adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

BAŞI ÇUVALLI HƏQİQƏT

FƏRİDƏ RƏHİMLİ
283460 | 2015-12-05 10:43
Hələ üç il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkındakı büstünün başına çuval keçirilməsi sensasiya yaratmışdı. Jurnalistlər məsələyə aydınlıq gətirmək istəsələr də bunun təmir işləri ilə əlaqədar olduğunu söyləyib əsas cavabdan yayınmışdılar. O vaxtdan bəri arabir bu məsələ gündəmə gəlsə də, sonra yenə unudulmuşdu.
Bu günlərdə isə həmin məsələni daha qabarıq şəkildə gündəmə gətirən Gəncədən seçilən millət vəkilimizin Cümhuriyyətimizin banisi haqda söylədiyi təhqiramiz cavabı oldu. Milli Məclisin deputatı Naqif Həmzəyevin M.Ə.Rəsulzadə barədə səsləndirdiyi fikirlər geniş ictimai etiraz yaratdı. Doğrudu, bu etirazlardan sonra o, cavabının yanlış anlaşıldığını söyləsə də, jurnalist əlində tutarlı sübutların olduğunu əminliklə söylədi.
Tarixi şəxsiyyətlərə hörmətlə yanaşmaq kimliyindən asılı olmayaraq hər bir vətəndaşın borcudur. O insan millətin vəkili olmaq qədər yüksək dərəcəyə layiq görülübsə, bu borc iki qat artır və həm də məsuliyyətlə, təmkinlə, dərin düşüncə ilə, məsələyə "soyuq başla" yanaşmaqla, millətin, xalqın və təmsil etdiyi postun mənafeyini düşünərək danışmalıdır. Bu haqda sosial şəbəkələrdə kifayət qədər "münasibətlər" bildirildi.
Mən dərinə getmədən başqa bir xəbəri nəzərinizə çatdırmaq istəyirəm. O müəmmalı çuval dünən səhər saatlarından etbarən götürülüb.
Bu barədə "AZƏRFAKS"a Gəncə sakinlərindən biri məlumat verib. Məlumata görə, əraziyə iyirmiyə yaxın texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparırlar. "Bu bizim üçün çox xoş bir sürpriz oldu" - deyə, Gəncə sakini bildirib.
Bəli, sürprizlərlə dolu həyatımıza biri də əlavə olundu. Əslində buna sürpriz demək olarmı? Bu sadəcə olaraq görülməli işin nəhayət ki, icra edilməsi, yol verilmiş diqqətsizliyin aradan qaldırılmasıdı. Oturduğu kreslodan bərk-bərk yapışaraq özündən yuxarıdakının ağzından nə çıxacağını gözləyən, "bəli, baş üstə"dən başqa fikri olmayan, çiynində gəzdirdiyi başı istifadə etmədən "yuxarının" istəyinə uyğun hərəkət cığırından kənara çıxmayan yaltaq, riyakar, ikiüzlü adamlar məmur postunu tutduqca, dəyərli şəxsiyyətlərimiz beləcə çuval altında olacaq!
Bütün ömrünü xalqının azadlığına, müstəqilliyinə həsr edən, bu yolda təqiblərə, sürgünə, haqsızlıqlara məruz qalan, bütün ailəsini bu yolda qurban verən və ən əsası Şərqdə ilk Demokratik Cümhuriyyəti yaradaraq, bugünkü müstəqilliyimizin təməlini qoyan bir mücahid haqqında yüksək kürsüdən belə savadsız açıqlama qəbuledilməzdi.
Bəzən iqtidara yarınmalar kreslo aşiqlərini bu hala gətirir. Amma unudurlar ki, Ulu öndər hər vaxt tarixi şəxsiyyətlərimizi hörmətlə yad edib, onların haqqında gələcək nəslə nümunə olacaq faktlar söyləyib. Məhz dövlət təmsilçiləri, məmurlar, xalqın seçdiyi nümayəndələr və ümumiyyətlə özünü ziyalı sayan hər kəs ümummilli liderimizin həyatını, onun fəaliyyətini dərindən öyrənməlidirlər ki, sonda nöqsana yol verməsinlər, Gəncədən seçilən millət vəkilinin durumuna düşməsinlər. Axı ulu öndərimiz canlı ensiklopediyadır. Onu sadəcə dərindən oxumaq, öyrənmək və fəaliyyətlərimzdə ondan yararlanmaq lazımdır. Çox təəssüf ki, bəzən yerində olmayanlar bu məktəbdən öyrənməyi də unudur və sonra da xalqın, ictimaiyyətin qınağına tuş gəlirlər.
Doğrudu, elə millət vəkilinin bu aqressiv cavabdakı məramını, M.Ə.Rəsilzadəyə olan nifrətinin səbəbini tam anlamasaq da, bir məqam da diqqətimdən yayınmadı, o çuval niyə məhz bu qalmaqaldan sonra çıxarıldı? Yəni, "üç il sürən təmir"dimi günahkar, yoxsa yuxarıdan gələn zəngin təpkisindən Məmmədəmin Rəsulzadə "azadlığa çıxdı"?
Müdriklər yaxşı deyib: Dünənini unudan, bu gününü əks etdirməyən sabahını düşünməyənlərdi.
Dünənimiz təməlimiz idi, bu gün biz onun üzərində daş qoyuruq, sabah isə dünənin və bugünün təməli üzərində qurulacaq. Çox təəssüf ki, bu gerçəyə söykənib, cavan millət vəkilinin fikirlərinə şərh vermək istəməsək də, tam əminliklə deyə bilərəm ki, o millət vəkilinin isə təməlsiz ev tikmək istədiyi bəllidi. İnsan əslini, keçmişini inkar edırsə, onun vətənpərvərliyinə də şübhə etmək lazımdı. Vətənpərvərliyi olmayanlarsa xalqını, dövlətini, millətini, qanununu, adət-ənənəsini...sevə bilməz.
Məmmədəmin Rəsulzadəni də, Heydər Əliyevi də, eləcə də bütün aydınlarımızı, dünyanın tanıdığı və qəbul etdiyi, həmçinin xalqımızın yaddaşında əbədi yaşayan şəxsiyyətlərimizi Allah millətimizə dövlətçiliyimizin banisi, xilaskarı, yaşadanı və həm də böyük dünyaya çıxaran nümayəndələr olaraq verib və bunları heç bir qadağa ilə nə unutdurmaq, nə də hansısa bir qanunla xalqın yaddaşına yazmaq mümkün deyil. Çünki, keçmişimizin dayağı nə qədər möhkəm olarsa, gələcəyimiz də o qədər aydın olar.
Keçmişini unudan gələcəyini itirər. Tarixini unudan onu bir daha yaşamağa məcburdur, məhkumdur. Biz isə artıq bu keçmişi məhz həmin şərəfli simalarla birlikdə şərəflə keçmişik.


TƏQVİM / ARXİV