adalet.az header logo
  • Bakı -°C
15 May 2026 13:27
114
ƏDƏBİYYAT
A- A+

Bu sətirləri yazmağa Kürdəmirdə başladım... - İlqar Əlfioğlu yazır

Quzanlıdan gəlirdim, vacib bir işə getmişdim və planım bu gün gözəl dostumuz Aqil Abbasın "Rəmiş" povestinin təqdimatında iştirak etmək idi...

Gecə kitabı da, elə Qonaq evində ləzzətlə oxumuşdum. Dünən axşam Quzanlıda möhkəm ildırım çaxırdı və göylər hər dəfə guruldayanda, Rəmişin səsi ara-sıra qulağımda səslənir, özü görünmədən gah sağdan, gah soldan elə hey deyirdi: "Ə-ə, Qasımov, at əynə o kitabı, özümə nə oluf ki, kitabımı oxuyursan; qaqa, elə özümlə danış, dayna!"

Diksinib, gözümü sətirlərdən çəkirdim, görürdüm ki, təkəm, içimdə cavab verirdim ona: "Ə-ə, ayda-ildə bir namaz, onu da Rəmiş qoymaz!.."

Şimşək də, Rəmiş də, son sətirləri oxuyub kitabı bağlayanda susdu.

Aqil povestində Rəmişi cismani öldürmüsdü. Amma bu ölüm minlərlə başqasına bənzəməzdi, Allaha naxoş getməsin, bu ölümdə bir dirilmə, bir reinkornasiya vardı...

Nə isə... Sinəm doluydu, Rəmişin bu məclisində deyiləsi sözlərim vardı...

Amma, qismət olmadı, yetişə bilmədim...

Bir dəfə Rəmiş də kiçik oğlumun ad günündə gitarasıni götürüb gəlmişdi bizə ki, uşağın məclisində mütləq çalmalıyam...

O vaxt da, ona qismət olmamışdı: alınmayanda-alınmır, nə qədər çalışdı, usilitelini qoşa bilmədi...

Bayaqdan qırmızı gitaradan gözünü çəkə bilməyən balaca oğlum da, "Ləmiş əmi - Ləmiş əmi" deyə-deyə, fırlanırdı onun başına; bilirdi axı, par-par yanan gitaranı "Ləmiş əmisi" danışdırmalıdı...

Qısası, o usilitelin şnurunu dişlərilə qırıq-qırıq elədi, simlərini təzədən caladı, cihaz dedi ki, özünü öldürsən də, işləmərəm!

Süfrə qaldı bir qıraqda, sənətkarın qolları düşdü yanına.

Üzünü tutdu Gülüyə ki, "sən şikəst eləmisən bunu, şunuru qatdanıf, səsi fon verir!"

Gördüm, qaqamız bu dəqiqə dəli olub, acığını Gülünün üstünə tökəcək, qonşunun evindən gələn saz səsinə yüyürdüm, Rəmişi yayındırmaq üçün onlardakı aşığı gətirdim bizə...

Bizdəki məclisin də məcrası elə o "aralıq aşığının" gəlişilə dəyişdi...

Qısası, Aqilin kitab təqdimatında çox şey danışacaqdım, alınmadı; həm Rəmişin, həm də Aqilin yanında, ağdamlılar demiş, "xəjələt" qaldım...

Amma, istəsən, hər ziyanda bir xeyir taparsan. Qoyun, fikirlərimi sığallayım, düzənə salım, o qiymətli kitabdan da, onun qəhrəmanından da bir yazı yazacam, Allah imkan versə...

Hələliksə, bircə bunu deyirəm: "Rəmiş"i oxuyun. Onun kimi dövrünün möhürü olan qeyri-adi insanı gələcək nəsillərə tanıtsa, elə bu povest tanıdacaq...

P.S.Əşyayi-dəlil olsun deyə, Quzanlı şimşəyinin bir parçasını da qoydum bura...