Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Asif Hacıyevin “Geopoetika” kitabının təqdimatı olub. Tədbir Azərbaycan Universitetinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzinin Məhəmməd Füzuli təqdimat zonasında keçirilib.
Tədbirdə kitabın müəllifi, professor Asif Hacıyev qeyd edib ki, monoqrafiya filoloji tədqiqatlarda və bu sahədə kadr hazırlığında zəruri olan, lakin bu vaxta qədər milli-humanitar və elmi-filoloji fikrimizdə, demək olar ki, öyrənilməmiş elmi məsələnin - tarixi-coğrafi mühitin xalqın psixologiyasına, düşüncə tərzinə, mədəniyyətinə, mifoloji təsəvvürlərinə, etnopoetik konseptlərinə, estetik qavrayışına, folklor və ədəbiyyatına, dilinə, o cümlədən coğrafi yurd, vətən məfhumlarına, etnopoetik dünya mənzərəsinə təsirini ehtiva edən geopoetika anlayışının metodoloji və nəzəri-tarixi aspektlərinin ilkin öyrənilməsini və bu sahədə müvafiq nəzəri-metodik bazanın yaradılmasını nəzərdə tutur. Təqdim olunan monoqrafiyadan mifologiya, folklorşünaslıq, ədəbiyyatşünaslıq və dilçilikdə, o cümlədən tarixi poetika, estetika, etnopoetika, etnolinqvistika və linqvokulturologiya üzrə araşdırmalarda, eləcə də xalqımızın tarixi torpaqlarımızda avtoxtonluğu məsələsinin, türkologiyanın və azərbaycanşünaslığın, multikultural həyat tərzimizin öyrənilməsində metodoloji və nəzəri zəmin kimi istifadə etmək olar. Onun sözlərinə görə, milli-ideoloji və etnik poetika baxımından mühüm əhəmiyyəti olan geopoetikanın filoloji və digər humanitar elm sahələrinə tətbiqinə, tədris və tədqiqatlarda inkişafına nail olmaq mümkündür.
Ardınca filologiya elmləri doktoru, professor Rüstəm Kamal; filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy; filologiya elmləri doktoru, professor Telman Cəfərov; Tərcümə və filologiya kafedrasının dosenti Fərhad Mədətov, tədbirin moderatoru və kitabın redaktoru Hüseyn Hüseynli çıxış edərək bildiriblər ki, kitab müəllifin uzun illər üzərində işlədiyi mürəkkəb və ədəbiyyatşünaslıqda yeni olan metodologiyaya həsr olunub. Müəllif monoqrafiyada geopoetik metodologiyanın filoloji tədqiqatlarda və etnik proseslərdə mühüm rolunu təsdiqləyib. Çıxışlarda bildirilib ki, qeyd olunan metodologiya xüsusən Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Həmçinin tarixi Azərbaycan torpaqlarının bir hissəsinin ölkənin hazırkı sərhədlərindən kənarda qalması kontekstində geopoetik yanaşmanın həmin ərazilərin tarixi-mədəni irsinin araşdırılmasına da töhfə verə biləcəyi qeyd olunub.
Çıxışların ardından müəllif kitabın nəfis şəkildə dərcinə görə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevaya minnətdarlığını bildirib, geopoetikanın bir elm sahəsi kimi kitab sərgisində təmsil olunmasından məmnuniyyətini ifadə edib.
Tədbir Asif Hacıyevin oxucuları ilə görüşərək kitabını imzalaması ilə başa çatıb.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32


Bakı -°C

