adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ACLIQ

FƏRİDƏ RƏHİMLİ
33301 | 2016-01-16 02:48
Fəridə RƏHİMLİ

"ACLIQ BİR İL GEDƏR..."

Ac insanda əsəbilik, çılğınlıq, davakarlıq və hətta qəzəb müşahidə edilir. Bu qəzəbə nəzarət etmək mümkün deyil və həmin vaxt insan düşünülməmiş hərəkətlər etməyə qadirdir.
Ona görə də mütəxəssislər mühüm məsələləri ac olanda həll etməyi məsləhət görmürlər.
Norveç yazıçısı Knut Hamsunun 1890-cı ildə nəşr edilmiş ilk "Aclıq" romanı yazıçını Avropada tanıtmışdı. Əsərdə çoxlu avtobioqrafik detallara rast gəlmək olar. Roman, XX əsrin ədəbi kəşfi elan edilmiş və müasir psixoloji ədəbiyyatın ən gözəl nümunələrindən biri kimi dəyərləndirilmişdi. "Aclıq" romanında, intriqant, bəzən də yumoristik tərzdə insan zəkasının irrasionallığından bəhs edilib. Əsərin baş qəhrəmanı olan adsız personaj Kristianiyada (Oslo) qəzetlər üçün məqalə yazıb pul qazanmağa çalışan yoxsul bir gəncdir. Bir məqaləyə görə ona adətən 5 kron ödəyirlər və o , bu pulla ancaq bir neçə gün yaşaya bilir. Yaşamaq dedikdə, yemək nəzərdə tutulur, çünki qazanılan qonorarlar əsasən naharlara xərclənir. Onun məqalələri ciddi sosial mövzulara həsr olunduğundan qəzetlər onları həvəssiz alırlar, bir neçə dəfə isə məqalələri geri qaytarılır. Bir uğurlu məqaləyə görə isə ona 10 kron ödəyirlər.
O başqa işlərə düzəlmək istəsə də, nə kassir, nə də yanğınsöndürən vakansiyalarına uyğun gəlmədiyindən onu işə götürmürlər.
Onun artıq pulu yoxdur, pulsuzluqdan o, kirayədə qaldığı evlərdə ona aid olan əşyaları lombarda satmaqla çörək pulu qazanır. O, tələbə Petersendən götürdüyü yorğanı, öz eynəyini və paltosundan kəsdiyi düymələri lombarda vermək istəsə də, lombard bunları qəbul etmir. Bu predmetlər onun yeganə şəxsi əşyalarıdır.
Gənc köşə yazarı öz günlərini yemək tapmaq üçün küçələrdə veyillənməklə keçirir. O, küçələrdə insanlarla qəribə söhbətlər edir, onları ələ salır, öz-özü ilə pəsdən danışır.
Ac personaj zəiflik, başgicəllənməsi, ürəkbulanması və əsəb gərginliyindən əziyyət çəkir, dəfələrlə ona elə gəlir ki, tezliklə aclıqdan öləcək. Aclığın güc gəldiyi anlarda o, ağac qabıqları çeynəməklə mədəsini aldadır.
Son ümidsizlik anında daha acından öləcəyini düşünən personaj limana gəlir və orada onu Rusiyaya yola düşən bir gəmidə işə götürürlər. Personaj aclıqdan xilas olur.
Kopenhagendə nəşr edilən "Ny Jord" jurnalında 1888-ci ilin noyabrında "Aclıq"dan epizod anonim olaraq dərc edilmişdi. Epizodun anonim dərc edilməsi onun müəllifi haqqında mübahisələrə səbəb oldu.
Knut Hamsun bir anın içərisində məşhurlaşdı. O dövrdə, Kopenhagendə onu Amerika barəsində mühazirələr oxumağa dəvət edirlər və daha sonra, Knut həmin mühazirələri kitab kimi çap etdirir. Bu "Aclıq"ın nəşrinin 1890-cı ilədək ləngiməsinə səbəb olur...
Bəli, artıq o, ac deyildi...
