29 Iyun 2025 18:05
155
HADİSƏ

Cümşüdün öldüyü yolla bağlı Agentlikdən açıqlama

"Bir neçə gün öncə “Baksol” adlandırılan ərazidə baş vermiş bədbəxt hadisə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınmışdır. Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr Agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur".

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

"Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin baş vermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.

Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiyimizi bildirir, hadisə nəticəsində həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına səmimi-qəlbdən başsağlığı veririk", - deyə məlumatda bildirilir.