adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

QAYTAR ŞƏHİDLƏRİ, DƏNİZ!

FƏRİDƏ RƏHİMLİ
71219 | 2015-12-12 00:05
Neçə gündü gözlər sənə dikilib, Xəzər! Sahilində dincələnləri, səndən zövq alanları, səndən qidalananları... qorxutdun, dəniz!..
Gözlər sənə dikilib, amma bu dəfə gözəlliyini seyr etmək üçün deyil... Bir möcüzə görəcəklərinə inanırlar. Bir saman çöpü ümid gözləyirlər səndən. Bir ürək rahatlayıcı xəbərə möhtac halda sənə yalvarırlar.
Neftçi ailəsi səndə qərq olanları səndən geri istəyir, qəddar görünən dəniz. Gözü yolda, qulağı səsdə nigaranların yuxusu ərşə çəkilib, bir az yuxuya gedəndə isə əzizlərini səninlə, amansız küləklə çarpışan görürlər.
Müqəssir axtarmaq durumunda olmayan, bir tək, əzizinin dönməsinə dünyadakı hər şeyini qurban verməyə hazır olan insanlar səndən imdad diləyir, dəniz! Qaytar qurbanları! Dizinə çırpıb mələr qalan, balasını çağırmaqdan səsi batmış anaya, hönkür-hönkür ağlamaqdan özünü saxlaya bilməyən ataya, gözləri qan çanağına dönmüş həyat yoldaşına, qardaşından sonra sənə nifrət edən qardaş-bacıya, səndən atasını istəyən körpə qıza nə cavab verəcəksən:

Dərya,qaytar atamı,
Üzündən öpüm,apar.
Əbədi ayrılıqdır,
Gözündən öpüm, apar!

Vallah, onsuz evimiz,
Odu sönmüş ocaqdı.
Dənizdən qayıdanda,
Mənə don alacaqdı!...
(Fikrət Məmmədli)

Dözə bilirsənmi bu ah-nalələrə? Dayana bilirsənmi bu nifrətin, qəzəbin qarşısında? Bəlkə günahkar sən deyilsən, səni qurban verənlər səndən sipər kimi istifadə etdilər? Bəlkə həm sənin dalğalarında qərq olan yarımçıq taleli insanlara, həm günahsızkən günahkar duruma düşmənə ağlayırsan sən də! Göz yaşların duzlu sularına qarışdığından heç kim hiss etmir, duymur səni!?.
Mən səni anlayıram, ağlama, dəniz! Səndə gizli heç nə qalmaz, üzə çıxarırsan gec, tez hər şeyi...
Onların qasırğanın əlindən alıb qoynunda saxlamaq istədiyini, hələ də onlara layla çaldığını bilirəm.
Qəza anında partlayışdan alışıb diri-diri yananları da, platformanın dəmirlərinə çırpılaraq sümükləri qırılanları, qanları sularına qarışanları da, bir anın içində gələn ölümdən çıxış yolunun olmadığını qəbul edərək taleyinə üsyan edəni də, sakitcə ölümü qədəri bilib qarşılayanı da, həyata yoldaşına zəng edib: "Xilasedici qayığa minirik, burda yanğın baş verib, xilas olmağa çalışırıq, qayıtmasam, uşaqlardan muğayat ol, məni bağışla" deyəni də, "Sizə yalvarırıq, bizə su tökün, biz istidən öləcəyik..." fəryadını da, mesajla əmisi oğluna "Məni anamın yanında dəfn edərsiniz" vəsiyyətini yazanı da, yanğından suya atılıb istinad üçün bir saman çöpü də tapmayan, ucsuz-bucaqsız sulara baxıb ümidi üzülən, amma yenə də əl-qol ataraq xilas olmağa çalışanları da... ilk sən ağlamısan, bilirəm. Kimsə görmədi ağrılarını.
Son vəsiyyətlərini sənə etdilər - nə dedilər, dəniz?! Heç evlənməmiş gənc nə istədi səndən? Körpə balasının gözünü yolda qoyan ata nə xahiş etdi səndən? Çox sevdiyi həyat yoldaşının, uşaqlarının halına acıyan ata onları sənə necə tapşırdı? Çoxmu əzab çəkdilər ölərkən? Son nəfəsdə analarınımı səslədilər, balalarınımı, Allahımı?..
Onlar sənə də əziz idilər, bilirəm. Gecə-gündüz sənə yoldaş, sirdaş idilər. Onun üçün hələ də layla deyərək qoynundan buraxmaq istəmirsən. Son dəfə bir neçə gün qucağında saxlamaq istəyirsən. Amma gözü yolda qalanlar var, dəniz, burax onları evlərinə dönsünlər! Əzizlərinin ölümünə vaysınanlar bir də "heç olmasa məzarı olsun" deməsinlər! Qaytar onları, dəniz! Adını, sularını məzarıstana çevirmə! "Bəlkə"lərlə boş ümidlərə salma onları...
Bax, 33 nəfər xilas oldu qasırğadan amma günahkar səni bildilər. Birdə sənə dönəcəklərmi, yoxsa səndən həmişəlik üz döndərəcəklər zaman göstərəcək. Yeddi nəfəri qaytardın, qalan iyirmi üç nəfəri də qaytar! Sən qatil deyilsən dəniz, girov saxlama onları, səni qatil edənlərin cəzasını Tanrı verəcək. Mavi gözlərindəki kədəri, utancı görürəm.
O dəhşəti gözüylə görən xilasedicilərdən birinin söylədiyi sənin özün qoynunda baş verirdi: "Qayığın biri platformaya ilişmişdi.Onların bəxti hamıdan çox gətirdi. Hamısını xilas etdilər. 3 nəfər isə qayığa oturmağa imkan tapmadı, yanan platformada qaldılar. Kaş ki, siz onların o çətin yerdə ağlar səsini eşidəydiz: Və hansısa yolla platformaya yaxınlaşıb, xilasedici jilet əldə etmək istəyirdilər...".
Aşağıda amansız qasırğanın təlatümə gətirdiyi su, yuxarıda cəhənnəm alovu... arada qalıb dəhşətlə ölümünü gözləyən insanlar son anda nə düşündülər, kimi düşündülər, nəyə təəssüf etdilər, ümidləri özlərindən əvvəlmi öldü, dəniz?! Ölümün qarşısında gücsüzlüyünü qəbul edənlər, qədərinə inanlar vida sözlərini əzizlərinə telefon vasitəsilə çatdırdılar. Ölümü qəbul etməyənlər dəhşətdən, qorxudan hədəqəsindən çıxmış gözləriylə ora-bura vurnuxaraq çıxış yolu aradılarmı?!. Qəlbim parçalandı bunları düşünərək, sən nələr çəkdin, dəniz!..
Sözünü əzizlərinə çatıra bilməyənlərin son sözlərini, səslərini sən duydun, dəniz... Səsin dəyişib o gündən, baxışın dəyişib, məyusluğun, hüznün mavi gözündə əks olunub, nəsə demək istəyirsən, biz anlamırıq. De bildiklərini, iyirmi üç nəfərin əzizləri qan ağlayır, qaytar şəhidləri, dəniz!
Hər sənə baxdığımızda o hadisə xatırlanacaq.
Artıq heç nə əvvəlki kimi olmayacaq. Bizi səndən soyutdular, dəniz.
Fəridə RƏHİMLİ

TƏQVİM / ARXİV