05 May 2025 09:58
162
ƏDƏBİYYAT

Elnur Uğur Abdiyevin ŞEİRLƏRİ

5  MAY dəyərli şairimiz Elnur Uğur Abdiyevin DOĞUM  GÜNÜDÜR!  Bu  münasibətlə   "Ədalət"" qəzeti və Adalet.az Xəbər Portalı ŞAİRİMİZİ  ürəkdən təbrik edir, ONA   can sağlığı  və yaradıcılıq  uğurları arzu edir!         

 

Çəndə azıb baharım,

Ötə bilmirəm qışı.

Burda şırhaşır yağır,

Ayrılığın yağışı.

 

Üzü ayrılığadır,

Açılan hər çətirlər.

Sənsizlikdən doğulur,

Sən yazılan sətirlər.

 

Sükutun hay - küyündən,

Heç nə eşitmək olmur.

Şeytan vəsvəsəsindən,

İbadət etmək olmur.

 

Sənsizlik sükut-ölüm,

Şeytan vəsvəsəsidi.

Səni sevmək,sevgilim,

İlahinin səsidi.

***

O ağacı qız vaxtı kəsdilər,

Qoymadılar qadın olmağa,

Balta çaldılar qızlığına.

O ağacı düz vaxtı kəsdilər,

Qoymadılar göylərlə qucaqlaşa,

Qoymadılar çiçəklərini geyinə.

O ağacın içindən ucalmaq eşqi

Baltalandı yer- yerdən.

O ağacı kötük eləyənlərə,

Ağac kölgə salmadı o gündən.

O ağacı beləcə qətl elədilər,

Qatillər,

Əlləri ağacın qanına batdı.

Ağac yarpaq- yarpaq hönkürdü,

Ağac yarpaq- yarpaq tüpürdü,

Dibinə göz yaşlarını.

O yerə sonra nə qədər ağac əkdilər,

Bircəciyi tutmadı.

***

Ayağında yol uzandı,

Gəl dayanma, yorğun yolçu.

Bu yolun sonunda su var,

Ümidləri solğun yolçu.

 

Tale Tanrıdan avansdı,

Ömür sevgi adlı şansdı.

Sevdinsə balans balansdı,

Kin törədər qırğın, yolçu!

 

Haqqa uzanır haqq əlin,

Əlinə boy verir əməlin.

Sevgin dünyanın təməli,

Sev həyatı vurğun yolçu

*-**

Bütün arzulara oruc tutaram,

İftarıma eşqin can verər cana.

Niyyətin xalisi,andın paklığı,

Eşq budur,yox bir eşq bundan o yana.

 

Sevgin Günəş doğdu hər sabahıma,

Süfrətək sərildi Yer sabahıma.

Dünyada bir sənə,bir Allahıma,

Tükənməz ki borcum,ana,can, ana!

 

Mənim varlığımın qayəsi sənsən,

Bu Quran ömrün ilk ayəsi sənsən.

Tanrının yerdəki sayəsi sənsən,

Eşqinlə gecələr dana aldanar

***

Bir yolçuyam yol gəlirəm,

Sağım sevgi,solum sevgi.

Gediləcək məndən sonra

Sabah adlı yolum-sevgi.

 

Dəryada ol suya ümid.

Dərəli yol suya ümid,

Səhrada yolçuya ümid

Bitən yaşıl kolum sevgi.

 

Ruhum fırtınadan doğar,

Gəldim, dünyaya hər bahar-

Harda həsrət yağışı var

Ora çətir olum,sevgi!