Aclıq - orqanizmi qida axtarmağa və qəbul etməyə vadar edən fizioloji vəziyyətdir. Tibbi izahla, bu hal mədə nahiyəsində baş verən xoşagəlməz hissiyyatla özünü büruzə verir. Aclıq beynin böyük yarımkürələri qabığı, hipotalamus və retikulyar formasiyanın müəyyən törəmələrindən ibarət funksional sistemin fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlov bu sistemi "qida mərkəzi" adlandırmışdır. Sonuncu aclıq hissiyyatını yaratmaqla (aclığın subyektiv əlaməti) və orqanizmi qida axtarmağa məcbur etməklə (aclığın obyektiv əlaməti) bərabər həzm prosesinin reflektor və humoral tənzimini də təmin edir. Qida mərkəzinin varlığı onunla isbat edilir ki, heyvanda hipotalamus və retikulyar formasiya nüvələrindəi bəzilərinin qıcıqlanması iştahanın artmasına (acgözlüyə), digərlərinin qıcıqlanması isə iştahasızlığa səbəb olur. Aclığın fizioloji mexanizmi barəsində iki nəzəriyyə var. Bunlardan biri aclıq hissiyyatının səbəbini qanda qida maddələrinin azalması ilə, digəri isə aclıq zamanı həzm orqanları reseptorlarının qıcıqlanması ilə izah edir.
Bədənimizdə enerji tələb edən müxtəlif proseslər gedir. Əgər enerji ehtiyatı vaxtında təmin edilməsə, acırıq. Burada hər hansı elmi izah, yaxud sirr yoxdur. Lakin həmin aclıq əsəbiliklə müşahidə olunursa, bu məsləhətdən istifadə edin:
Mütləq qida dəyəri yüksək olan sağlam qidalara üstünlük verin. Şəkər, un məmulatları, şirniyyat kimi yüksək karbohidratlı qidaları məhdudlaşdırın. Onda acdığınız zaman özünə və ətrafdakılara qarşı qəzəbli olmayacaq, davranışlarınıza nəzarət edə biləcəksiniz.
Qanda şəkərin kəskin şəkildə dəyişməsi ancaq qəzəb hissi doğurmur. Qlükoza çatışmazlığı zamanı beyin hipofiz və böyrəküstü vəzilərə siqnallar göndərə bilər. Bu zaman adrenalin və kortizol hormonları ifraz olunur. Onlar aclığa reaksiya olaraq təbii mexanizmi işə salır, insanı özündən çıxmasına vadar edir.
Qadinlar.biz-in məlumatına görə, məhz bu hormonlar, hədsiz dərəcədə acanda insanları yüksək tonda danışmağa vadar edir. Genetik faktorlar da şiddətli aclığa səbəb olur. Əgər valideynlərinizin ac olan zaman qəzəbləndiklərini hiss etmisinizsə, onda bu xüsusiyyət sizə də keçəcək. Çünki qəzəb və aclığa eyni genlə nəzarət olunur!
Şirniyyat və un yeməkdən qaçın, gün ərzində sağlam qidalar qəbul edin. Əgər bu elementar qaydalara riayət etsəniz, aclıq tutmaları, qəfil əsəbilik daha sizi narahat etməyəcək.
Təbii ki, bunlar Afrikadakı, Somalidəki aclara aid deyil. O binəvalar nə tapsalar, onu da yeyirlər. Təbii ki, tapsalar. Tapmış olsaydılar hamısının kənardan qabırğaları sananmazdı...
Aclıq haqqında bu qədər uzun yazmağımın səbəbi, ölkəmizdə bugünkü rəsmi və süni qiymət artımları və insanların bu artımdan panikaya düşərək ac qalacaqlarından təlaş keçirmələridir. Bu təlaş onları düşünülməmiş addımlar atmağa vadar edir.
Süni qiymət artımının, "ac qılınca çapar" prinsipi ilə kasıbların çoxluğunu nəzərə alaraq hakimiyyət üçün təhlükə olduğu dünya ölkələrinin təcrübəsindən bəllidi. Əsas da ölkədə çörəyin qiymətinin artması qəbuledilən olmur. Kasıbları aclığa məhkum etməklə potensial narazı kütlə yaranacağı qaçılmazdı. Lakin hökumət devalvasiyanın yaratdığı bu vəziyyətdən çıxmaq üçün önəmli addımlar atır ki, bunlardan birincisi pensiyaların, müavinətlərin, sosial yardımların və s. artırılmasıdı. Ən əsası dünəndən çörəyin qiymətinin endirilməsidi. Böyük xeyryyəçimiz Hacı Zeynəlabdin Tağıyevin məsləhətini xatırlayaq: "Pul gedər, yenidən qazanarsan, şərəf gedər bir daha qayıtmaz".
Yaşayışımız hər nə cür olursa olsun, unutmayaq ki, dərdimiz yalnız maddiyyat deyil, bizim Qarabağımızın işğalı kimi böyük üz qaralığımız da var...

TƏQVİM / ARXİV