi bağlarına ehtiyac duyuruq. Bir-birimizin inancına, baxış bucağına və anlayışına hörmət göstərmək və hər kəsin azadlıq sahəsini genişləndirmək bizlərin məsuliyyətindədir. Fərqli düşüncələrə malik olsaq da, heç birimizin başqasını ötekileştirməyə haqqı yoxdur.
Sevgi – ümiddir, yaşadır, nifrət isə öldürür, “Yaratılanı severiz, Yaratandan ötürü”.
Fikrət Əkbərli