adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

AD QOYANIN...

FƏRİDƏ RƏHİMLİ
53669 | 2015-11-28 09:37
Uşaq kiçik yaşlarındaykən ona verilən adın mənasının fərqində olmur, ancaq böyüdükcə və ətrafın onun adını lağ, gülüş məqsədiylə çağırmasını anlayınca bu, onun psixoloji durumuna olduqca mənfi təsir edir. Bu cür ad qoymaqla valideyn övladını ömürlük kompleksli yaşamağa məhkum edir.
İnsan həyatında adın çox önəmli yeri var. Tanışlıq üçün ilk soruşulan ad olur. Və ilk səslənmədə adın xoşa gəlməsi, yaxud gülüş doğurması və yaxud insanı təəccübləndirməsi bəzi, adın o qədər önəmli olmadığını, insanın özünün əsas olduğunu, söyləyənlərin fikrinin yanlış olduğunu sübut edir.
İnsanın evlənməsinin, yuva qurmasının məqsədlərindən biri də uşaq sahibi olmaqdır. Dünyaya gələn övladına ad verilməsi, onları halal qazancla bəsləmək, oxutmaq, tərbiyəli və əxlaqlı yetişdirmək, zamanı gəlincə uyğun bir yoldaşla evləndirmək, onları sevmək, dua etmək, qoruyub saxlamaq, yaxşı bir insan olmaları üçün lazım olduğu qədər maraqlanmaq ana-ataların başlıca vəzifələrindəndir. Bu vəzifələrin ilk addımını onlara verəcəyimiz adlar təşkil edir. İslam alimləri adı kimin qoyacağı barəsində bəzi tövsiyə və təkliflər ediblər və əvvəlcə haqq sahibi olanın ata olduğunu bəyan olunub. Əgər ata ölmüş isə bu haqqı istifadə səlahiyyəti ananındır. Bunu bəzən elmli, əhli saleh bir şəxsə həvalə etmək də yaxşıdır.
Baxmayaraq ki, mənə tez-tez dini yazılar yazmağımı irad tutanlar var, amma İslam ölkəsinin nümayəndəsi, müsəlman inancına sahib olduğumuzu unutmadan və bu inancı, nə olursa olsun, Yaradandan başqa kimsənin məndən almaq gücündə olmadığını nəzərə alaraq söyləyim ki, dində usaga ad verilməsi, qoyulacaq adın gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. Mənası İslam əqidəsinə uyğun olmayan, dinin yasaqladığı, heç bir anlam daşımayan, yalnız qulağa xoş gələn adların uşaqlara verilməsi düzgün deyil. Millətimizin demək olar ki, əksəriyyətinə, uşaqlara qoyulacaq adların mütləq Qurani-Kərimdə keçməsi lazım olduğu kimi, səhv bir inanc hakimdir. Hədislərdən də aydın olduğuna görə, Peyğəmbərimiz övladlarımıza gözəl və mənalı adlar qoymağı tövsiyə edir. Ancaq bir adın gözəl olması üçün onun mütləq Qurani-Kərimdə olması vacib deyil. Çünki Quranda şeytan, iblis, Qarun, Haman, Əbu Ləhəb kimi adlar da var.
Uşaq ad qoyacaq adamın qucağına verilər. Adam dəstəmazlı bir şəkildə qibləyə dönər, əvvəl sağ qulağına azan, sol qulağına isə iqamə oxuyar və üç dəfə uşağın sağ və sol qulaqlarına adını təkrar edər. Uşağa ad qoyduqdan sonra xeyir dua da olmalıdır. Peyğəmbər Əfəndimiz: "Ya Rəbb, bu uşağı xeyirli və salehlərdən et və onun gözəl bir şəkildə yetişməsini təmin et"- deyə, dua etmişdir.
Bu söylədiklərim olmadan da adlar qoyulur və əsas olan adın gözəl məna daşımasıdır. Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2013-cü ildə doğulmuş 2512 oğlan uşağına Yusif adı verilib. Daha sonra üstünlük təşkil edən oğlan adları Əli (1786), Hüseyn (1621), Məhəmməd (1214), Murad (1068), Kənan (710), Fərid (567) adları olub.
Qız adlarından ən çox üstünlük verilən ad isə Zəhra adı olub. Belə ki, 2371 nəfərə bu ad verilib. Daha sonra üstünlük təşkil edən adlar Nuray (2006), Fatimə (1832), Zeynəb (1159), Xədicə (1000), Fidan (838) adları olub. Ötən il də üstünlük təşkil edən adlar Yusif (2649) və Zəhra (2430) olub.
"Report.az" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə Azərbaycanda nə qədər təəccüblü olsa da, 4201 oğlana və 8 qıza Həsən adı verilib. İki qız uşağına isə Həsənağa adı qoyulub.
Eləcə də, son beş ildə 760 qıza, 7 oğlana Aygün, 172 oğlana, 4 qıza Səxavət, 288 oğlana və 3 qıza Ədalət, 2802 oğlana və 25 qıza Nurlan, 454 oğlana və 4 qıza Rövşən, 13 902 oğlana, 23 qıza Hüseyn, eyni zamanda, daha 23 qıza Məhəmməd, 20 minə yaxın qız uşağına, eləcə də 86 nəfər oğlan uşağına Zəhra adı verilib. Bu istinada inanmağım gəlmir, amma, əgər belə isə bu adları qoyanları da, onu qeydiyyata alan dövlət məmurunu da analamaq mənə çətindir.
Qeyd edək ki, son beş ildə Nizami, Füzuli, Nəsimi, Məhsəti kimi Azərbaycan şairlərinin adını heç kim övladına verməyib.
İndi təsəvvür edin ki, qız Məhəmmədin və oğlan Zəhranın toy mərasimidir. Tamada deyir ki: "Məhəmməd xanımla Zəhra bəyin toy mərasiminə yığışmışıq...". İlk əvvəl məclisdəkilər tamadanın çaşdığını zənn edəcəklər. Yaxud, homo, trans, bi... seksualların, yaxud lezbiyanların get-gedə artdığı bir zamanda oğlan, sevdiyinin Hüseyn olduğunu, yaxud qız, sevdiyinin Aygün adında olduğunu valideynlərinə söyləyincə onların ilk reaksiyasını təsəvvür edin!
Uşağa veriləcək adın onun həyat xəttində böyük bir əhəmiyyəti olduğunu düşünərək, öz dini inancımıza, mədəniyyətimizə, adət və ənənələrimizə uyğun və gözəl bir mənası olan adlar verməyə diqqət yetirməliyik. Adlar bəzən taleyə təsir edir. Ayrıca ad sahibi psixoloji olaraq həyatını fərqinə varmadan, adının daşıdığı məna istiqamətində istiqamətlənir.
Qoyulan gülünc ad həm sahibini, həm də onun gələcək övladını həmişə utandırır. Və bu bəyənilməyən adları qoyanlar "ənənəmizə uyğun olaraq" həmişə "ad qoyanın..." - deyə, söyülür, istər ad sahibinin özü, istərsə də ətraf tərəfindən.
Kombayn, Kolxoz, Samovar, Marks, Engels, İliç... kimi arxaik, yaxud sovet dönəmi üçün xarakterik olan adları, yaxud anlamsız xarici adları leksikonumuzdan çıxarmağa cəhd etdiyimiz halda, bu məsələdə problemlərimiz hələ çox olaraq qalır.

TƏQVİM / ARXİV