12 Avqust 2025 11:01
129
ANALİZ

ABŞ Azərbaycan münasibətləri yeni müstəvidə

Azərbaycan diplomatiyası uğur səlnaməsinə yenisini əlavə etdi. Yürüdülən məqsədyönlü siyasət ölkəmizi nəinki regionda eyni zamanda dünya miqyasında sülhün və sabitliyin qarantı kimi tanıdır. Ötən günlərdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-a işgüzar səfəri bir çox məsələlərə aydınlıq gətirdi.

Ümumilikdə bu səfərin xüsusi mahiyyəti ondan ibarətdir ki, artıq ABŞ regionda Azərbaycanla iqtisadi və siyasi münasibətlərdə yeni trayektoriya müəyyən edib ki, bu da gələcək perspektivdən xəbər verir.

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən tarixi Sammitdə üç ölkənin dövlət başçıları sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair Birgə Bəyannaməni imzalanması, illərdir davam edən münaqişənin bitməsinə və regionda davamlı sülhün qurulmasına yönəlmiş əhəmiyyətli addımdır.

Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumunda qeyd olunub ki, qısa zamanda enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyev ABŞ səfəri ilə bağlı media nümayəndələrinin suallarını cavablandırarkən bunları qeyd edib:  “Biz münasibətlərimizdə yeni səhifə açırıq. Şəxsi təmasa gəldikdə, bu, Prezident Trampla bizim ilk görüşümüz idi. Çox mehriban, səmimi və nəticəyönümlü görüş keçdi. Təbii ki, mən Prezident Trampı əvvəlki prezidentlik müddətindən və bu altı ayda gördüyü işlərdən tanıyırdım. Prezident Tramp mənim kim olduğumu bilmirdi, amma o, mənim haqqımda komanda üzvlərindən eşidib. Təbii ki, Prezident Trampa mənim şəxsi münasibətim hər zaman çox müsbət olub və hətta keçən ilin ortalarında mənə ABŞ-dakı seçkilərlə bağlı sual verəndə, mən düşündüyümü açıq şəkildə demişdim. Demişdim ki, biz onu dəstəkləyirik. Çünki o, yəqin ki, müharibələr başlamayan yeganə Amerika prezidentidir və bu həqiqətdir. O, Azərbaycan xalqı kimi ailə dəyərlərinə önəm verən insandır. Təbii ki, bu gün mətbuat konfransında qeyd etdiyim kimi, o, bu altı ay ərzində qeyri-mümkün görünən işlər gördü: istər Afrikada, Asiyada və Cənubi Qafqazda. O, sülh gətirir və ortaya nəzərəçarpan nəticələr qoyur. Beləliklə, mən bu baxımdan bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə bu şəxsi münasibətlər ölkələrimiz arasında dövlətlərarası əlaqələrə çox müsbət təsir göstərəcək”.

 

Dövlət başçısı Naxçıvan Muxtar Respublikasından keçəcək dəmir yolu barəsində də məlumat verib: “ Biz dəmir yolunun bərpasına başlayırıq. Deməli, bizə bu 40 kilometrlik dəmir yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirə bilək. Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik ötürücü xətləri, fiber-optik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları haqqında düşünürük. Beləliklə, bu, hər şeydən əvvəl, Bayden administrasiyasının yetişdirdiyi bütün anti-Azərbaycan rəvayətlər və sərəncamında olan siyasi infrastruktura - media, QHT-lər, USAID və bəzi korrupsioner siyasətçilərə cavab idi. Bugünkü hadisə korrupsiyaya görə dəmir barmaqlıqlar arxasında olan Menendez kimiləri tamamilə sıradan çıxarır. Yaxud Adam Şiff. Mən gələndə öyrəndim ki, Merilend prokuroru Adam Şiffə qarşı ipoteka saxtakarlığına görə cinayət işi açıb. Bilirsiniz, bu adamlar mütəmadi olaraq Azərbaycana hücum edirdilər - Menendez, Şiff, Peloni, Pelosi, Şermann, Marki, Kristofer Smit və başqaları. Bütün bu insanlar Azərbaycana nifrət edirlər - bilmirəm niyə, yəqin ki, Ermənistan lobbisi buna görə onlara pul ödəyirdi. Onlar Azərbaycanın əleyhinə mütəmadi olaraq fəaliyyət göstərən bir qrup ciddi siyasətçi idi. Bu gün Azərbaycan ilə Ermənistan arasında imzalananlar bizim niyyətlərimizi açıq şəkildə nümayiş etdirir – göstərir ki, biz sülh istəyirik, amma biz əlaqələrin qurulmasını da istəyirik. Biz ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidlə inteqrasiyanı istəyirik ki, bu da daha geniş region, Ermənistanın özü üçün də çoxlu imkanlar vəd edəcək”.

O da xüsusi qeyd olunmalıdır ki, iki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub.
Ekspertlər hesab edir ki, bu düzəlişin ləvği Azərbaycan uçun siyasi və iqtisadi divident gətirəcək. Belə ki, bundan sonra ABŞ Azərbaycana göstərdiyi dövlət yardımlarının həcmi artacaq.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-a səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı