adalet.az header logo
  • Bakı 12°C
26 Dekabr 2012 01:16
27298
ƏDƏBİYYAT
A- A+

Şair Kələntər Kələntərlinin xatirəsinə

Əlimdə bir şəkil var, xatirələrlə dolu bir şəkil.Bu vaxti ilə mərhum şair Kələntər Kələntərli ilə çəkilən şəkildi. Xəstə idi. Ona baş çəkməli idim, odur ki, dostumla şairin yaşadığı "Yeni Bakı" massivinə gəldik. Avqust ayı idi, rayonların birinə dostumla bir neçə günlük istirahətə gedirdim.Bakını çıxmagımıza az qalmışdı,Masazır qəsəbəsində idik,ani olaraq Kələntər müəllimi görmək istədim. Dostumdan xahiş etdim ki,Kələntər müəllimlə görüşək, ona bir baş çəkək və sonra yolumuza davam edək. Şair bir az nasaz idi.

Bir neçə adamdan şairin evini soruşduq,kimisə axtardıgımızı görən bir qonşu bizə yaxınlaşıb,şairin hansı binada yaşadıgını lap dəqiqliyi ilə,hətta neçənci mərtəbədə qaldığını da dedi.

Mərtəbələri saya-saya pilləkənləri qalxdıq. Qapı açıq idi, amma nəzakət xətrinə qapını döydük. İçəridən şair biraz da xəstə-hal səslə "gəl" dedi.

İçəri daxil olduq,hal-əhval tutduq,haradan gəlib hara getdiyimizi də söylədim.Xoş gəlmisən, qardaşoglu, deyib bizə əyləşməyə yer göstərdi.Mənə şirin ləzgi ləhcəsiylə həmişə "qardaşoglu" deyirdi. Əyləşdik.Otagın bir güncündə böyük bir kitab rəfi var idi və bu rəfdə də zəngin kitabların oldugunu gördüm. Maşallah zəngin kitabxananız var,-dedim.Kələntər müəllim isə özünə məxsus bir cavab verdi,hələ bu gördüklərin mənim kitablarımın dörddə biridir.Hər dəfə mənzil dəyişəndə kitabları özümlə daşıya bilmirəm,çoxu it-bata düşüb.

Yeridir deyim ki, Kələntər müəllim uzun illər boyu kirayələrdə yaşayıb. Şəhərin neçə-neçə yerində kirayənişin qalıb. Hər yerdə də hörmət-izzət yiyəsi olub. Məhləyə daxil olanda hamı ayağa durub, hörmət ifadə eləyib.

İndi bu şəhərdən uzaq yerdə təzə binada məskun olduğu mənzili ona yerlisi, jurnalist, iş adamı Etibar Sturvia bağışlayıb. Şəraiti də pis deyil. Buna görə də Etibar müəllimə sağ olsun deyirik. Şairin bu qoca, xəstə çağında ona əl tutub, qulluğunda durub. Başqa məişət qayğılarını da çəkib. İşlədiyi Teleradio QSC şairdən diqqətini heç vaxt əsirgəməyib, o, şəxsən bir rəhbər kimi Arif Alışanovdan həmişə razılığını ifadə eləyib.

Söhbətimiz kitablardan başladı,söhbət əsnasında ondan dostum üçün bir kitabını istədi.Evdə kitabın olmadığını dedi,lakin sagalım dostuna sənin vasitənlə yollayaram.Sagliq olsun,- dedim.

Balaca otaqda şairin radiosu gözumdən yayınmadı, yarızarafatla dedim Kələntər müəllim radionuz varsa demək hər şey qaydasındadı, cavabı isə belə oldu: "radiom 24 saat işləyir, onsuz bir anım yoxdu, özümü radioyaya elə öyrətmişəm ki..."

Radio demişkən,mən Kələntər müəllimi bir yaradıcı adam kimi radiodan taniyiram, yəni radioya işə gəldiyim vaxtdan. Əmək fəaliyyətimə başlayanda ilk xeyir-duamı da ondan almışam. Kələntər Kələntərlini atamın dostu, evimizin qonagı kimi isə lap uşaqlığımdan tanıyıram. Bir dəfə də onunla Dərbənddə toyda olmuşuq,onda yaşım az idi. Şairin kimliyini o vaxtlar bir o qədər də anlamırdım və heç vaxt da aglıma gətirməzdim ki, illər sonra mən bu ağsaqqal, nurani adamla bir kollektivdə işləyəcəm və yaxud onunla səmimi münasibətdə olacam.

Onun haqqında o vaxtkı təəssüratım belədir. Bakıdan Dərbəndə gedənə kimi yolda onu kim görürdüsə saxlayıb hal-əhval tuturdu. Vaxtı ilə Dərbənddə toyda çəkdirdiyimiz şəkil də bu gün mənim arxivimdədi, o şəkilə baxanda o illəri xatırlayıram. Dərbənddə iştirak etdiyimiz toy bir video lenti kimi gözlərim önündən keçir.

Bayaq qeyd etdim ki, Kələntər müəllimdən iş əmək fəaliyyətimə başlayanda xeyir-dua almışam. İşə təzə başladıgım vaxtlar idi. Əməkdaşı oldugum "Xalq yaradıcılığı" redaksiyasına gəlmişdi. Redaksiyanın bütün əməkdaşları da onun xətrini çox istəyirdi. O ərəfələrdə də ilk verilişim efirə getmişdi. Söylədi ki, verilişini dinlədim, bu mərtəbəyə də ona görə qalxdım ki, sənə bir daha uğurlar olsun, - deyim. Sözün düzü, redaksiyanın ən gənc əməkdaşı kimi bu müdrik, ustad şairdən, qocaman radio işçisindən xoş sözlər eşitmək mənə bir qol-qanad verirdi. Düşünürdüm ki, nə vaxtsa ondan bir müsahibə alaram, ancaq onunla müsahibəyə hazırlıqlı olmağı da qarşıma məqsəd qoymuşdum, çünki o radio-televiziya işini mükəmməl bilirdi, düşünürdüm ki, onunla hazırlıqsız həmsöhbət olsam müəyyən səhvlərə yol verərəm. Özümdən özüm üçün bir az da vaxt istədim. Bu vaxt ərzində də yaradıcılığı ilə daha da yaxşı tanış olmağıma qərar verdim.

İllər keçdi, dörd ildən sonra müsahibə almaq üçün ona zəng etdim, hal-ehval tutandan sonra verilişimə dəvət etdiyimi söylədim, dəvətimi qəbul edib məmnunluqla sabah gələcəyini dedi.

Səhərisi günü görüşümüz baş tutdu. O, vaxtından qabaq gəlmişdi. Həmişə oldugi kimi bu dəfə də Kələntər Kələntərli özünəməxsus səliqəli geyimdə idi. O, hər mövsümdə zövqlə və səliqəylə geyinərdi. Cibində gəzdirdiyi daraqla da əlverişli şəraitdə saçını darayardı. Əlində də həmişə balaca bir çanta gəzdirərdi.

Geyim insanın bütün xarakterini ifadə eləyir, hər kəsi yaxından tanımayan adam insanın geyiminə baxıb, xarakterini müəyyənləşdirə bilər. Qəribə bir deyim də var, insanı geyiminə görə qarşılar, ağlına görə yola salarlar.

Deyirlər söz vaxtına çəkər; doğurdan belədir. Bu il isə ondan aldığım radio müsahibənin iki yaşi olur. Nə yaxşı ki, vaxtında onun səsini lentin yaddaşına köcürə bildim. Bəzən adama elə gəlir ki, hələ qabaqda vaxt çoxdu, hər şeyi yerbəyer eləməyə vaxt çatacaq, tələsməmək də olar. Ancaq sən saydığını say.

Kələntər Kələntərli enişli-yoxuşlu, ağrılı-acılı bir həyat yaşayıb. Lap körpəliyindən atasını itirib, ailənin yükü üzərinə düşdüyünə görə azyaşlı vaxtında bazarda tənbəki satıb, ailənin müəyyən ehtiyaclarını ödəyib. Lakin heç vaxtı həyata baxışları dəyişməyib, həyat eşqindən uzaq düşməyib, daim yazıb ,yaradıb. Görünür onun qarşılaşdıgı çətinliklər həmişə ona mübariz olmağı aşılayıb. Əslində elə həyatın fəlsəfəsi də budur.

Müsahibə zamanı ondan istədiyim suallara cavab aldım, ancaq gördüyü yaxşılıqları, qənşərinə çıxan xeyirxah adamları heç vaxt unutmadığını söylədi. Səməd Vurğuna rast gəlməsəydim Sayat nənəmin nağıllarını, söylədiyi bayatıları, əzbərlətdiyi şeirlərı yaddaşımdan silib atacayqdım, dedi.

Danışdıqca kövrəlirdi, yadına tez-tez rəhmətlik Sayat nənəsini salırdı və dəfələrlə də nənələr qənimət olur deyirdi. Axır vaxtlar nənəsini yuxusunda tez-tez gördüyünü də söyləmişdi.

Söhbətimiz əsnasında doğulduğu yurddan da söz düşdü, yurda baglılığından, yurd canlılığından da danışdı. Hətta yarızarafatla dedi: "Sudur kəndi Amerikanın ştatları kimidi. Hər məhləsi bir obadı, gör neçə yerə bölünüb, mən də Güney deyilen yerdə doğulmuşam. İndi o sakinlər dünyanın hər yerinə səpələnib".

Noyabr ayının 22-si idi, atam axşam evə gec gəldi. Kədərli və yorğun görünürdü, bir az da kövrək səslə: "Kələntər müəllim rəhmətə gedib, orada idik, - dedi, səhər tezdən də Qusara dəfnə getməliyik. Allah rəhmət eləsin.

Dəqiq bilirdim ki, Kələntər müəllim Qusar rayonun Sudur kəndindən idi.t Axı bayaq qeyd etdim ki, vaxtı ilə aldığım radio müsahibədə o doğulduğu,boya-başa çatdıgı kəndindən danışmışdı. O kənd Şah dağının qoynunda, ucalığında yerləşir.

Noyabr ayının 23-ü isə onu doğma Suduru gözləyirdi. Bu dəfə torpaqla əbədi görüşə gedirdi, onu qara torpaq qoynuna alacaqdı. Həmin gün vaxta uyğun olmayan bir rüzigar olub, Günəş dağları isidibmiş, şairin gəlişini qarşılamaq üçün. Amma kəndliləri deyib ki, dünən dağlar qan ağlayırdı. Eşitdim ki, şairi Küzün kəndində anasının yanında dəfn eləyiblər. Vəsiyyət edibmiş.

Şairin ölüm xəbəri məni sarsıtmışdı. Bir xeyli bu həyatsevər insanın, böyük şairin ölümünü qəbul edə bilmədim. Düzü, bu ölümə inanmağım gəlmədi. Həyat eşqi böyük olan bu adamın ölümü elə bil ki, zarafat idi...g

Mən onun duzlu, koloritli söhbətlərini çox eşitmişəm, radioya çox bağlı idi. Bütün verilişlərimizi dinləyirdi. Müsbət işlərimiz onu uşaq kimi sevindirdi. "Bulağın" ən sədaqətli dinləyicisi idi. Dilin qatlarını və qaynaqlarını bildiyi üçün Bulağın vurğunuydu. Atamla tez-tez maraqlı söhbətləri olurdu: "Tahir Talıblı, bu sözləri hardan tapırsan", -deyirdi.

Onun şairliyi qədimlərdən gəlmişdi. Azərbaycan ədəbiyyatının dəyərlərini tam mənimsəmişdi. Dünya ədəbiyyatını yaxşı bilirdi. Oxumadığı əsər az olardı.

Azərbaycan xalq poeziyasını əzbər bilirdi. Şeirləri Azərbaycan dilində doğulsa da ləzgicə yazmağı da unutmurdu. Çoxlu kitablar müəllifi oldu. Nə yaxşı ki, səkkiz cildliyi işıq üzü gördü. Hələ çapını gözləyən çoxlu əsərləri durur.

Onun Azərbaycan yazıçılarının həyatından, yaradıcılığından yazdığı memuarlar xüsusi diqqətə layiq əsərlərdi.

Allah rəhmət eləsin.

Savalan Talıblı