adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

İŞIĞA BƏNZƏYƏN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
52100 | 2016-02-11 09:20
Bu yazını ürəyimin səsiylə, ürəyimin sözüylə və bir də ürəyimin hökmüylə yazıram. Öncədən də bildirmək istəyirəm ki, bu yazının qəhrəmanı mənim üçün həm son dərəcə əlçatmaz, həm də hər gün, hər saat, hər dəqiqə yanımda, ürəyimdə olan adamdı. Siz bu cümlədə təzad görəcəksiniz. Demirəm axtaracaqsınız, görəcəksiniz. Amma inanın ki, bu təzadı nə o, nə də mən yaratmamışam. Bu, sadəcə olaraq işlə, güclə bağlıdı. Yəni o, tutduğu mövqeyə, əyləşdiyi kürsüyə görə hər an, hər dəqiqə onu arzulayanın, onu istəyənin yanında ola bilmir. Amma o bir tərəfdən xəyalıyla, duyğusuyla, səmimiyyətiylə, ziyalılığıyla və mənə görə həm də ən çox sözün içində olduğuna görə onu istəyənlərin həmişə yanındadı. Necə deyərlər, ruhən, qəlbən həmişə birlikdə, cismən isə müxtəlif məsafələrdə, müxtəlif məntəqələrdə...

Bəli, mənim qəhrəmanım söz adamıdı. Jurnalistikanın şinelindən çıxıb və elə bu gün də o şinelin məmur mövqeyini təmsil edir. Tutduğu vəzifə onu sözdən uzaqlaşdırmayıb, jurnalistikadan uzaqlaşdırmayıb. Əksinə, onu daha çox sözün, jurnalistikanın əhatə məkanına çəkib. Amma onun əlindəki qələmi konkret bir səmtə istiqamətləndirməklə o qələmin çiyninə qoyulmuş yük tutduğu vəzifəni, icra etdiyi işi həm cavablandırmaq, həm şərh etmək, həm də münasibət bildirmək simlərində kökləyib. Qısa və konkret desəm, o, ictimaiyyətlə əlaqələri, mətbuatla təması nizamlayır. Ona görə də imzasını görə bilmirik. Amma sözünü, fikrini efirdən də, ekrandan da, yazılı medianın səhifələrindən də hər gün izləmək, dinləmək eşitmək mümkündü...

Mənim dostum bu gün 60 yaşına "xoş gəldin!" deyir. Düz 10 il bundan öncə mən onu 50 yaşı ilə bağlı içimdəki bəzi qeydləri onun icazəsi olmadan qəzetimizin oxucularına təqdim etdim. Bu gün də həmin ərkə söykənib yenə icazə almamışam və içimdəki, eləcə də məmləkətimdəki söz azadlığının bayrağı altında ona olan münasibətimi, arzularımı bilgisayara diktə edirəm. Özü də tam sərbəst, çılpaq bir şəkildə. Çünki onun hər şeydən üstün tutduğu bir nüansı çox gözəl bilirəm. O, həqiqəti, gerçəyi hər şeydən çox sevir və tanıdığım bu uzun illər ərzində onun qələmində həqiqət və gerçək həmişə baş qəhrəman olub. Sözü, fikirləri həmin o baş qəhrəmana xidmətə yönəlib. Bax, mən də bu səbəbdən ona olan istəklərimin, düşüncələrimin özünü olduğu kimi ifadə etməkdə qərarlıyam və elə bu cür də edirəm...

Etiraf edim ki, onun hansı kənddə doğulduğunu dəqiq bilmirəm. Ailədə neçə uşaq olublar, ondan da xəbərsizəm və heç vaxt içimdən gəlib keçməyib bunları öyrənmək. Çünki mən söz aləminə qədəm qoyanda o məndən bir-iki addım öndə sözün qulluğunda idi. Mən də həmin o sözə görə onu tanıdım, imzasını özümə doğma gördüm. Xüsusilə onun Naxçıvandan yazdığı yazılar Naxçıvan gerçəkliklərini təqdim etmək peşəkarlığı mənə sözə olan inamımı bir az da artırdı, bir az da qüvvətləndirdi. Beləcə, könüldən könülə olan yollar, sözdən sözə olan yolların bağlılığıyla təkcə qovuşmadı, həm də bir-birinin daxilində rahatlıq tapdı. Və mən gördüm ki, imzasını, sözünü sevdiyim bu insan yazdığı söz, ifadə etdiyi fikir kimi bütövdü, tamdı. Bu mənə kifayət etdi.
O gündən bu 60 yaşın tamam olduğu ana qədər bizim kifayət qədər telefon danışıqlarımız, məclislərdə görüşlərimiz, həmçinin rəsmi tədbirlərdə qarşılaşmalarımız kifayət qədər olub. Bunların hamısı da o doğmalığın kərpiclərinin sayını artırıb. Şəxsən mənim iç dünyamda ona aid olan sarayın hündürlüyü hər gün kərpic-kərpic böyüməkdədi, yüksəlməkdədi. Bilirsiniz niyə? Ona görə ki, bu abad sarayın kərpicləri halallıqdan, səmimiyyətdən kəsilib. Onun arxasında ancaq doğmalıq, mehribançılıq, güvənc dayanıbdı. Və mən həyatımda yeri olan insanları məhz o halallığa, o güvəncə görə qiymətləndirmişəm, özümə yaxın buraxmışam. Və bilmişəm ki, o adamlar bütün zamanların və bütün məqamların adamıdı. Onlara darda da, gen gündə də özünü də, arzularını da, hətta ailəni də etibar edə bilərsən. Və şəxsən mən də onlara həmin o etibarın prizmasından baxmaqla yanaşı, həm də onlardan öyrənə-öyrənə kimlər üçünsə onlar kimi olmasa da, onlar qədər doğma olmağa çalışıram. Tam və yenə çılpaq bir şəkildə etiraf edim ki, həyatda hər kəs fərd olduğu kimi, bax, mənim güvəndiyim, eləcə də barəsində yazdığım dostum bütün parametrləri ilə bütövdü, təkdi. Yüzə-yüz onun kimi olmaq mümkün deyil. Üstəlik o, hər gün bir az da müdrikləşir, bir az qol-qanad atıb şaxələnir, zənginləşir. Deməli, mən ancaq getməli, yüyürməliyəm ki, heç olmasa ondan bir iynə boyu məsafədə yerimi saxlaya bilim...

Bəli, barəsində iç dünyamdan gələn fikirləri səsləndirdiyim dostum özünün bir jestiylə də məni həmişə təəccübləndirib, heyrətdə saxlayıb. Bu da onun çevikliyidi, onun reaksiyasının surətidi. Yəni mən hər hansı məsləhətlə bağlı ona telefon açanda sanki o mənim müraciətimi gözləyirmiş kimi hərəkət edir. Bir anın içərisində sualın ünvanı ona aid olmasa da, cavabını elə həlim bir şəkildə sərgiləyir ki, mənə ancaq təşəkkür etmək qalır. Deməli, bu həm peşəkarlığa, həm də qarşındakı insana olan münasibətin ölçüsüdü. Mən öz təcrübəmdə, öz əlaqələrimdə onun qədər diqqətli ikinci bir həmkarıma, dostuma rast gəlməmişəm. Burda mən dostlarımdan gileylənmək və yaxud onlara irad tutmaq anlamında heç nə demirəm. Sadəcə, onun içi mən qarışıq bütün dostlarımdan daha diqqətli və çevik olduğunu xatırlatmaq istəyirəm. Hətta onun qapalı mobil telefonuna edilmiş zəngə də o telefonunu açan kimi özü əlaqə saxlamaqla cavab verir. Daha gözləmir ki, ona təkrar zəng olsun...

Yazının bu yerinə qədər bilgisayara diktə etdiyim hər sözün, hər cümlənin ünvanı təbii ki, 60 yaşı tamam olan dəyərli ziyalı, peşəkar mətbuat işçisi və mənə doğma olan Sadiq müəllimdi. Yəni polkovnik Sadiq Gözəlovdu! Mən onun bu gün tamam olan 60 yaşının işığını az qala əvvəldə dediyim kimi imzasını tanıdığım gündən təkcə görmürəm, həm də öz sözünün, öz cümlələrinin üzərində necə bərq vurluğunu hiss edirəm. Və bu hissiyyat deyilən məfhum məni onun 60 yaşına tərəf çəkib aparır və yol boyu da pıçıldayır ki, "sıx dostunun əlini, təbrik et onu və ən xoş arzularını dilə gətir!" Mən də ürəyimin səsiylə Sadiq müəllimi ürəkdən təbrik edir, ona, ailəsinə ən xoş arzularımı bildirir, yubileyini təbrik edir və elə doğma adam ərkiylə də deyirəm:

- 60 yaşın mübarək, cənab polkovnik! Əziz dost! Dəyərli ziyalı! Mən sizi bütün insana xas olan müsbət kefiyyətlərinizin toplusunu işığa bənzədirəm və deyirəm ki, bu işıq həmişə, hər yerdən görünsün, həmişə və hər yerə öz nurunu səpsin! Biz o işığın özünü və sözünü sevdiyimiz kimi, o işıq da öz dünyasını sevgilərə qərq etsin!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV